Məhkəmə qərarları › İş №2(090)-19/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-19/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-19/2021 09.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4403 (dörd min dörd yüz üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh arasında xx xxxx 2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixdə 361-K əmr ilə baş satıcı, xx xxxxxx 2018ci il tarixli, 519 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx xxxxxx 2020-ci l tarixli, 032-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixdə Oba-Nargilə 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx xxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 5607 (beş min altı yüz yeddi) manat məbləğində zərə vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 1204 (bir min iki yüz dörd) manat güzəşt edilmiş qalıq borc 4403 (dörd min dörd yüz üç) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı təşkilat qanunvericiliyin bir sıra müddəalarına istinad edərək, Cavabdeh qanunvericiliyin müddəalarını, əmək müqaviləsi və X6 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozduğunu bildirərək, məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4403 (dörd min dörd yüz üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin “08” mart 2021-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddianı tam müdafiə etdiklərini, məhkəmə iclası ilə digər məhkəmə baxış iclaslarının eyni vaxta təyin edilməsi ilə əlaqədar iştirakları olmadan mülki işə baxaraq qərar verilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə edilən əmək müqaviləsindən görünür ki, Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli, 114-K nömrəli əmrdən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixindən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 361-K nömrəli əmr və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh həmin tarixdən baş satıcı vəzifəsinə keçirilibdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 519-K nömrəli əmr və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh həmin tarixdən administrator vəzifəsinə keçirilibdir. İş materiallarına əlavə edilmiş, xx xxxxxx 2020-ci il tarixli, 032-K nömrəli əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən, Cavabdeh 5606 (beş min altı yüz altı) manat məbləğində cəmiyyətə zərər vurmasını və 5606.77 (beş min altı yüz altı manat 77 qəpik) manat məbləğdə borcu olduğunu tam etiraf edərək, tərəflər arasında razılaşdırılmış şərtə əsasən borclu borc məbləğini xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 560.67 (beş yüz altmış manat, 67 qəpik) manat olmaqla 10 ay müddətində ödəməyi üzərinə götürmüşdür. Cavabdeh xx xxxx 2020-ci il tarixdə maddi ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh vurduğu ziyan məbləği olan 5607 manat puldan 1204 manat cəmiyyət tərəfindən güzəşt edilməklə 4403 (dörd min dörd yüz üç) manat borcu vardır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işə götürən İddiaçı MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış xx xxxxxx 2018-ci il tarixli Əmək müqaviləsinə əlavə olan “X6 haqqında müqavilə”nin 4-cü bəndinə əsasən maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4403 (dörd min dörd yüz üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 ( otuz) manat, cəmi 4433 (dörd min dörd yüz otuz üç) manat məbləğində pul tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar