Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-4/2020 23.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 xx xxxxxx 2019-cu ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2739 (iki min yeddi yüz otuz doqquz) ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə hesablanmış 2188 (iki min bir yüz səksən səkkiz) ABŞ dolları faiz borcunun, cəmi isə 4888 (dörd min səkkiz yüz səksən səkkiz) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub ləğv prosesində olan İddiaçı X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 15 (on beş) ay, illik faizi isə 28 (iyirmi səkkiz) faiz müəyyən edilmişdir. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə banka olan əsas borcu 2739 (iki min yeddi yüz otuz doqquz) ABŞ dolları, kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə hesablanmış 2188 (iki min bir yüz səksən səkkiz) ABŞ dolları faiz borcu, cəmi isə 4927 (dörd min doqquz yüz iyirmi yeddi) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Ləğv prosesində olan İddiaçı X10 xx xxxx 2019-cu ildə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünü, bu səbəbdən də həmin Fərmandan irəli gələn məsələlər öz həllini tapanadək mülki iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(090)-64/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə icraat dayandırılmışdı. xx xxxx 2020-ci il tarixdə isə ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 xx xxx 2020-ci il tarixli, **********643 nömrəli məktubla məhkəməyə müraciət edərək iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığına görə icraat təzələnmişdi. İş üzrə tərəflərə, yəni iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 nümayəndəsi məhkəməyə xx xxxxxxxx 2020-ci tarixli məktubla müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronovirus infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə verilmiş qərarının icrası ilə əlaqədar ölkə ərazisində ezamiyyətlərin məhdudlaşdırılması nəzərə alınaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilmsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə İddiaçı X10 arasında xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən İddiaçı X7 Cavabdeh illik 28 faizlə, 15 ay müddətində 3000 (üç min) ABŞ dolları məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlmələri və İddiaçı X7 hazırda ləğv prosesində olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsindən İddiaçı X10 ilə Cavabdeh arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında sonuncu tərəfindən Cavabdeh illik 28 faizlə, 15 ay müddətində 3000 (üç min) ABŞ dolları kredit verilməsi barədə razılığa gəlmələri; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(081)-1594/2016 nömrəli qərardadından İddiaçı X7 ləğv prosesində olması, X1 isə onun ləğvedicisi təyin edilməsi aydın olur. İddiaçının cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş digər yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X2 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli arayışdan və aydın olur ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt Cavabdeh Şahbuz rayonu, Badamlı kəndində rəsmi qeydiyyatında idi. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan isə müəyyən edilir ki, hazırda cavabdehin yaşayış və qeydiyyat yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, Oktyabr küçəsi, ev 46/20-dir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə həm cavabdehin yaşadığı ünvanlara, həm də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh məhkəməyə təqdim edilmiş ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrinə SMS göndərilsə o, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair öz etirazını və bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdi. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə sonuncu qeyd edilən hal da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı X10 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər; -müqavilənin 1.1-ci bəndinə görə borcverən həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür; -müqavilənin 1.2-ci və 1.3-cü bəndlərinə əsasən müqavilə üzrə borcverən tərəfindən borcalana verilən kreditin məbləği 3000 (üç min) ABŞ dollarıtəşkil edir, kredit 15 (on beş) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz ödəmək şərti ilə verilir. - həmçinin qeyd edilən müqavilənin 2.2-ci bəndinə görə borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri kredit müqaviləsinə edilmiş 1 saylı əlavə ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə ödəməlidir ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə qaytarılmış (ödənilmiş) olsun; - kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər borcverənə köçürmə yolu ilə və ya nağd qaytarılır. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən borcverənin hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin tam və ya qismən borcverənə qaytarıldığı tarix hesab olunur; - müqavilənin 3.1 və 3.1.2-ci bəndlərindən müəyyən olunur ki, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və öhdəliyini icrasını borcalandan tələb etməsi iddiaçının hüququdur; - müqavilənin 3.2, 3.2.2 və 3.2.6-cı bəndlərinə əsasən krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşma ilə müəyyən olunmuş tarixlərdə borcverənə qaytarır, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) borcverənə ödənilməsini təmin edir; - müqavilənin 5.1-ci bəndindən görünür ki, həmin müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. - müqavilənin 5.2-ci bəndinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. Bu fakt ekspert rəyində də qeyd edilmişdi. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı X10 ilə Cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İddia ərizəsinə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli, **********036 nömrəli məktubdan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməməsi və bununla bağlı ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X4 tərəfindən cavabdehə xəbardarlıq göndərilməsi aydın olur. İş materiallarına əlavə edilmiş 059617 nömrəli yol qaiməsindən isə o da müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bu xəbərdarlıq onun xx xxxxxx 2018-ci ildə ona təqdim edilmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh qarşı olan kredit borcunun tutulması dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun x xxxx 2013-cü Qərarında qeyd edilir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MMin 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun x xxxx 2013cü Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanıb onu mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, iddiaçı tələbində xx xxxxxxx 2018-ci il tarixinə hesablanmış 2188 (iki min bir yüz səksən səkkiz) ABŞ dolları faiz borcunun cavabdehdən alınıb ona qaytarılması qeyd etsə də, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinin işə şərtlərindən görünür ki, kredit müddəti 15 aylıq müddətə, yəni xx xxxxxx 2017-ci ilədək müəyyən edilmişdi. Bu isə o deməkdir ki, həmin müddətdən xx xxxxxxx 2018ci il tarixədək müqavilə üzrə faiz borcunun tələb edilməsinin hazırki vəziyyətdə heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən də məhkəmə ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 xx xxxxxx 2017-ci il tarixədək müqavilə üzrə yaranmış faiz borcunu əsaslı hesab etsə də, həmin vaxtdan sonra faiz borcunun tələb edilməsini əsaslı saymır. Borcunun hesablanması isə xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 133/20 nömrəli ekspert rəyində isə İddiaçı X10 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya xx xxxxxx 2017-ci il tarixə, yəni müqavilə öhdəliklərinin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə tarixinə olan əsas borcunun 2897,29 (iki min səkkiz yüz doxsan yeddi ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları, faiz borcunun isə 858,56 (səkkiz yüz əlli səkkiz ABŞ dolları, əlli altı sent) ABŞ dolları təşkil etməsi qeyd olunmuşdur. Həmçinin rəydə o da qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiq edilməsi ilə əlaqədar Cavabdeh cari hesabına köçürdüyü 946,31 (doqquz yüz qırx altı ABŞ dolları, otuz bir sent) ABŞ dolları məbləğində pul vəsaiti nəzərə alındıqda cavabdehin ləğv prosesində olan İddiaçı X9 ümumi borcu 2809,55 (iki min səkkiz yüz doqquz ABŞ dolları, əlli beş sent) ABŞ dolları təşkil edir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbulediləndir. Mülki iş materialları səhifə 145-də olan hesabdan çıxarışdan aydın olur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın tətbiqi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 946,31 (doqquz yüz qırx altı ABŞ dolları, otuz bir sent) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən onun gecişdirilmiş əsas borcuna silinib. Bu isə o deməkdir ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı X9 əsas borcu 1950,98 (bir min doqquz yüz əlli ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları ( yəni 2897,29 - 946,31=1950,98) və faiz borcu isə 858,56 (səkkiz yüz əlli səkkiz ABŞ dolları, əlli altı sent) ABŞ dolları təşkil edir. Lakin iddia tələbindən görünür ki, ləğv prosesində olan İddiaçı X10 Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə tələb etdiyi əsas borc məbləği 2739 (iki min yeddi yüz otuz doqquz) ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də əsas borcun müəyyən edilməsi üçün iddia tələbi əsas götürülməlidir. Yəni Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı X9 əsas borcu 1792,69 (bir min yeddi yüz doxsan iki ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları təşkil edir (2739 - 946,31=1792,69). İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsinin 4-cü bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında ödəmə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarın 10-cu bəndində qeyd edilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə 1792,69 (bir min yeddi yüz doxsan iki ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları əsas borc, 858,56 (səkkiz yüz əlli səkkiz ABŞ dolları, əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 2651,25 (iki min altı yüz əlli bir ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 ödənilməli; -həmçinin 16 (on altı) manat, 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, KM 04 nömrəli kredit müqaviləsi üzrə 1792,69 (bir min yeddi yüz doxsan iki ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları əsas borc, 858,56 (səkkiz yüz əlli səkkiz ABŞ dolları, əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 2651,25 (iki min altı yüz əlli bir ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 ödənilsin. Həmçinin 16 (on altı) manat, 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-4/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-4/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver