Məhkəmə qərarları › İş №2(090)-72/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-72/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-72/2022 28.04.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “28” mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat əsas və 26,50 (iyirmi altı manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1.123,06 (bir min bir yüz iyirmi üç manat, sıfır altı qəpik) manat borcun və ödənilmiş 31,23 (otuz bir manat, iyirmi üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, 09.09.2019-cu il tarixli, 097534 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 2.430 manat məbləğində kredit verilmiş və onunla 30.12.2014-cü il tarixli, 806 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 1.096,56 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 09.09.2019-cu il tarixli, 097534 saylı kredit müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərə nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borcalan borcverənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.02% miqdarında dəbbə (penya) pulu ödəyir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 0.02% miqdarında cərimə faiz ödəyir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Dostluq filialı arasında 09 sentyabr 2019-cu il tarixli, 10-19-23-097534 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə görə bu müqavilənin predmeti manat ilə ifadə olunan pul məbləğidir. Borcverən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borcalana illik 1% olmaqla, 60 ay müddətinə 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür və FİFD-1% təşkil edir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit, borcverənə tam məbləğdə faktiki qaytarılan günədək 60 ay ərzində illik 1% olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Həmin Müqavilənin 4.7-ci bəndinə görə müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borcalan, borcverənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02% miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərtilə). Həmin Müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə görə bu müqavilə 60 ay müddətinə bağlanılır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər borcalan tərəfindən borcverənə qaytarılmalıdır. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və bununla da tərəflərin müqavilə üzrə hüquq və vəzifələri yaranmış sayılır. İş materiallarında olan 09.09.2019-cu il tarixli ərizədən məlum olur ki, Cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına müvafiq olaraq onun vaxtı keçmiş kredit borcu 5 il müddətinə (1 il güzəşt müddəti olmaqla) illik 1 (bir) %-lə restrukturizasiya edilmiş, restrukturizasiya səbəbindən cari hesabında yaranan 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat vəsaiti 30.12.2014-cü il tarixində götürdüyü 2.430 (iki min dörd yüz otuz) manat kreditin qalıq ssuda borcunun tam ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Cavabdeh 29 noyabr 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 21 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC-nin Dostluq filialı ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli, 10-19-23-097534 saylı kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi ilə 60 (altmış) ay müddətinə 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat məbləğində kredit verilmişdir. 09.09.2019-cu il tarixli, 10-19-23-097534 saylı kredit müqaviləsi üzrə Cavabdeh 21.12.2021-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 1.123,06 (bir min bir yüz iyirmi üç manat, sıfır altı qəpik) manat, əsas borcu 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat, faiz borcu üzrə 26,50 (iyirmi altı manat, əlli qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 sentyabr 2019-cu il tarixli, 10-19-23- 097534 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu, həmin borca hesablanmış əsas və faiz borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat əsas və 26,50 (iyirmi altı manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1.123,06 (bir min bir yüz iyirmi üç manat, sıfır altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 16.02.2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat əsas və 26,50 (iyirmi altı manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1.123,06 (bir min bir yüz iyirmi üç manat, sıfır altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 10-19-23-097534 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 04 mart 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 31,23 (otuz bir manat, iyirmi üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.096,56 (bir min doxsan altı manat, əlli altı qəpik) manat əsas və 26,50 (iyirmi altı manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1.123,06 (bir min bir yüz iyirmi üç manat, sıfır altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 10-19-23-097534 nömrəli kredit müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 04 mart 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 31,23 (otuz bir manat, iyirmi üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar