Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-145/2020 07.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X2 ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə ərizəni nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X6 xx xxxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli kredit müqaviləsi üzrə 110.22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 20,60 (iyirmi manat, altmış qəpik) faiz borcu və 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 253,15 (iki yüz əlli üç manat, on beş qəpik) manat məbləğində borcun və 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı X3 Cavabdeh qarşı olan iddianın qiyməti iki min manatdan aşağıdır. İddiaçı məhkəməyə etdiyi müraciət isə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasındadır. Bu səbəbdən də ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə o kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılma qaydasını tənzimləyən prosessual normalar çərçivəsində yoxlanılmışdı. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. Məhkəmə qanunvericiliyin sonuncu qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Çünki ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx xxxxxxx 2014-cü ildə 101.LN.1605.141014.00001 nömrəli kredit kartı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı X6Cavabdeh tikinti məqsədləri üçün 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verməhi öhdəsinə götürmüşdü. Qeyd edilən razılıq müqavilənin 1.1 və 1.2-ci bəndlərində nəzərdə tutulub. Ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki vəziyyətdə isə iddiaçı öz tələbinin təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olan əsas sübutlarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, İddiaçı X6 iddia ərizəsinə Cavabdeh kredit məbləğinin verilməsi və ya təqdim edilməsi, onun həmin kredit məbləğindən istifadə edilməsini təsdiq edən(Məs:kassa məxaric orderi, hesabdan çıxarış) sübut əlavə edilməyib. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki,İddiaçı X3 Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçı X4 izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i m: Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı X4 izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(090)-145/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-145/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver