Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-151/2020 18.11.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X1 iddiaçı «Unibank» X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: “Unibank” X3 Səhmdar Cəmiyyəti xx xxxxxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi üzrə 248,78 (iki yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas, 30,50 (otuz manat, əlli qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 279,28 (iki yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Unibank” X3 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.7-ci bəndinə əsasən borcverən müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə görə isə müqaviləyə əsasən borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə borcalana kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Şahbuz rayonu, Biçənək kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(090)-151/2020 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2(090)-151/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Mülki iş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən yuxarıda qeyd edilən məhkəmə sənədlərinin xx xxxxxxx 2020-ci ildə cavabdehə təqdim edilməsi aydın olur. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti arasında xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank borcalana 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) xx xxx 2021-ci il tarixinədək 500 (beş yüz) manatadək məbləğdə kredit limiti ayırir, ona bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xətti yalnız borcalanin kartda olan şəxsi vəsaitindən sonra, istifadə olunur. Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə minimum 3 faiz, maksimum 5 faiz, nağdsız əməliyyatlar üzrə isə 0 faiz (komissiya) haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Ödəniş kartından POS terminal vasitəsilə istifadə zamanı borcalan taksitli (hissələrlə) və ya adi alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə Borcalan şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. Taksitli alış-veriş zamanı ödəniş kartında olan şəxsi vəsaitə də komissiya hesablanır; - kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcalan kredit xətti üzrə hər bir krediti faktiki istifadə edildiyi tarixdən etibarən ödənişlərin aparılması üçün faktiki istifadə edilmiş kredit məbləğləri, həmin kreditlərdən faktiki istifadə edilmə tarixindən, Bankla Partnyorlar arasında “Albalı Kart " layihəsi üzrə bağlanmış və gələcəkdə bağlanacaq Birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətdə Borcalan tərəfindən tam olaraq ödənilməlidir. Faktiki istifadə edilmiş kredit məbləğləri Bankla Partnyorlar arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətlərə daxil olan ayların sayına bölünərək kreditin istifadə edildiyi aydan sonrakı aydan başlayaraq müqavilənin 3.1 maddəsində nəzərdə tutulmuş qaydada, bərabər hissələrlə ödənilməlidir. Kreditdən taksitli istifadəyə görə faiz (komisyon haqqı) Bank ilə partnyorlar arasında bağlanan birgə fəaliyyət haqqında müqavilələrə əsasən partnyorlar və ya borcalanlar tərəfindən (bu müqavilənin 4.3.23-cü bəndinə əsasən dəqiqləşdirdikdən sonra) ödənilir. Kreditdən istifadəyə görə faizin (komisyon haqqının) məbləği Bank ilə partnyorlar arasında bağlanan birgə fəaliyyət haqqında Müqavilələrlə müəyyən olunur. Kredit xətti 60 (altmış) ay müddətinə (kredit xəttindən istifadə müddəti), illik 30 (otuz) faizədək olmaq şərti ilə ayrılır. Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış verişlər üzrə cari ayın taksit borcu və kredi xəttindən nağdlaşdırılan məbləğin faiz üzrə borclar (min. 10 manat) ödənilməlidir. Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 (on iki) ay (61-72-ci aylar) müddətində 60-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 faizi, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə (73-84-cü aylar) borcalan tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat olmaq şərtilə) həyata keçirilir və bu zaman Bank bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 23 % faiz, maksimum 30 % faiz təşkil edir. - 1.4-cü bəndə görə borcalan bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kart kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı gündəlik qalığa illik min 0 faiz, max 6 faiz dərəcəsi ilə faiz hesablanır və hər-təqvim ayının sonuncu iş günü borcalanin istifadəsindəki kartın cari hesabına köçürülür; - həmçinin müqavilənin 1.5-ci bəndində qeyd edilir ki, borcalan, bu müqavilə üzrə aldığı kredit üzrə öhdəliklərinin təminatı olaraq ona məxsus olan və girov kimi çıxış edən ev əşyalarını “Bank” a girov qoyur; - müqavilənin 2.2 və 2.7-ci bəndlərinə əsasən bank Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və borcalanın ərizəsi əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün borcalana kart verir. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə borcalan məsuliyyət daşıyır; - müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun borcalan tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Borcalan bu müqavilə üzrə ödənişləri “ödəmə müddəti” ərzində ödəməlidir, kreditin verildiyi tarix olmaqla növbəti ayın həmin tarixi və sonrakı 40 (qırx gün) “ödəmə müddəti” adlanır. (Məsələn: kredit hər hansı ayın 12-si verilib. Kreditdən istifadə edən şəxs hər növbəti ayın 12-dən o biri ayın 22-dək 1.3-ci bənddə hesablanmış qaydada borcunu ödəməlidir). Ödəniş ödəmə müddətinin ilk 10 günündə olarsa əsas məbləğ üzrə qalıq borca müqavilənin 1.3-cü bəndində göstərilən faiz dərəcəsi, hissəli (taksitli) alış-veriş zamanı isə həmin müqavilənin 1.2-ci bəndində göstərilən faiz dərəcəsi (“0” faiz) tətbiq edilir. Ödəniş ödəmə müddətinin 11-40-cı günləri arası olarsa bu zaman əsas borcun ödənilməli hissəsinə gündəlik olaraq illik 180% - 360% dərəcə ilə əlavə faizlər hesablanır. Faizlər hər təqvim günü hesablanır. Müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə borcalan tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür. -müqavilənin 3.7-ci maddəsinə görə borcalanın kredit borcu onun kredit xəttindən faktiki istifadəsi zamanı yaranır. Müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə borcalan tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür; -müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinin mahiyyətindən aydın olur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozulduqda bank birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; -müqavilənin qüvvədə olma müddəti isə 9.1-ci bəndlə müəyyən edilir ki, müqavilənin həmin şərtinə görə o tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit limiti ayırması, bank hesabı açması, ödəniş kartı təqdim etməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq “Unibank” X3 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddiaçının xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş xx xxx 2014-cü il tarixli, 356660 nömrəli balansdan kənar məxaric orderi, kredit kartının təqdim edilməsi barədə qəbz və AZ54UBAZ**********1010AZN002 nömrəli hesabdan çıxarışla sübuta yetirilir. Belə ki, həmin sənədlərdən iddiaçının cavabdehə ödəniş kartı təqdim etməsi, ona bank hesabı açması və kredit limiti ayırması, Cavabdeh həmin kreditdən istifadə edərək borcunun yaranması aydın olur. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş “Unibank” X3 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış xx xxxxx 2020-ci il tarixli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından Cavabdeh xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi üzrə “Unibank” X3 Səhmdar Cəmiyyətinə 248,78 (iki yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manatəsas və 30,50 (otuz manat, əlli qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsinin 8-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi üzrə 248,78 (iki yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas və 30,50 (otuz manat, əlli qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 279,28 (iki yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq “Unibank” X3 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq “Unibank” X3 Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. xx xxx 2014-cü il tarixli, 1996tkBAY/14 nömrəli kredit müqaviləsi üzrə 248,78 (iki yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas, 30,50 (otuz manat, əlli qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 279,28 (iki yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq “Unibank” X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq “Unibank” X3 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(090)-151/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-151/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver