Məhkəmə qərarları › İş №2(090)-146/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-146/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-146/2021 31.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi ilə, iddiaçı ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 286 manat 56 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 456 manat 96 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ”AG Telekom” MMC-nin nümayəndəsi X1 Şahbuz Rayon Məhkəməsinin ünvanına 23 avqust 2021-ci il tarixdə daxil olmuş ərizəsində Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin mülki işin baxılmamış saxlanılmasını, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı təşkilat ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 vasitəsilə 26 may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. ”AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 vasitəsilə 26 may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar