Məhkəmə qərarları › İş №2(090)-156/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-156/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-156/2020 25.11.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X1 iddiaçı «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx xxx 2019-cu il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə 428,90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat əsas borc, 128 (bir yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 556,90 (beş yüz əlli altı manat, doxsan qəpik) manat məbləğində borcunun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən borclu “Samsung A305” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla cəmi 428.90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə heç bir ödəniş etməmiş, qalıq qalmış 428.90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat borcu qaytarmamışdı. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 128 manat təşkil edir. Beləliklə, Cavabdeh xx xxxxxx 2019-cu il tarixə «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan əsas borcu 428,90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat, cərimə borcu 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla, ümumilikdə 556,90 (beş yüz əlli altı manat, doxsan qəpik) manat təşkil etmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Şahbuz rayonu, Badamlı kəndində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin faktiki yaşayış yerinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z. Zeynalov küçəsi, dalan 3, mənzil 3 olması müəyyən edilir. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(090)-156/2020 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Məhkəmə sənədləri cavabdehin faktiki yaşadığı yer üzrə ünvanına rəsmi qaydada göndərilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2(090)-156/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxx 2019-cu il tarixli, ********* nömrəli alqı satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir; -müqavilənin 2.1-ci maddəsinin tələbinə görə alıcı həmin müqaviləyə əsasən aldığı əmlak barəsində yalnız sahiblik və istifadə hüquqlarını əldə edir. Alıcı əşya barəsində sərəncam vermək hüququ onun əmlakın dəyərinin tam ödədikdən sonra əldə edir. Əmlakın dəyərinin tam ödənilməsinə kimi əmlak barəsində sərəncam vermək hüququ yalnız satıcıya məxsus olur; -müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.4-cü bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; -qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir; -müqavilənin 5.2-ci bəndinə görə isə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi tərəflərin müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərə bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddia ərizəsinə əlavə edilmiş xx xxx 2019-cu il tarixli, ********* nömrəli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə qeyd edilən əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş xəbərdarlıq və 054657 nömrəli yol qaiməsindən onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından Cavabdeh xx xxx 2019-cu il tarixli, ********* nömrəli müqavilə üzrə «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə 428,9 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı satqı müqaviləsinin 4.1-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, ********* nömrəli alqı satqı müqaviləsinə edilmiş 1 nömrəli Əlavə ilə tərəflər cərimə ilə bağlı aşağıdakı şərtlər barədə razılığa gəlib: -gecikdirilən aylıq borc məbləğinə cərimə kimi 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Yuxarıda qeyd edildiyi kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini, icra edilməli olduğunu təsbit etdiyindən və cərimə ödənilməsi barədə tərəflər arasında razılıq olduğundan məhkəmə «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı olan bu tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından Cavabdeh xx xxx 2019-cu il tarixli, ********* nömrəli alqı satqı müqaviləsi üzrə iddiaçıya 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh xx xxx 2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 428,90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat əsas və 128 (bir yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 556,90 (beş yüz əlli altı manat, doxsan qəpik) manat məbləğində borc tutularaq «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; - həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Cavabdeh xx xxx 2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 428,90 (dörd yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat əsas və 128 (bir yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 556,90 (beş yüz əlli altı manat, doxsan qəpik) manat məbləğində borc tutularaq «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq «İRŞAD-İ.R» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar