Məhkəmə qərarları › İş №2(090)-264/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-264/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-264/2023 30.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 23 sentyabr 2011-ci ildə doğulmuş X6 və 23 may 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 14 oktyabr 2010-cu il tarixdə nikaha daxil olmaqla evləndiklərini, birgə nikahlarından 23 sentyabr 2011-ci il tarixdə X6 və 23 may 2017-ci il tarixdə isə X7 doğulduğunu, cavabdehlə ayrı yaşadığını, bu səbəbdən də Cavabdeh övladlarına heç bir maddi köməklik göstərmədiyini, buna görə də Şahbuz Rayon Məhkəməsində iddia qaldırdığını, Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinin qət edildiyini, həmin tarixdən də cavabdehin iki uşağa görə ona ayda 200 manat aliment ödədiyini, bu müddət ərzində uşaqlarının böyüdüyünü, böyük oğlunun artıq 12 yaşının tamam olduğunu, balaca oğlunun isə 6 yaşını tamam edərək məktəbin birinci sinifinə gedəcəyini, ödənilən alimentlə uşaqlarını saxlamaqda, onların təhsil xərclərini ödəməkdə çətinlik çəkdiyini, özünün heç bir yerdə işləmədiyini, valideyinlərinin maddi köməyi və dəstəyi ilə çətinliklə dolandığını, Cavabdeh isə Bakı şəhərində valideyinləri ilə birlikdə yaşamaqla öz şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq kifayət qədər qazanca malik olduğunu, Cavabdeh bu müddət ərzində alimentdən başqa övladlarına heç bir maddi köməklik göstərmədiyini, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı X1 müraciət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında iddia ərizəsində işin halları barədə ətraflı göstərildiyini, cavabdehin işlədiyi dövrdə cavabdehdən hər bir uşaq üçün hər ay 100 manat olmaqla iki uşağa görə 200 manat alimentin tutularaq ona verildiyini, hal-hazırda cavabdehin daimi iş yerinin olmadığını, onun maddi vəziyyətinin yaxşı olduğunu, lakin cavabdehin gəlirləri barədə onun məhkəməyə təqdim edəcək heç bir sübutunun olmadığını, bu görə də hər bir uşaq üçün 150 manat olmaqla, iki uşağa görə 300 manat alimentin təyin edilməsinə etiraz etmədiyini, bu barədə məhkəməyə ərizədə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 05 sentyabr 2023-cü il tarixli, R-1244 nömrəli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsi ilə 23 sentyabr 2011-ci il tarixdə doğulmuş X6 və 23 may 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilibdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221135 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 01 oktyabr 2021-ci il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Əhmədov”, qadına “Rzayeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 664659 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 23 sentyabr 2011-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 966458 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 23 may 2017-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 23 sentyabr 2011-ci ildə doğulmuş X6 və 23 may 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.1-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları 23 sentyabr 2011-ci ildə doğulmuş X6 və 23 may 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının onun maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsindən görünür ki, 23 sentyabr 2011-ci il tarixdə doğulmuş X6 və 23 may 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsi qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, 23 sentyabr 2011-ci ildə doğulmuş X6 və 23 may 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən İddiaçı Cavabdeh bir uşaq üçün 150 (bir yüz əlli) manat alimentin tutularaq ona verilməsinə etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddiaçı iddia tələbində 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tələbi olduğundan, məhkəmə tərəfindən iddianın qiyməti 5.280 manat müəyyən edilmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq, iddianın 5.280 manat tələbin təmin edilmiş hissəsinə, yəni tutulmalı olan 72,8 manat dövlət rüsumuna mütənasib olan 49,64 (qırx doqquz manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(090)-53/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 23 sentyabr 2011-ci ildə doğulmuş X6 və 23 may 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 49,64 (qırx doqquz manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar