Məhkəmə qərarları › İş №2(090)-51/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-51/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-51/2021 07.04.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin “11” oktyabr 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxxxxxx 2013-cü il tarixdə anadan olmuş X7 və xx xxxx 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən olunmuş hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək, hər uşağa hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixdə nikah daxil olubdur. Birgə nikahlarından xx xxxxxxxx 2013-cü il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X4 adlı iki övladları olubdur. Cavabdeh ilə evləndiyi gündən onunla normal yola getməyiblər, bu səbəbdən də xx xxxxxx 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinin 2(090)-08/2021 nömrəli qətnaməsi ilə nikahları pozulubdur. Cavabdeh uşaqlarına baxmadığından, onlara heç bir maddi köməklik göstərmədiyindən, tez-tez evi tərk edib getdiyinə görə ailəsi ilə maraqlanmadığından o, məcbur qalıb 2017ci ildə uşaqlarının saxlanılması üçün cavabdehdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət edibdir və Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsi ilə övladları X3 və X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ataları Cavabdeh ayda 150 (bir yüz əlli) manat sabit pul məbləği olan aliment pulu alınıb ona verilməsi qət edilibdir. Həmin müddətdən sonra uşaqları böyümüş, birinci övladı artıq orta məktəbdə ikinci sinifdə oxuyur və müalicəyə ehtiyacı vardır, cavabdehin ödədiyi aliment isə uşaqlarının tələbatlarını ödəmir. Uşaqlarının əlavə xərcləri var, cavabdeh isə hər bir uşaq üçün 75 manat aliment ödəyir bu isə uşaqlarının saxlanılması üçün azdır, ona görə də uşaqlarına təyin edilən alimentin artırılmasını istəyir. Uşağının müalicə olunmasına ehtiyac var, o Şahbuz Rayon Mədəniyyət şöbəsində nəzarətçi vəzifəsində işləyir və aylıq 285 manat əmək haqqı alır, aldığı əmək haqqı onun və uşaqlarının tələbatlarını ödəmir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o cavabdeh gəlirləri barədə məhkəməyə hər-hansı bir sübut təqdim edə bilmir, hər iki övladı onunla birlikdə yaşayır, cavabdeh isə onlara heç bir maddi yardım etmir, cavabdehin avtomobili və özünə məxsus şəxsi evi vardır, lakin cavabdeh əvvəldən onlar arasında nikahlarının pozulacağını bildiyi üçün həmin əmlakları anasının adına sənədləşdiribdir, onda olan məlumata görə cavabdeh “xxxx” MMC-də işləyir və aylıq 400-500 manat əmək haqqı alır, lakin onda məhkəməyə həmin halları təsdiq edəcək hər-hansı bir sübut yoxdur, əlavə olaraq İddiaçı Cavabdeh şəxsi təsərrüfatının olduğunu və yaxşı gəlir əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı işin mahiyyəti barədə ətraflı məlumat verdiyini bildirərək iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin “11” oktyabr 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsi ilə xx xxxxxxxx 2013-cü il tarixdə anadan olmuş X7 və xx xxxx 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ataları Cavabdeh ayda 150 (bir yüz əlli) manat aliment alınıb İddiaçı verilməsinin qət edilməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 856620 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 748602 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxx 2017-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçı və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin “11” oktyabr 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş X7 və xx xxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment miqdarını müəyyən edərkən məhkəmə onu nəzərə almışdır ki, İddiaçı iddia tələbində övladları xx xxxxxxxx 2013-cü tarixdə doğulmuş X7 və xx xxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, uşaqlardan birinin məktəbli olmasını və onun məktəb ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin “11” oktyabr 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən xx xxxxxxxx 2013-cü il tarixdə anadan olmuş X7 və xx xxxx 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda 150 (bir yüz əlli) manat sabit pul məbləği olan aliment pulunun alınıb İddiaçı verilməsinin qət olunması müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “23” fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” “27” iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin “11” oktyabr 2017-ci il tarixli, 2(090)-268/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş X7 və xx xxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 27.50 (iyirmi yeddi manat, 50 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(090)- 268/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş X7 və xx xxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 27.50 (iyirmi yeddi manat, 50 qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar