Məhkəmə qərarları › İş №2(090)-313/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-313/2023

27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-313/2023 27.12.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017-ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Şahbuz rayonu Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlanmış nikah Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək onun yanında qalmaları müəyyən edilmiş, Cavabdeh 07 may 2013-cü il təvəllüdlü X6, 08 mart 2017-ci il təvəllüdlü X3 və 02 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin uşağa ödədiyi 270 manat aliment uşaqlarının maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların digər xərclərinə, müalicəsinə də pul lazım olur. Aldığı aliment bu gün uşaqlarının təminatını ödəmir və tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşaqlara aliment 2022-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcələrinə təsir edir. Bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Uşaqların yaşları artdıqca xərcləri də artır. Övladlarları artıq böyüyüb və ona görədə məsrəfləri yetərincə artmışdır. Bu gün 270 manatla uşaqların təminatını ödəmək çox çətindir. Aldığı məlumatlara görə cavabdehin hazırda kifayət qədər qazancı vardır. Bu səbəbdən də o, hesab edir ki, cavabdeh alimenti ödəməkdə çətinlik çəkməyəcəkdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı telefonoqram ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında övladlarının xəstəliyi ilə əlaqədar onları həkim müayinəsinə apardığını, bu barədə məhkəməyə ərizə göndərdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin X10 adına “Araz” X4 Şahbuz rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işlədiyini, əmək haqqısının 345 (üç yüz qırx beş) manat olduğunu, tutqular tutulduqdan sonar 325 manat əmək haqqı aldığını, əlavə olaraq müharibə iştirakçısı kimi 80 manat pensiya aldığını, alimentin qanuna uyğun əmək haqqısının yarısı olaraq tutulub iddiaçıya verilməsini, iddiaçının ərizəsində göstərdiyi 330 manat aliment ödəmək imkanının olmadığını bildirmişdir. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə 07 may 2013-cü il təvəllüdlü X9, 08 mart 2017-ci il təvəllüdlü X7 və 02 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 402394 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 07 fevral 2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə “Əzizli”, qadına “Nəbiyeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ seriyalı, 854945 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X9 07 may 2013cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ- İİİ seriyalı, 753864 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X7 08 mart 2017-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzi tərəfindən verilən 01 avqust 2023-cü il tarixli, 3-17-7/2-Ə-29693/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən 24 may 2023-cü il tarixdən "xxxx" MMC-də Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin X10 adına “Araz” X4 Şahbuz rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, onun aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan gəlir barədə məlumatlarla Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs olması müəyyən olunur. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Əzizli X8 rayonu, Kiçikoba kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017-ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.1-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017-ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının onun maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsindən görünür ki, 07 may 2013-cü il təvəllüdlü X9, 08 mart 2017-ci il təvəllüdlü X7 və 02 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə üç uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsi qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017-ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağa görə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən İddiaçı Cavabdeh bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağın saxlanılmasına görə 330 (üç yüz otuz) manat alimentin tutularaq ona verilməsinə etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzi tərəfindən verilən 01 avqust 2023-cü il tarixli, 3-17-7/2-Ə-29693/2023 nömrəli arayışa əsasən Cavabdeh "xxxx" MMC-də Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin X10 adına “Araz” X4 Şahbuz rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və onun aylıq xalis əmək haqqısı 345 (üç yüz qırx beş) manat və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı kimi 80 manat, ümumilikdə cavabdehin gəlirləri 425 manat təşkil edir. Alimentin iş üzrə cavabdehin qazancından tutulması halında iş üzrə cavabdehin aylıq qazancı 425 manat olmaqla bu bir uşağa görə 70,83 manat (425/2=212.5/3=70,83) təşkil edəcək ki, bu məbləğ 2023-cü ildə bir uşaq üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənlədirildiyi halda azlıq təşkil etməklə uşaqların və uşaqlar himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Ərizənin aliment tələbinə dair hissəsi qismən təmin edilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdeh dövlət müəssisəsində işləməklə aylıq 345 manat əmək haqqı və müharibə veteranı kimi 80 manat pensiya alır, iş üzrə onun digər gəlirləri sübuta yetirilməmişdir. Belə olan təqdirdə iş üzrə cavabdehdən 660 manat aliment tutula bilməsi imkanı real deyil. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Mülki işə baxılması zamanı isə cavabdehin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.20-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar və məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırki iş üzrə dövlət rüsumunun tutulması məsələsinə baxılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağa görə 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 07 may 2013-cü ildə doğulmuş X9, 08 mart 2017-ci ildə doğulmuş X7 və 02 oktyabr 2019-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağa görə 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar