Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-128/2020 25.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X1 İddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı X5 xx xxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə bank arasında bağlanılmış xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə422.44 (dörd yüz iyirmi iki manat, qırx dörd qəpik) manat əsas borc, 28 (iyirmi səkkiz) manat faiz borcu, ümumilikdə isə 450.44 (dörd yüz əlli manat, qırx dörd qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 20,40 (iyirmi manat, qırx qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh şəxsi istehlak məqsədləri üçün 17 (on yeddi) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1000 (bir min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı X5 ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx xxxx 2020-ci il tarixinə əsas borcu 422.44 (dörd yüz iyirmi iki manat, qırx dörd qəpik) manat, faiz borcu 28 (iyirmi səkkiz) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, xx xxxxx 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, qeyd edilən Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş iddiaçı tərəfindən təqdim edilən yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Şahbuz rayonu, Şahbuzkənd kəndində rəsmi qeydiyyatdadır. Cavabdeh mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(090)-128/2020 nömrəli qərardadının surəti və xx xxxxxx 2020-ci il tarixli, 2(090)-128/2020 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. İş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən yuxarıda qeyd edilən məhkəmə sənədlərinin cavabdehə xx xxxxxx 2020-ci ildə təqdim edilməsi aydın olur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, 2(090)-128/2020 nömrəli qərardadda da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Mülki işin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ondan yaranmış borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdi. İddiaçının tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə hesab edir ki, İddiaçı X5 xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin ləğv edilməsi tələbini cavabdehin müqavilə üzrə əsas borcunun yerinə yetirməməsi ilə əsaslandırıldığından, yəni bu tələb cavabdehin müqavilə üzrə əsas borcunun yerinə yetirməməsinin sübut edilib-edilməməsindən asılı olduğundan, ilk olaraq İddiaçı X2 cavabdehə qarşı olan kredit müqaviləsi üzrə borcun qaytarılması məsələsinə hüquqi aydınlıq gətirməlidir. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı X5 ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - “Müqavilənin predmeti” adlanan 1-ci bəndinə görə İddiaçı X5 Cavabdeh şəxsi istehlak məqsədi 17 (on yeddi) ay müddətinə və illik 20% (iyirmi) faiz hesablanması şərti ilə 1000 (bir min) manat məbləğində kredit verir və hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə pulu hesablanır. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh xx xxx 2019-cu ildən başlamaqla İddiaçı X3 xx xxxxxx 2020-ci il tarixədək hər ay 68,04 (altmış səkkiz manat, dörd qəpik) manat və sonuncu ay isə, yəni 2020-ci ilin sentyabr ayının 18-dək 67,95 (altmış yeddi manat, doxsan beş qəpik) manat ödəməyi öhdəsinə götürüb. Həm qeyd edilən maddi hüquq normasından, həm də yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli FJB**********342 nömrəli kassa məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı X5 ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Bundan əlavə İddiaçı X5 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli, xx/xx-1493 nömrəli xəbərdarlıqdan cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 5 gün müddət müəyyən olunması müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş 411693 nömrəli yol qaiməsinin surətindən isə müəyyən olunur ki, həmin xəbərdarlıq Cavabdeh çatdırılmışdı. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışında Cavabdehİddiaçı X3 əsas borcdan 577,56 (beş yüz yetmiş yeddi manat, əlli altı qəpik) manat, faiz borcundan isə 135,44 (bir yüz otuz beş manat, qırx dörd qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 422.44 (dörd yüz iyirmi iki manat, qırx dörd qəpik) manat məbləğində əsas borcu, 28 (iyirmi səkkiz) manat məbləğində faiz borcu, ümumilikdə isə 450.44 (dörd yüz əlli manat, qırx dörd qəpik) manat məbləğində kredit borcunun olması göstərilib. İddiaçının cavabdehə qarşı olan digər tələbi isə Cavabdeh ilə aralarında olan xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsidir. Onun bu tələbinə münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qaydasında müqavilənin ləğv edilməsi qaydası ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsi ilə tənzimənir. Həmin maddə ilə müəyyən edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı X5 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli xx/xx-1493 nömrəli xəbərdarlıqdan cavabdehin müqavilə şərtlərini pozmasına görə ona bu öhdəliyin icrası üçün 5 gün müddət müəyyən olunması, əks təqdirdə isə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi barədə xəbərdar edilməsi müəyyən olunur. Həmçinin bu xəbərdarlığın ona verilməsi də iş materialları ilə öz təsdiqini tapır. Hazırki tələb üzrə cavabdehin müqavilə üzrə əsas öhdəliyini yerinə yetirməməsi məhkəmə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bunu müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirir və iddiaçının müqavilənin ləğvi barədə tələbini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, İddiaçı X5 məhkəməyə iddia ilə müraciət edən zaman 30 (otuz) manat məbləğində rüsum ödəmiş, lakin iddia tələbində ödənilmiş dövlət rüsumunun 20,40 (iyirmi manat, qırx qəpik) manatını cavabdehdən tələb etdiyindən,tələb edilən məbləğdə dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə 422.44 (dörd yüz iyirmi iki manat, qırx dörd qəpik) manat məbləğində əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində faiz borcu, ümumilikdə isə 450.44 (dörd yüz əlli manat, qırx dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı X3 ödənilməli; - Cavabdeh ilə İddiaçı X5 arasında bağlanılmış xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli müqavilə ləğv edilməli; -iddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı X3 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə 422.44 (dörd yüz iyirmi iki manat, qırx dörd qəpik) manat məbləğində əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində faiz borcu, ümumilikdə isə 450.44 (dörd yüz əlli manat, qırx dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı X3 ödənilsin. Cavabdeh ilə İddiaçı X5 arasında bağlanılmış xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli müqavilə ləğv edilsin. Cavabdeh 20,40 (iyirmi manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı X3 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-128/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-128/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver