Məhkəmə qərarları › İş №2(090)-57/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-57/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-57/2023 24.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik-iddiaya dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2022-ci il tarixli, 12546 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 560 (beş yüz altmış) manat, ödənilməmiş qalıq dəyər üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 280 (iki yüz səksən) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 18 avqust 2022-ci il tarixli, 12546 nömrəli kredit müqaviləsinin 5.5-5.6-cı bəndlərinə görə tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti üzrə məhkəmələrdə həll edilir. Hazırki iddia tələbi üzrə tərəflər arasında mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair hər hansı sübut (mübahisənin məhkəmədən kənar həlli ilə bağlı məktub, bildiriş, reyestr) ərizəyə əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 yanvar 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə görə ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 yanvar 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar