Məhkəmə qərarları › İş №2(090)-188/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-188/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-188/2021 04.11.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi əvəzi X3, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1708 manat, faiz borcuna görə 290.20 manat, cəmi 1998.20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli, **********3628 nömrəli kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 140 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 10.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1708 manat, faiz borcuna görə 292.20 manat, cəmi 2000.20 manat təşkil edir. Məhkəmə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 dekabr 2019-cu il tarixli, **********3628 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" QBKT MMM ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci maddəsinin şərtlərinə görə bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2500 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 29.00% illik faiz (bundan sonra “Nominal Faiz”) hesablanacaqdır və Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.0%-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Həmin müqavilənin 7.1-ci bəndinə görə bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Həmin müqavilənin Kredit ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 29.12.2019-cu il tarixli, kredit kartının mədaxil (qəbul) aktından məlum olur ki, 29 dekabr 2019-cu il tarixli, **********3628 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, üzərində “Fincard” adı qeyd edilmiş, **********342094 saylı kredit kartını iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş, 29 dekabr 2019-cu il tarixli, **********3***-******* nömrəli Zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 ilə Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə zamin 29.12.2019-cu il tarixli, **********3628 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan X4 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 2500 manat məbləğində pul vəsaitini illik 29 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.09.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 həmin tarixə iddiaçı təşkilata əsas borc üzrə 1708 manat, faiz borcuna görə 292.20 manat, cəmi 2000.20 manat məbləğində borcu mövcuddur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" QBKT MMM öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə etdikləri kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərilərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişlər. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1708 manat, faiz borcuna görə 290,20 manat, cəmi 1998,20 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QBKT MMM-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, "xxxx" QBKT MMM tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1708 manat, faiz borcuna görə 290,20 manat, cəmi 1998,20 (bir min doqquz yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QBKT MMMnin xeyrinə ödənilsin. "xxxx" QBKT MMM tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim əvəzi: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar