Məhkəmə qərarları › İş №2(090)-165/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-165/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-165/2021 04.10.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC “13” sentyabr 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 384,58 manat əsas, 2,01 manat faiz borcu olmaqla, cəmi 386,59 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 411.18 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC arasında 24 oktyabr 2019-cu il tarixli, 3585rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci maddəyə əsasən bu müqavilə üzrə bank tərəfindən müştəriyə verilən kredit məbləği 411,18 (dörd yüz on bir manat, on səkkiz qəpik) manat təşkil edir. Kredit 60 (altmış) ay müddətinə, 24.10.2024cü il tarixinədək, 12 (on iki) ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla, illik 1 (bir) faiz ödəmək şərtilə verilir. 07.06.2014-cü il tarixli 3625tkAHM/14 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 411,18 (dörd yüz on bir manat, on səkkiz qəpik) qalıq məbləğinin ödənilməsi kreditin məqsədli təyinatıdır. Kreditin və kreditdən istifadəyə görə faizlərin müştəri tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Həmin müqavilənin 3.1 və 3.3-cü bəndləri ilə müəyyən edilir ki, müştəri bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranın 1 (bir) təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank müştəriyə qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 0.02 faizi miqdarında cərimə tətbiq edir. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən bankın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən banka qaytarıldığı tarix hesab olunur. Həmin müqavilənin 3.5 və 3.5.1-ci bəndlərinin tələbinə görə borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını müştəridən tələb edə bilər. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən müştəri krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə banka qaytarır. Həmçinin tərəflər arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, 3585rstBANK/19 nömrəli kredit müqaviləsinə edilmiş 1 saylı əlavədən müəyyən olur ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişin 1 və 2-ci bəndlərinə görə tərəflər “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 48.67 (qırx səkkiz manat, altmış yeddi qəpik) faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunması barədə razılığa gəlmişlər. Bu saziş imzalandığı tarixdə qüvvəyə minir və kredit müqaviləsinin ayrılmaz hissəsi sayılır. 17 iyun 2021-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından Cavabdeh həmin tarixə “Unibank” Kommersiya Bankı” ASC-nə 384,58 (üç yüz səksən dörd manat, əlli səkkiz qəpik) manat əsas və 2,01 (iki manat, sıfır bir qəpik) manat faiz borcu olmaqla, cəmi 386,59 (üç yüz səksən altı manat, əlli doqquz qəpik) manat borcunun olması aydın olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Unibank” Kommersiya Bankı” ASC ilə Cavabdeh arasında 24 oktyabr 2019-cu il tarixli, 3585rstBANK/19 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, “Unibank” Kommersiya Bankı” ASC tərəfindən Cavabdeh 411,18 (dörd yüz on bir manat, on səkkiz qəpik) manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə borclu Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faizi qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Unibank” Kommersiya Bankı” ASC-nə 384,58 (üç yüz səksən dörd manat, əlli səkkiz qəpik) manat əsas və 2,01 (iki manat, sıfır bir qəpik) manat faiz borcu olmaqla, cəmi 386,59 (üç yüz səksən altı manat, əlli doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” ASC-dən aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 384,58 (üç yüz səksən dörd manat, əlli səkkiz qəpik) manat əsas və 2,01 (iki manat, sıfır bir qəpik) manat faiz borcu olmaqla, cəmi 386,59 (üç yüz səksən altı manat, əlli doqquz qəpik) manat borc tutularaq iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 31 avqust 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 384,58 (üç yüz səksən dörd manat, əlli səkkiz qəpik) manat əsas və 2,01 (iki manat, sıfır bir qəpik) manat faiz borcu olmaqla, cəmi 386,59 (üç yüz səksən altı manat, əlli doqquz qəpik) manat borc tutularaq iddiaçı təşkilat “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 31 avqust 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar