Məhkəmə qərarları › İş №2(090)-60/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-60/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-60/2022 29.03.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 05 oktyabr 2001-ci ildə doğulmuş X4, 03 noyabr 2008-ci ildə doğulmuş X6 və 27 fevral 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 200 manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)- 205/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 193 manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq 03 noyabr 2008-ci ildə doğulmuş X6 və 27 fevral 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında bildirmişdir ki, Cavabdeh ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirərək evləndiklərini, həmin nikahdan üç övladlarının doğulduğunu, cavabdehlə Şahbuz Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, Cavabdeh 05 oktyabr 2001-ci il tarixdə doğulmuş X1, 03 noyabr 2008-ci il tarixdə doğulmuş X3 və 27 fevral 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 165 manat aliment alınmasının müəyyən edildiyini, həmin pulla uşaqları saxlaya bilmədiyini, bu səbəbdən də alimentin artırılması ilə əlaqədar yenidən məhkəməyə müraciət etdiyini, Şahbuz Rayon Məhkəməsinin işə baxaraq 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 3 uşağa 200 manat alimentin alınıb ona verilməsinin müəyyən edildiyini, artıq ərizə verməkdən yorulduğunu, buna görə də həmin 200 manat alimentə razılaşdığını, üç il ərzində çətinliklərlə övladlarını saxladığını, özünün kənd məktəbində xadimə işlədiyini, əmək haqqısının 150 manat olduğunu, valideynlərinin köməkliyinin olduğunu, yoxsa uşaqları tək çörəklə saxlamaq iqtidarında olduğunu, qızı Zülfünazın yetkinlik yaşına çatdığını, buna görə də cavabdehin 200 manat deyil, hər ay iki uşağa ümumilikdə 132 manat aliment ödədiyini, bu alimentlə övladlarını çox çətin şəraitdə yaşatdığını, onların artıq böyüdüklərini, tələbatlarının günü-gündən artdığını, Zeynalabdinin təqaüd almaqla bərabər, maldarlıqla həm də fərdi fəhləlik fəaliyyəti ilə məşğul olduğunu bildiyini, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh uşaqlarını görməyə belə gəlmir, onlarla maraqlanmır, o hal-hazırda kənd məktəbində xadimə işləyir və aylıq 150 manat əmək haqqı alır, onun uşaqları məktəblidir və uşaqlarının məktəb ləvazimatları üçün əlavə pul tələb olunur, cavabdehin hər uşağa görə ödədiyi 66 manat aliment isə uşaqların tələbatlarını qarşılamır, əlavə olaraq İddiaçı bildirdi ki, Cavabdeh maddi vəziyyətini nəzərə alaraq hər bir uşaq üçün 110 manat olmaqla, cəmi iki uşağa görə 220 manat aliment ödəməsinə etiraz etmir, bu barədə o, məhkəməyə ərizə də təqdim edibdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə 2000-ci ildə ailə qurublar, onların nikahlarından üç övladları doğulubdur, qızı Zülfünaz yetkinlik yaşına çatıbdır, o əvvəllər üç uşağa görə 200 manat aliment ödəyibdir, qızı Zülfünaz yetkinlik yaşına çatdığı üçün, hal-hazırda iki uşağa görə 135 manat aliment ödəyir, o əvvəllər ödədiyi 200 manat alimenti də çətinliklə ödəyibdir, onun maddi imkanı yoxdur ki iddiaçının tələb etdiyi alimenti ödəsin, hal-hazırda o, ikinci qrup əlildir, əlilliyə görə 253 manat pensiya alır, onun müalicəyə ehtiyacı vardır, lakin onun maddi imkanı yoxdur ki müalicə alsın, onun başında şiş vardır və əməliyyat üçün 15.000 manat pul tələb olunur, onun isə imkanı yoxdur pulu ödəsin, İddiaçı dedikləri yalandır, o bir neçə dəfə uşaqları ilə görüşmək istəyibdir, lakin iddiaçı hər dəfə onun uşaqları ilə görüşməsinə imkan verməyibdir, o imkan daxilində uşaqları ilə görüşübdür və hər dəfə uşaqlarına hərdən 15-20 manat pul da veribdir, lakin onun imkanı yoxdur ki uşaqlarının saxlanılması üçün iddiaçının tələb etdiyi alimenti ödəsin, o alimentin sabit məbləğdə deyil, aylıq qazancının 3/1 hissəsində tutulmasını istəyir, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, iddiaçı ilə nikahları pozulandan sonra onlara məxsus mənzili iddiaçı və uşaqlarına verərək evi tərk edib gedibdir, evi tərk edən zaman o, özü ilə heç bir əşya götürməyibdir, iddiaçının özü də işləyir və iddiaçının maddi imkanı ondan yaxşıdır, o boşandıqdan sonra yenidən ailə qurubdur, onun ikinci nikahından uşaqları yoxdur, hal-hazırda o, 253 manat pensiya alır və əlavə olaraq müharibə veteranı olduğu üçün 80 manat yardım alır, o heç bir yerdə işləmir və onun iddiaçının dediyi kimi başqa gəlirləri yoxdur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)-205/2018 nömrəli qətnaməsi ilə 05 oktyabr 2001-ci il tarixdə anadan olmuş X1, 03 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 27 fevral 2015ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şahbuz Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(090)-05/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş 165 (bir yüz altmış beş) manat aliment məbləğinin dəyişdirilərək Cavabdeh ayda 200 (iki yüz) manat alınıb İddiaçı verilməsi, alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlaması, Cavabdeh 20 (iyirmi) manat rüsumunun alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 174857 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X13 arasında bağlanmış nikah 07 aprel 2017-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah pozulandan sonra kişiyə “Novruzov”, qadına “Ramazanova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Culfa rayon Ləkətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İİ seriyalı, 169664 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 03 noyabr 2008-ci il tarixdə doğulmuş, anası Novruzova (Ramazanova) Şahnaz Tofiq qızı, atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 309309 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 27 fevral 2015-ci il tarixdə doğulmuş, anası Novruzova (Ramazanova) Şahnaz Tofiq qızı, atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş Şahbuz rayon İcra Hakimiyyəti Sələsüz kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 27 nömrəli arayışa əsasən, İddiaçı Şahbuz rayonunun Mərəlik kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 06 yanvar 2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Culfa rayonu, Boyəhməd kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, cavabdehin iddiaya etiraz ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)-205/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 03 noyabr 2008-ci ildə doğulmuş X6 və 27 fevral 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı iddia tələbində övladları X6 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq iki uşağa görə ödədiyi 132 (yüz otuz iki) manat alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaqlar böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi təsir edir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)-205/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, 05 oktyabr 2001-ci ildə anadan olmuş X4, 03 noyabr 2008-ci ildə anadan olmuş X6 və 27 fevral 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şahbuz Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(090)-05/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş 165 (bir yüz altmış beş) manat aliment məbləğinin dəyişdirilərək Cavabdeh ayda 200 (iki yüz) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin Cavabdeh alimentin sabit məbləğdə deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2.2-ci maddəsində nəzərdə tutulduğu qaydada pensiyasının 1/3 hissəsindən tutulması ilə xahiş etməsinə münasibət bildirərək qeyd edir ki, Elektron məhkəmə informasiya sistemində olan gəlir məlumatlarından görünür ki, Cavabdeh əlilliyə görə 263.84 manat pensiya və Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü kimi 80 manat sosial ödəniş alır və onun aylıq gəlirləri 343.84 manat təşkil edir. Alimentin iş üzrə cavabdehin qazancından tutulması halında iş üzrə cavabdehin aylıq qazancı 343.84 manat olmaqla bu bir uşağa görə 57,30 (əlli yeddi manat, otuz qəpik) manat (343.84/3=114,61/2=57.30) təşkil edəcək ki, bu məbləğ 2022-ci ildə bir uşaq üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyənlədirildiyi halda azlıq təşkil etməklə uşaqların və uşaqlar himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Ərizənin aliment tələbinə dair hissəsi qismən təmin edilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdehin aylıq gəlirləri 343.84 manat təşkil edir və iş üzrə onun digər gəlirləri sübuta yetirilməmişdir. Belə olan təqdirdə iş üzrə cavabdehdən 386 manat aliment tutula bilməsi imkanı real deyil. Məhkəmə bu nəticəyə gələrkən həmçinin İddiaçı hər bir uşağa görə 110 manat olmaqla, ümumilikdə 220 manat alimentin cavabdehdən tutulmasına dair etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)-205/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 03 noyabr 2008-ci ildə doğulmuş X6 və 27 fevral 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən verilmiş 017176 nömrəli vəsiqənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh müharibə veteranları üçün müəyyən olunan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar və eyni zamanda həmin Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Bu səbəbdən də məhkəmə dövlət rüsumunun tutulması məsələsinə baxmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(090)-205/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 03 noyabr 2008-ci ildə doğulmuş X6 və 27 fevral 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar