Məhkəmə qərarları › İş №2(090)-106/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-106/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-106/2020 05.08.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X6 “ABC Telekom” X3 Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: “ABC Telekom” X5 xx xxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********51864 olan LG K4 X markalı telefon üçün 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat borc, 20 manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi . İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC Telekom” X2 xx xxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51864 olan LG K4 X markalı telefon almış və nəticədə 167 (bir yüz altmış yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (24 ay x 19 manat) təşkil edən İMEİ kodu **********51864 olan LG K4 X markalı telefon üçün ümumilikdə 167 (bir yüz altmış yeddi) manat olmaqla, ondan 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə (0.19 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunması nəticəsində 15 (on beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 304 manat təşkil edir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı işə məhkəməyə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılması ilə bağlı müraciət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə həmin icraat formasında baxılmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Şahbuz rayonu, Külüs kəndində rəsmi qeydiyyatdadır. Həmçinin iddiaçının ərizəsində cavabdehin faktiki yaşayış yeri kimi ünvan 1 ünvanı qeyd edilmişdi. Cavabdeh mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(090)-106/2020 nömrəli qərardadının surəti və xx xxxx 2020-ci il tarixli, 2(090)- 106/2020 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. Məhkəmə onu da bildirir ki, qeyd edilən məhkəmə sənədləri cavabdehin hər iki ünvanına göndərilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxx 2020-ci il tarixli 2(090)-106/2020 nömrəli qərardadda da Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Cavabdehin Şahbuz rayonu, Külüs kəndinə göndərilmiş məhkəmə sənədləri rabitə orqanı tərəfindən onun həmin ünvanda yaşaması səbəbindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Şahbuz Rayon İcra Hakimiyyətinin Külüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Məhkəmə iş üzrə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı “ABC Telekom” X5 arasında xx xxx 2018-ci ildə 00138990 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən “ABC Telekom” X5 özünə məxsus olan əşyanı, yəni İMEİ kodu **********51864 olan LG K4 X markalı telefonu Cavabdeh verir, cavabdeh isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir; -həmin müqavilənin 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra “ABC Telekom” X5 malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; -həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -müqavilənin qüvvədə olma müddəti isə həmin müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, həmin maddəyə əsasən müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; -bundan əlavə müqaviləyə edilmiş əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 00138990 nömrəli müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən “ödəniş cədvəli” üzrə müştəri xx xxxx 2018-ci ildən başlayaraq 24 ay ərzində “ABC Telekom” X4 hər ay 19 (on doqquz) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmadan da aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərə bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddia ərizəsinə əlavə edilmiş xx xxx 2018-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək İMEİ kodu **********51864 olan LG K4 X markalı telefonu cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş “ABC Telekom” X5 tərəfindən ona göndərilmiş xx xxxxxxxx 2018-ci il tarixli, xəbərdarlıq məktubundan onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqaviləyə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavənin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC Telekom” X3 müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 46 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun və cərimənin miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə cəmi 304 (üç yüz dörd) manat ödəniş etmiş və hazırda onun iddiaçıya 167 (bir yüz altmış yeddi) manat ödənilməmiş öhdəliyi mövcuddur. Bunun isə 152 (bir yüz əlli iki) manat məbləğini müqavilə üzrə ödənilməmiş hissə, 15 (on beş) manat məbləğini isə cərimə təşkil edir. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - xx xxx 2018-ci il tarixli, 00138990 nömrəli müqavilə üzrə 152 (bir yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə, 15 (on beş) manat məbləğində isə cərimə borcu olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat məbləğində borc Cavabdeh alınaraq “ABC Telekom” X4 verilməli; - həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı “ABC Telekom” X4 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxx 2018-ci il tarixli, 00138990 nömrəli müqavilə üzrə 152 (bir yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə və 15 (on beş) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat məbləğində borc Cavabdeh alınaraq “ABC Telekom” X4 verilsin. Həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı “ABC Telekom” X4 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar