Məhkəmə qərarları › İş №2(090)-126/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-126/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-126/2020 18.11.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxxxx 2014-cü ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 1344 (bir min üç yüz qırx dörd) manat məbləğində əsas borc, 437 (dörd yüz otuz yeddi) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1781 (bir min yeddi yüz səksən bir) manat məbləğində borcun və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, “Sunny Electronics” mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixində 12966 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borclu aldığı malın dəyərini 12 (on iki) ay ərzində ödəməli olduğu halda bunu təmin etməmiş və həmin müqavilənin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh 1344 (bir min üç yüz qırx dörd) manat məbləğində əsas borc, 437 (dörd yüz otuz yeddi) manat məbləğində cərimə, ümumilikdə 1781 (bir min yeddi yüz səksən bir) manat borcu yaranmışdır. Borcluya pulu ödəməsi barədə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(090)-191/2014 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilməklə, Şahbuz rayonu, Mahmudoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr, Naxçıvanski küçəsi 88, ev 89-da yaşayan Cavabdeh 1344 (bir min üç yüz qırx dörd) manat əsas borc, 437 (dörd yüz otuz yeddi) manat məbləğində cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun, ümumilikdə isə 1802 (bir min səkkiz yüz iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci ildə məhkəmə əmri üzrə tələbə etiraz etmiş və bunu əsaslandıraraq Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli məhkəmə əmri ilə 1782 manat məbləğində pul məbləğinin və 20 manat dövlət rüsumunun ondan kreditorun xeyrinə tutulmasının əmr edildiyini, məhkəmə əmrinə etiraz etdiyini, onun ləğv edilməsini, materialların Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsini xahiş etdiyini, kreditora borcunun ödədiyini, ona borcunun olmadığını, ödəniş etdiyi halda 2014-cü ildə verilmiş məhkəmə əmrinin 2020-ci ildə icraata yönəldilməsi səbəbləri onun üçün maraqlı olduğunu, xx xxxxxxxx 2014-cü il tarixli, 2(090)-191/2014 nömrəli məhkəmə əmrin rəsmi olaraq almadığını, bu barədə telefonla Şahbuz Rayon Məhkəməsi ilə əlaqə saxladığını, həmin əmrin artıq məhkəmədə olmadığı, Şahbuz Rayon Arxiv İdarəsinə verildiyi ona bildirdiklərini, Bakı şəhəri,Sabunçu Rayon İcra və Probasiya şöbəsindən xx xxxx 2020-ci il tarixdə ona icraata başlanma barədə qərar olması barədə məlumat verildiyini, buna görə də bu əmrə etiraz etmə müddətinin xx xxxx 2020-ci il tarixdən hesablanmalı olduğunu qeyd etmişdi. Tələbə dair etirazın araşdırılması zamanı məhkəmə mülki iş materiallarını və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsindən tərəfindən toplanmış 127 və 20 nömrəli icra işlərini tədqiq edilmiş, borcluya Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(090)- 191/2014 nömrəli məhkəmə əmrinin rəsmi qaydada verilməsi, ümumiyyətlə onun həmin əmrin icrası barədə məlumatının olması öz təsdiqini tapdığından məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(090)-191/2014 nömrəli məhkəmə əmri ləğv edilərək mülki iş Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq əmr icraatından iddia icraatına keçirilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı 20 avqust və xx xxxxxxxx 2020-ci il tarixli ərizələrlə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü ildə 12966 nömrəli alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının 1344 (bir min üç yüz qırx dörd) manat dəyərində Apple İphone 5S 16GB markalı mobil telefonu cavabdehin mülkiyyətinə verməsi, sonuncunun isə həmin əşyanın dəyərini 12 ay müddətinə İddiaçı ödəməsi barədə tərəflər arasında razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halların mübahisəsiz olması ərizəyə və eyni zamanda mülki materiallarına əlavə xx xxxxxx 2013-cü il tarixli, 12966 nömrəli alqı-satqı müqaviləsi ilə öz təsdiqini tapır. İddiaçının Cavabdeh borcun qaytarılması tələb etməsi, cavabdehin isə həmin borcunu ödəməsini bildirərək buna etiraz etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən təsdiq etdiyindən onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, CavabdehŞahbuz rayonu, Mahmudoba kəndində rəsmi qeydiyyatdadır. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubla iddia ərizəsi cavabdehə göndərilmiş onun həmin ünvanda yaşaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Şahbuz Rayon İcra Hakimiyyətinin Mahmudoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş üzrə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdehilə İddiaçı arasında xx xxxxxx 2013-cü il tarixli, 12966 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə və ona edilmiş əlavə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə onlar razılığa gəlmişlər: -müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqaviləyə əlavədə göstərilmiş malı, yəni Apple İphone 5S 16GB markalı mobil telefonu alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul etməyi və 1344 (bir min üç yüz qırx dörd) manat məbləği ödəməyi öhdəsinə götürür; -müqavilənin 2.1 və 2.2-ci bəndlərindən məlum olur ki, alıcı 0.00 (sıfır) manat məbləği qabaqcadan ödəməli və satıcı bu ödəniş həyata keçirildikdən sonra malları alıcıya təhvil verməli; -qeyd edilən müqavilənin 2.3-cü bəndinə görə isə alıcı malları qəbul etdikdən sonra qalan 1344 (bir min üç yüz qırx dörd) manat məbləği hissə-hissə 12 (on iki) ay müddətində hər ay ayın 24-nə kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürür və ödəniş cədvəli müqaviləyə əlavə olunur; -bundan əlavə müqavilənin 5.3-cü bəndindən müəyyən olunur ki, həmin müqavilə tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehin mülkiyyətinə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyin tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdehin məhkəmə əmrində qeyd edilən tələbə dair verdiyi etirazdan müəyyən olur ki, iddiaçı müqavilə üzrə onun üzərinə düşən öhdəliyi icra etmiş və müqavilədə göstərilən əşyanı cavabdehə təhvil vermişdir. İddiaçının müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməsi ilə bağlı sübuta yetirildiyindən, həmin müqavilə üzrə öhdəliyini icra etməsi, yəni malların dəyərini hissə-hissə olaraq tam ödəməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsə və Cavabdeh məhkəmə əmrində qeyd edilən tələbə dair verdiyi etirazda İddiaçı olan borcunu ödədiyini qeyd etsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qanunvericiliyin normasında da aydın olur ki, borclunun öz öhdəliyini icra etməsi üsulunu seçmək hüququ iddiaçıya məxsusdur və o, bu hüququnu verilmiş əşyanın ödənilməsini istiqamətində seçmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli, 12966 nömrəli alqı-satqı müqaviləsinin 5.3-cü bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2014-cü il tarixli maliyyə arayışından cavabdehin iddiaçıya müqavilə üzrə 1344 (bir min üç yüz qırx dörd) manat məbləğində əsas borcunun olması müəyyən olunur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 2.4 və 2.5-ci bəndləri ilə müəyyən edilir ki, alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2(iki) faizi miqdarında əlavə məbləğ və son ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 4 (dörd) faizi miqdarında əlavə məbləğ ödəməyi öhdəsinə götürürməsi barəsində tərəflər razılığa gəlmişlər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materialarına əlavə edilmiş xx xxxxxxxx 2014-cü il tarixli maliyyə arayışında cavabdehin müqavilə üzrə müqavilə üzrə 437 (dörd yüz otuz yeddi) manat cərimə borcunun olması qeyd edilir. Həmçinin iş materiallarından o da müəyyən edilir ki, tərəflər arşında xx xxxxxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı isə məhkəməyə 2014-cü ilin sentyabr ayında müraciət etmiş, yəni sonuncu qısa müddət üçün (doqquz aylıq) cavabdehdən 437 (dörd yüz otuz yeddi) manat məbləğində cərimə tələb etmişdi. İddiaçının tələbdən aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, tələb edilən əsas borcun10 faizi, yəni 134 (bir yüz otuz dörd) manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi) manat 90 (doxsan) qəpik miqdarı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - xx xxxxxx 2013-cü il tarixli, 12966 nömrəli alqı-satqı müqaviləsi üzrə1344 (bir min üç yüz qırx dörd) manat əsas, 134 (bir yüz otuz dörd) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçı verilməli; -həmçinin Cavabdeh 24 (iyirmi) manat 90 (doxsan) qəpikmiqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2013-cü il tarixli, 12966 nömrəli alqı-satqı müqaviləsi üzrə1344 (bir min üç yüz qırx dörd) manat əsas, 134 (bir yüz otuz dörd) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçı verilsin. Həmçinin Cavabdeh 24 (iyirmi) manat 90 (doxsan) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar