Məhkəmə qərarları › İş №2(090)-36/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-36/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-36/2021 20.04.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şahbuz şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 hər birindən 1845 (bir min səkkiz yüz qırx beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən Şahbuz Rayon Məhkəməsinin ünvanına “19” aprel 2021ci il tarixdə daxil olmuş ərizəsində xx xxxxxx 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsində Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi ilə bağlı iddia qaldırdığını, hazırda həmin iddia tələbi ilə bağlı əlavə sübutların toplanması zərurəti yarandığını, bu səbəbdən də Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən “Kapital Bank” Şahbuz filialına “01” fevral 2021-ci il tarixdə TT**********50730 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Şahbuz filialına “01” fevral 2021-ci il tarixdə TT**********50730 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar