Məhkəmə qərarları › İş №2(090)-92/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-92/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-92/2021 17.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3350 (üç min üç yüz əlli) manat pul borcunun və 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, o, əvvəllər ev əşyalarının alqı-satqısı ilə məşğul olubdur, 2019-cu ilin fevral ayında Cavabdeh ona yaxınlaşıb Şahbuz şəhər sakini və hərbiçi olduğunu, yeni evə köçdüyündən ona paltaryuyan maşın və televizor lazım olduğunu, lakin bu əşyaları nisyə yolla ala biləcəyini bildirdi. O, Cavabdeh tanımadığı üçün həmin əşyaları nisyə verə bilməyəcəyini deyibdir, lakin cavabdeh bir neçə dəfə onun yanında olub ona malları nisyə verməsi üçün xidmət etdiyi hərbi hissəyə aid sertifikat gətiribdir, bundan sonra o Cavabdeh inamı yarandığından ona nisyə olaraq 650 ( altı yüz əlli) manat dəyərində, 108 sm. ekran “LG” markalı televizor və 700 (yeddi yüz) manat dəyərində 7 kq. olan “Reqal” markalı paltaryuyan maşın satıbdır. Həmin vaxtı Cavabdeh üzərində pul az olduğundan ilkin ödəniş olaraq ona 90 manat pul ödəyibdir, qalmış 1200 manat pulu isə 6 ay ərzində ödəyib borcu bağlamalı olması barədə razılığa gəliblər. Lakin Cavabdeh 11 ay müxtəlif bəhanələrlə borcu ödəməyibdir, cavabdehə şikayət edəcəyini bildirdikdən sonra Cavabdeh öz xətti ilə ərizə yazaraq həqiqətən ondan 650 manata televizor, 700 manata isə paltaryuyan maşın aldığını və buna görə 1260 manat borcu olduğunu təsdiq edib, həmin borcu 2020-ci ilin iyun ayından başlayaraq hər ay 200 manat borcunu ödəyəcəyinə vəd edibdir. Cavabdeh atası həmin gün ona olan 1260 manat borcundan 200 (iki yüz) manat pul ona ödəyibdir, cavabdehin borcundan qalmış 1060 manat pulu isə dəfələrlə tələb etməyinə baxmayaraq bu günədək ödənməmişdir. Bununla əlaqədar İlhamla, onun atası və qardaşı ilə telefon əlaqəsi saxlayıb pulu gətirmələrini tələb edibdir, lakin cavabdeh hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən boyun qaçırıbdır. Artıq Cavabdeh borcunun qaytaracağı barədə vədindən 10 ay keçməsinə baxmayaraq həmin 1060 manat pulu yenə də qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh “LG” markalı, “108” ekran dəyəri 650 manat olan televizor və “Regal” markalı 7 kg, dəyəri 700 manat paltar yuyan maşına görə cəmi 1350 manat borcu olubdur, həmin borcdan Cavabdeh ilkin ödəniş 90 manat və borcundan 200 manat pul ödəyibdir, hal-hazırda cavabdehin 1060 manat borcu vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Babək rayon, Şıxmahmud kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 03 may 2021-ci il tarixli, 38 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayonu, Şıxmahmud kəndində yaşayır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Şahbuz şəhəri, H.Əliyev prospekti, 75 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş 09.06.2020-ci il tarixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı bir ədəd televizor dəyəri 650 manat və 1 ədəd dəyəri 700 manat olan paltaryuyan maşın olmaqla cəmi 1350 manata razılaşaraq alması, həmin malların pulundan 90 manat pulu iddiaçıya ödəməsi, cavabdehin həmin razılaşmaya əsasən İddiaçı aldığı qeyd edilən əşyaların pulundan 1260 (bir min iki yüz altmış) manat borcunun olmasının, həmin borcun 2020-ci ilin iyun ayından başlayaraq hər ay 200 manat ödəyəcəyini göstərmişdir. İddiaçının izahatı və 09.06.2020-ci il tarixli cavabdehin ərizəsi ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı borclu olduğu 1260 manat borcundan 200 manat ödəməsi və həmin ödənişdən sonra Cavabdeh İddiaçı 1060 manat borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı əşyalara görə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh nisyə satdığı mallara görə 1060 manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi ərizəni göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 1060 (bir min altmış) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 1060 (bir min altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar