Məhkəmə qərarları › İş №2(090)-187/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-187/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-187/2023 02.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək izahatında Cavabdeh ilə 29 mart 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurduqlarını, həmin nikahdan xx.xx.2010cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulduğunu, Cavabdeh ilə aralarında olan nikahın Şahbuz rayon Məhkəməsinin 08 oktyabr 2012-ci il tarixli, 2(90)-98/2012 nömrəli qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən hər iki uşağın onun yanında saxlanılmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 80 manat olmaqla iki uşağa birlikdə 160 manat miqdarında aliment qət olunduğunu, həmin vaxtdan sonra uşaqların saxlanılması üçün yaşayış minimumu qalxdıqca məhkəməyə müraciət edib aliment məbləğini artırdığını, sonuncu dəfə isə Şahbuz rayon Məhkəməsinin 30 iyun 2021ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə hər bir uşağa 130 manat olmaqla iki uşağa birlikdə 260 manat məbləğində aliment müəyyən olunmaqla artırıldığını, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu, bunun da ailə büdcələrinə təsir etdiyini, tək qadın olaraq çətinlik çəkdiyini, bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, uşaqların yaşı artdıqca xərclərinin də artdığını, övladlarının artıq böyüdüklərini və ona görə də məsrəflərinin yetərincə artdığını, cavabdehin 27 yanvar 2023-cü il tarixdən “X5” publik hüquqi şəxsində sürücü vəzifəsində işlədiyini, onun aylıq xalis əmək haqqısının 544 (beş yüz qırx dörd) manat təşkil etməklə həm də işdən sonrakı vaxtlarda şəxsi avtomobili ilə taksi xidməti göstərib yüksək məbləğdə qazanc əldə etdiyini ərizəsini nəzərə alaraq iddiasının qismən təmin edilməsinə etiraz etmədiyi bildirmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı əlavə olaraq izahatında o, cavabdehin “X5” publik hüquqi şəxsində sürücü vəzifəsində işlədiyini, onun aylıq xalis əmək haqqısının 544 (beş yüz qırx dörd) manat gəlirləri barədə sənəd təqdim etdiyini, hər bir uşaq üçün 150 manat olmaqla, iki uşağa görə 300 manat aliment təyin edilməsinə etiraz etmədiyini, bu barədə məhkəməyə ərizədə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 28 mart 2023-cü il tarixli, R-302 nömrəli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək aliment məbləği bir uşağın saxlanması üçün aylıq 130 (bir yüz otuz) manat olmaqla iki uşağa görə hər ay 260 (iki yüz altmış) manat müəyyən edilməsi qət edilibdir. İş materiallarında olan Şahbuz rayon Yuxarı Qışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 628333 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 01 yanvar 2010-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Yuxarı Qışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 628332 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 20 fevral 2011-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 174099 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 18 mart 2015ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə “Dünyamalılı”, qadına “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan “X5” publik hüquqi şəxsinin baş həkimi H.A.Qazıbəyova tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh 27 yanvar 2023-cü il tarixdən “X5” publik hüquqi şəxsində sanitar maşın sürücüsü vəzifəsində işləyir, onun aylıq xalis əmək haqqısı 544 (beş yüz qırx dörd) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının onun maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsindən görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(108)-17/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək aliment məbləği bir uşağın saxlanması üçün aylıq 130 (bir yüz otuz) manat olmaqla iki uşağa görə hər ay 260 (iki yüz altmış) manat müəyyən edilməsi qət edilibdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin İddiaçı 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X1 üçün Cavabdeh hər uşaq üçün 150 manat alimentin təyin edilməsinə etirazının olmaması barədə ərizəsini nəzərə almışdır. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 49,64 (qırx doqquz manat, altmış dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(090)-102/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 yanvar 2010-cu ildə doğulmuş X7 və 20 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 49,64 (qırx doqquz manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar