Məhkəmə qərarları › İş №2(090)-21/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-21/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-21/2021 29.01.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxxxx 2019-cu il tarixli, 200804-716042/2 nömrəli kredit müqaviləsi üzrə 713,14 (yeddi yüz on üç manat, on dörd qəpik) manat əsas borc, 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 807,4 (səkkiz yüz yeddi manat, qırx qəpik) manat məbləğində borcun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Borclu əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx xxxxxxx 2020-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 713.14 (yeddi yüz on üç manat, on dörd qəpik) manat məbləğində əsas borcu və 94.26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 807.4 (səkkiz yüz yeddi manat, qırx qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd edildiyindən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Şahbuz rayonu, Nursu kəndində rəsmi qeydiyyatda olması aydın olur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin faktiki yaşayış yerinin Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 12/29, mənzil 1 olması müəyyən edilir. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin xx xxxxxx 2020ci il tarixli, 2(090)-172/2020 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdı. Eyni zamanda ona göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, 2(090)-172/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3cü maddəsinin tələbi də izah olunmuşdur. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun hər iki ünvanına göndərilsə də, Şahbuz rayonu, Nursu kəndinə göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər cavabdehin qeydiyyatda olduğu yer üzrə Şahbuz Rayon İcra Hakimiyyətinin Nursu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxxxx 2019-cu il tarixli, 200804-716042/2 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin predmeti adlanan 1-ci bəndə görə bank borcalana 1000 (bir min) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kredit 18 (on səkkiz) ay müddətinə şəxsi istehlak məqsədi üçün verilir. Kredit, bu müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra bank tərəfindən borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu borcalanın müvafiq ssuda hesabında aparılır. Kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 20 (iyirmi) manat, kredit məbləğinin nağd çıxarılmasına görə 10 (on) manat komisyon haqqı ödəyir; -müqavilənin 4.4 və 4.4.3-cü bəndlərinə əsasən müqavilə ilə müəyyən edilmiş şərtlərlə əsas borcun və faizlərin banka ödənilməsi cavabdehin müqavilə üzrə öhdəliklərindən biridir; - müqavilənin 5.1 və 5.1.5-ci bəndləri ilə müəyyən edilir ki, bank ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) halında bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; - müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borcalan tərəfindən əsas borcu, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür; - müqavilənin 7.3-cü bəndinə görə bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 (sıfır tam onda beş) faiz həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir; - müqavilənin 12.1-ci bəndində qeyd edilir ki, əsas borcun və faizlərin qaytarılması ilə bağlı güzəştli şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyən edilir: Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliyin sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür İddiaçının xx xxxxxxxx 2019-cu il tarixli, 200804-716042/2 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, TT 192563XVVJ nömrəli kassa məxaric orderi sübuta yetirilir. Belə ki, həmin sənəddən iddiaçının cavabdehə 1000 (bir min) manat məbləğində kredit məbləğini verməsi aydın olur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdi. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxx 2020-ci il tarixli, 200/200/0699/2020 nömrəli xəbərdarlıqdan və 073399 nömrəli yol qaiməsindən cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməməsinə görə iddiaçı tərəfindən xəbərdarlıq edilməsi, borcun ödənilməsi üçün ona 5 gün müddət təyin edilməsi və bu xəbərdarlığın Cavabdeh xx xxx 2020-ci ildə təqdim edilməsi aydın olur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 716042/2 nömrəli kredit müqaviləsinin 8-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxxx 2020ci il tarixli maliyyə arayışından Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 716042/2 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 713,14 (yeddi yüz on üç manat, on dörd qəpik) manat əsas və 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-716042/2 nömrəli kredit müqaviləsi üzrə 713,14 (yeddi yüz on üç manat, on dörd qəpik) manat əsas və 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 807,4 (səkkiz yüz yeddi manat, qırx qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-716042/2 nömrəli kredit müqaviləsi üzrə 713,14 (yeddi yüz on üç manat, on dörd qəpik) manat əsas və 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 807,4 (səkkiz yüz yeddi manat, qırx qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar