Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-109/2020 23.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatının nümayəndəsi X3 iştirakı ilə, «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı xx xxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət 9296.11 (doqquz min iki yüz doxsan altı manat, on bir qəpik) manat əsas, 2241 (iki min iki yüz qırx bir) manat faiz, 202,93 (iki yüz iki manat, doxsan üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 11740.04 (on bir min yeddi yüz qırx manat, dörd qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı xeyrinə tutulması barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, “Finca Azerbaijan” X4-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 25 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilib. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 537 (beş yüz otuz yeddi) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılıb. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdu. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. xx xxxxx 2020-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 9296.11 (doqquz min iki yüz doxsan altı manat, on bir qəpik) manat, faiz borcuna görə 2241 (iki min iki yüz qırx bir) manat, cərimə borcuna görə 202,93 (iki yüz iki manat, doxsan üç qəpik) manat, cəmi isə 11740.04 (on bir min yeddi yüz qırx manat, dörd qəpik) manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdi. İddiaçı «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatının nümayəndəsi X6 məhkəmədə verdiyi izahatında bank ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu ildə kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə iki il müddətinə illik 25 faiz olmaqla on min manat məbləğində kredit verdiyini, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı üsulu kimi Cavabdeh2 Həsənağa qızı ilə bank arasında zaminlik müqaviləsi bağlandığını, əsas borclunun üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, 2019-cu ildən ödəniş etmədiyini, bununla bağlı bank tərəfindən dəfələrlə onlara xəbərdarlıq edildiyini, koronovirus pandemiyasının yayılması ilə əlaqədar olaraq bank tərəfindən 2020-ci ilin mart-sentyabr ayları ərzində müştərilərə ödəmələrdə güzəştlər olunduğunu, bununla bağlı olaraq güzəştlərin tətbiq oluna biləcəyi barədə iddiaçı təşkilatın müştərilərə sms göndərildiyini, həmçinin zəng edilərək məlumatlandırıldıqlarını, lakin Cavabdeh1 və Cavabdeh2 banka müraciət etmədiyini, cavabdehlərin həmin güzəşt şamil olunduğu şəxslər dairəsinə düşməməsinə baxmayaraq onlar tərəfindən banka müraciət etdikləri halda ödəmələrdə güzəştlər oluna biləcəyini qeyd edərək yekunda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, “FİNCA Azerbaijan” X4bank kredit təşkilatı ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit, Cavabdeh2 ilə isə eyni tarixli və **********0***-******* nömrəli zaminlik müqavilələrinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıdan illik 25 faizlə 24 ay müddətində 10.000 (on min) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsindən “FİNCA Azerbaijan” X4-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında sonuncu tərəfindən Cavabdeh1 illik 25 faizlə 24 ay müddətində 10.000 (on min) manat kredit verilməsi barədə razılığa gəlmələri; - iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən “FİNCA Azerbaijan” X4-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin kredit götürən tərəfin icra edilməsinin təminatı üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinitələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmə iclasında tədqiq olunmuş digər yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahbuz rayonu, Daylaqlı kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla iddia ərizəsi, iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında xx xxxx 2020-ci il tarixli, 2(090)- 109/2020 nömrəli qərardadın surətini, həmçinin eyni tarixli, nömrəli məhkəmə bildirişini cavabdehlərin qeyd edilən ünvanına göndərilsə də, göndərilmiş məhkəmə sənədləri cavabdehlərin köçməsi səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Şahbuz Rayon İcra Hakimiyyətinin Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Bundan əlavə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehlərə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə mobil telefon nömrələrinə SMS göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə cavabdehlərin nəzərinə çatdırır ki, həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsi, həm də “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş «“FİNCA Azerbaijan” X4-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər; -müqavilənin 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 10000 manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 25 faiz hesablanır; - həmçinin qeyd edilən müqavilənin 1.3-1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 2 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan "X2" (bundan sonra "Ödəniş cədvəli") müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulur; - müqavilənin 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir; - 2.1 və 2.1.4-cü bəndlərdən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal, qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur: - həmçinin qeyd edilən müqavilənin 3.2, 3.2.1-3.2.2-ci bəndlərinə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir; - müqavilənin 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab edilir; - müqavilənin 4.4-cü bəndindən isə görünür ki, kredit alan ödənişləri kredit verənin hesabına “e-pul” onlayn ödəniş xidməti vasitəsi ilə, “Milli ön” və “E-Manat” ödəmə terminalları, partnyor bankların (Kapital Bank, ABB) aidiyyəti filialları və “Azərpoçt” poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə kredit verən heç bir məsuliyyət daşımır; - müqavilənin 6.1-ci bəndlərinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli Fincard kredit vermə qəbzi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda “FİNCA Azerbaijan” X4-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 qarşı olan borcun tutulmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinin hüquqi həllindən öncə “FİNCA Azerbaijan” X4-bank kredit təşkilatının Cavabdeh2 qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “FİNCA Azerbaijan” X4-bank kredit təşkilatının Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib; - müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən zamin xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 10000 (on min) məbləğində pul vəsaitini illik 25 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyır. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - həmçinin zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatının Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan 703,89 (yeddi yüz üç manat, səksən doqquz qəpik) manat, faiz borcundan 647 (altı yüz qırx yeddi) manat, cərimə borcundan isə 139,11 (bir yüz otuz doqquz manat, on bir qəpik) manat ödəməsi qeyd edilib. Həmçinin həmin arayışdan aydın olur ki, Cavabdeh1 «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatına 9296.11 (doqquz min iki yüz doxsan altı manat, on bir qəpik) manat əsas və 2241 (iki min iki yüz qırx bir) manat faiz borcu var. İddiaçının cavabdehlərə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehlərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-5.2-ci bəndlərinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Müqavilə üzrə dəbbə pulunun tutulması, müqavilənin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbini istisna etmir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehlərə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli maliyyə arayışında onun 202,93 (iki yüz iki manat, doxsan üç qəpik) manat olması öz əksini tapıb. İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsinin 6-cı və xx xxxxxx 2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi 2-ci bəndlərindən isə aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsi üzrə 9296.11 (doqquz min iki yüz doxsan altı manat, on bir qəpik) manat əsas borc, 2241 (iki min iki yüz qırx bir) manat faiz borcu, 202,93 (iki yüz iki manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 11740.04 (on bir min yeddi yüz qırx manat, dörd qəpik) manat məbləğində pul iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatına ödənilməli; -həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. xx xxxxxx 2019-cu il tarixli, **********0995 nömrəli kredit müqaviləsi üzrə 9296.11 (doqquz min iki yüz doxsan altı manat, on bir qəpik) manat əsas borc, 2241 (iki min iki yüz qırx bir) manat faiz borcu, 202,93 (iki yüz iki manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 11740.04 (on bir min yeddi yüz qırx manat, dörd qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatına ödənilsin. Həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» X4-bank kredit təşkilatı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-109/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-109/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver