Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-102/2021 30.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən е t d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 01 yanvar 2010-cu il təvəllüdlü X7 və 20 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa 175 manat olmaqla, cəmi birlikdə 350 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 29 mart 2009-cu il tarixdə nikah daxil olubdur. Birgə nikahlarından 01 yanvar 2010-cu il təvəllüdlü X7 və 20 fevral 2011-ci il təvəllüdlü X5 adlı iki övladları olubdur. Cavabdeh ilə evləndiyi gündən onunla normal yola getməyiblər, bu səbəbdən də 08 oktyabr 2015-ci ildə ayrılıblar. Cavabdeh tərəfindən təyin edilən aliment uşaqların tələbatını ödəmədiyi üçün, o məcbur qalıb 2017-ci ildə uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət edibdir və Şahbuz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə övladları X4 və X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ataları Cavabdeh ayda 160 (bir yüz altmış) manat sabit pul məbləği olan aliment pulu alınıb ona verilməsi qət edilibdir. Həmin qətnamədən apellyasiya şikayəti veribdir və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanılması üçün aylıq 95 manat olmaqla iki uşağa görə hər ay 190 manat müəyyən edilibdir. Həmin müddətdən sonra uşaqları böyüyüb, övladları məktəblidir və onların məktəbli ləvazimatlarına ehtiyacları artır, cavabdehin isə ödədiyi aliment uşaqlarının tələbatlarını qarşılamır. Uşaqlarının əlavə xərcləri var, cavabdeh isə hər bir uşaq üçün 95 manat aliment ödəyir bu isə uşaqlarının saxlanılması üçün azdır, ona görə də uşaqlarına təyin edilən alimentin artırılmasını istəyir, çünki təyin edilən aliment uşaqlarının tələbatlarını ödəmir, o özü əvvəllər işləyib uşaqlarının tələbatlarını çətinliklə olsa da qarşılayıbdır, lakin hal-hazırda o ikinci evliliyindən hamilə olduğu üçün işləyə bilmir, bu səbəbdən də məcbur qalıb alimentin artırılması üçün məhkəməyə müraciət edibdir, əlavə olaraq İddiaçı bildirdi ki, cavabdehin maddi vəziyyətini və himayəsində yeni evliliyindən iki uşağın olmasını nəzərə alaraq cavabdehdən hər ay uşaqlarının saxlanılması bir uşağa 130 manat olmaqla, iki uşağa görə 260 manat aliment tutulmasına etiraz etmir, bu barədə o məhkəməyə ərizə də təqdim edibdir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o cavabdehin gəlirləri barədə məhkəməyə hər-hansı bir sübut təqdim edə bilmir, hər iki övladı onunla birlikdə yaşayır, cavabdeh isə onlara alimentdən əlavə heç bir maddi yardım etmir, cavabdehin şəxsi avtomobili vardır, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və yaxşı qazanc əldə edir, lakin onda məhkəməyə həmin halları təsdiq edəcək hər-hansı bir sübut yoxdur, hər bir uşaq üçün 130 manat olmaqla, iki uşağa görə 260 manat aliment təyin edilməsinə etiraz etmir. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirdimişdir ki, İddiaçı ilə 2009-cu ildə ailə qurduğunu, onların birgə nikahlarından Sadik və Yağmur adlı övladlarının doğulduğunu, iddiaçı ilə 2015-ci ildən ayrıldığını, həmin vaxtdan iddiaçının bir neçə dəfə alimentin artırılması barədə məhkəməyə verdiyini, sonuncu dəfə iddiaçı alimentin artırılması barədə iddiası nəticəsində hər uşaq üçün 95 manat olmaqla, iki uşağa görə 190 manat aliment müəyyən edildiyini, onun iddiaçının dediyi kimi maddi vəziyyətinin yaxşı olmadığını, ikinci dəfə ailə qurduğunu və bu evlilikdən bir qız və bir oğlan övladının doğulduğunu, oğlu Turqayın beş, qızı Gülayın isə yeddi yaşı olduğunu, qızının 1-ci sinfə getdiyini, hal-hazırda şəxsi avtomobili ilə qeyrirəsmi taksi fəaliyyəti ilə məşğul olduğunu, taksi fəaliyyəti ilə qeyri-rəsmi məşğul olduğu üçün gəlirinin də az olduğunu, hər ay 190 manat alimenti vaxtı-vaxtında ödədiyini, əlavə olaraq yeni evliliyindən iki uşağının tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, iddiaçının tələb etdiyi 350 manat alimenti maddi cəhətdən imkanının olmadığı üçün ödəyə bilməyəcəyini, bir uşağın saxlanması üçün aylıq 100 manat olmaqla iki uşağa görə aylıq 200 manat aliment ödəməyə imkanının olduğunu, qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə Şahbuz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(090)-284/2017 nömrəli qətnaməsi alimentin miqdarına dair hissədə dəyişdirilərək aliment məbləği bir uşağın saxlanması üçün aylıq 95 (doxsan beş) manat olmaqla iki uşağa görə hər ay 190 (bir yüz doxsan) manat müəyyən edilməsi qət edilibdir. İş materiallarında olan Şahbuz rayon Y.Qışlaq K.İ.N tərəfindən verilmiş AZ-İV seriyalı 168830 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 01 yanvar 2010-cu tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Y.Qışlaq K.İ.N tərəfindən verilmiş AZ-İV seriyalı 168832 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 20 fevral 2011-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 yanvar 2010-cu tarixdə doğulmuş X7 və 20 fevral 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları 01 yanvar 2010-cu il tarixdə doğulmuş X7 və 20 fevral 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 95 (doxsan beş) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının hamiləliyini nəzərə alaraq onun maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Şahbuz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(090)-284/2017 nömrəli qətnaməsi alimentin miqdarına dair hissədə dəyişdirilərək aliment məbləği bir uşağın saxlanması üçün aylıq 95 (doxsan beş) manat olmaqla iki uşağa görə hər ay 190 (bir yüz doxsan) manat müəyyən edilməsi qət edilibdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin İddiaçı 01 yanvar 2010-cu tarixdə doğulmuş X7 və 20 fevral 2011-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər uşaq üçün 130 manat alimentin təyin edilməsinə etirazının olmaması barədə ərizələrini nəzərə almışdır. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 yanvar 2010-cu tarixdə doğulmuş X7 və 20 fevral 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 22,30 (iyirmi iki manat, 30 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin olunsun. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh 01 yanvar 2010-cu tarixdə doğulmuş X7 və 20 fevral 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 22,30 (iyirmi iki manat, 30 qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-102/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-102/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver