Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-172/2021 08.12.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi borcu 10.435,43 (on min dörd yüz otuz beş ABŞ dolları, 43 sent) ABŞ dolları – bundan 1.655,52 (bir min altı yüz əlli beş ABŞ dolları, 52 sent) ABŞ dolları əsas, 4.017,56 (dörd min on yeddi ABŞ dolları, 56 sent) ABŞ dolları faiz, 4.517,17 (dörd min beş yüz on yeddi ABŞ dolları, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245,18 (iki yüz qırx beş ABŞ dolları, 18 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat ərizəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19 dekabr 2014-cü il tarixli 994934 nömrəli müqavilə bağlanmış və müqavilə üzrə cavabdehə 44 (qırx dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 3950 (üç min doqquz yüz əlli) USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 12.07.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10435.43 (on min dörd yüz otuz beş ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Bundan 1655.52 (bir min altı yüz əlli beş ABŞ dolları 52 sent) ABŞ dolları əsas, 4017.56 (dörd min on yeddi ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 4517.17 (dörd min beş yüz on yeddi ABŞ dolları 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245.18 (iki yüz qırx beş ABŞ dolları 18 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********833 saylı, 14.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı təşkilat iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir sıra maddələrinə istinad etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Aydan Şərifova tərəfindən 07 dekabr 2021-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş teleqramında məhkəmə prosesini onların iştirakı olmadan keçirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin Cavabdeh məhkəmənin ünvanına teleqram ilə müraciət edərək ləğv prosesində olan "xxxx" ASC-nin ona qarşı pul tələbi barədə iddia qaldırdığını, müqavilə üzrə iddia müddətinin keçdiyini, iddia müddətini tətbiq edərək iddia ərizəsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın və Cavabdeh teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ünvanladığı iddia ərizəsində cəmi borcu 10.435,43 (on min dörd yüz otuz beş ABŞ dolları, 43 sent) ABŞ dolları – bundan 1.655,52 (bir min altı yüz ABŞ dolları, 52 sent) ABŞ dolları əsas, 4.017,56 (dörd min on yeddi ABŞ dolları, 56 sent) ABŞ dolları faiz, 4.517,17 (dörd min beş yüz on yeddi ABŞ dolları, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245,18 (iki yüz qırx beş ABŞ dolları, 18 sent) ABŞ dolları faiz borcu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin tərəflər arasında razılaşma barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 2019-cu il 27 may tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Banklar haqqında” Qanun) ilə müəyyən edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə verilən borc pul vəsaitidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclunun isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən, müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı təşkilat cavabdehdən kredit müqaviləsi üzrə faizlərin və dəbbə pulunun tutulmasını tələb etsə də, iddiaçı təşkilat iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsinin məhkəməyə təqdim edə bilmədiyindən, tələb etdiyi kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti və faiz dərəcəsini müəyyən edilməsi mümkün olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəflər arasında olan kredit müqaviləsini sübut kimi təqdim etməsə də, iş materiallarına əlavə olunmuş 19/12/2014-cü il tarixli, 19/2/76892975 saylı kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Eyni zamanda iş materiallarında olan 12 iyul 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka 1.655,52 (bir min altı yüz əlli beş ABŞ dolları, 52 sent) ABŞ dolları əsas, 4.017,56 (dörd min on yeddi ABŞ dolları, 56 sent) ABŞ dolları faiz, 4.517,17 (dörd min beş yüz on yeddi ABŞ dolları, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245,18 (iki yüz qırx beş ABŞ dolları, 18 sent) ABŞ dolları faiz borcu mövcuddur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılmasına dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh əsas borc 1.655,52 (bir min altı yüz əlli beş ABŞ dolları, 52 sent) ABŞ dolları tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməli idi. Lakin iş üzrə Cavabdeh 02.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, mübahisə edilən borcun 2014-cü ildə yarandığını, borcun verilməsindən 7 (yeddi) il müddət keçdiyini, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfdən verilmiş ərizə ilə bağlı ilk olaraq onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları iddiaçı təşkilat tərəfindən 19 dekabr 2014-cü il tarixdə verilmiş, yəni borc münasibətləri həmin tarixdə yaranmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. Həmin Məcəllənin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmçinin həmin Məcəllənin 377.3-cü maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddənin məzmunundan da göründüyü kimi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməsi və iflas prosedurana başlanması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri 2014-cü ildə yaransa da, İddiaçı ASC-nin müflis elan edilməsi və iflas prosedurana başlanması 27 dekabr 2017-ci il tarixdə məhkəmənin qərarı mövcud olmuş və dörd ilə yaxın müddət keçsə də, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, keçən bu müddət ərzində iddia tələbində göstərilən borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə görə Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Həmin Qanunun 70.1-ci maddəsinə görə Bankın səhmdarları və ya Müşahidə Şurası, habelə maliyyə bazarlarına nəzarət orqanı bankın müflis elan olunmasına dair məhkəmənin qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır. Həmin Qanunun 70.2-ci maddəsinə əsasən Bank tərəfindən məhkəmənin qərarından şikayət verilməsi ləğvedicinin bankın iflası prosedurunun həyata keçirilməsi çərçivəsində öz səlahiyyətlərinin icrası üzrə hərəkətlərini dayandırmır. Həmin Qanunun 71.7 və 71.7.5-ci maddələrinə görə bu Qanunun 59.2ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.3-cü maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Kredit müqaviləsi mövcud olmadığından və həmin müqavilənin qüvvədə olma müddətini müqavilə ilə müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsində göstərdiyi kimi, tərəflər arasında müqavilə üzrə kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddətini, yəni müqavilənin qüvvədə olma müddətinin 11 avqust 2018-ci il tarixdə bitməsi götürülsə belə, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, ötən bu üç ildən çox müddət ərzində iddia tələbində göstərilən borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə ki, iş materialları ilə iddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsi ilə 20 sentyabr 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsi müəyyən olunur. Həmçinin iddiaçı təşkilat LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş teleqramı ilə Cavabdeh 994934 nömrəli, 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişinin 19.12.2017-ci tarixdə 293.08 ABŞ dolları məbləğində etməsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda sözü gedən qərarında da qeyd olunduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi borcu 10.435,43 (on min dörd yüz otuz beş ABŞ dolları, 43 sent) ABŞ dolları – bundan 1.655,52 (bir min altı yüz əlli beş ABŞ dolları, 52 sent) ABŞ dolları əsas, 4.017,56 (dörd min on yeddi ABŞ dolları, 56 sent) ABŞ dolları faiz, 4.517,17 (dörd min beş yüz on yeddi ABŞ dolları, 17 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245,18 (iki yüz qırx beş ABŞ dolları, 18 sent) ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə tələbinə dair iddiası təmin edilməsin. İddiaçı təşkilat tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-172/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-172/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver