Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-112/2024 14.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Orucova Kəmalə İsbəndiyar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21000,0 manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyi 153,0 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında səmimi dost münasibəti olub. O da aralarında olan səmimiyyətə inanaraq xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında cavabdehə 21000,0 manat borc pul vermişdir. Onlar belə razılaşmışlar ki, 3-4 ay ərzində heç bir faiz ödəmələri olmadan həmin pulu qaytarsın. Dəfələrlə xahiş etməyinə baxmayaraq cavabdeh ona borc olaraq verdiyi pulunu qaytarmır və bundan imtina edir Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-nə şikayət etmişdir. Şikayəti ilə bağlı qəbul edilmiş qərarın surəti ona verilməyib. Araşdırma zamanı cavabdeh ona borc olaraq verdiyi pulu qismən etiraf edib, ancaq pulu qaytarmır. Buna görə də məhkəməyə müraciət edir Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, hər şey belə başlamışdır ki, zamin kimi borclu olduğu pulu bağlamaq üçün banka getmişdir. Paşa onun 8 illik dostu idi və onunla gəlmişdir. Həmin vaxt cavabdehin borcu olduğuna görə ölkədən giriş-çıxışın qadağa qoyulmuşdu. Paşaya da 25000 manat pul lazım idi, amma borcu olduğuna görə pul verilmirdi. Paşa da onunla öz borcuna görə banka gəldi. Birlikdə getmişlər və onun adına Beynəlxalq bankda 11000,0 manat kredit açılmışdır. Sonradan da Azərtürk bankdan 8000,0 manat götürüb. Pulları cavabdehə verib. Həmçinin, 2000,0 manatlıq tamkartı da cavabdehə verib. Bu pullardan ona cəmi 1000,0 manat çatıb. Paşa işlərini həll etdi və sonradan telefonu götürməməyə başladı. Buna görə o, məcbur olub banka 3000,0 manat ödəyib gecikməni bağlamış, digər bankda vaxtı uzatmışdır. Geriyə təxmini 9500 və 9000 olmaqla 18000 yarım pul qalmışdır. Hazırda razılığa gəlmişlər ki, Paşa 12000,0 manatı ödəməyi öz öhdəsinə götürür, qalan hissəni də o özü ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatındakı xüsusatları qeyd etdi, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatını onunla əsaslandırdı ki, ona cəmi 4200,0 manat pul verilib. Belə ki, o, iddiaçıya söz vermişdir ki, yoldaşlığa görə iddiaçının borcunun qaytarılmasına köməklik edəcək. İddiaçı 11000 və 8000 olmaqla iki dəfə kredit götürüb. 8000 manat kreditdən 4000, 11000 manat kreditdən isə 200 manat ona çatıb. Əlavə etdi ki, iddiaçı ilə razılaşır ki, 11500,0 manat pulu o ödəsin, qəbul edir, qalan pulu iddiaçı ödəsin. 11500,0 pulu ödəməyə razıdır, lakin ona cəmi 4200,0 manat pul verilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə alınaraq surəti iş materiallarına əlavə olunmuş İddiaçı Bakı şəhəri Yasamal RPŞ-nə müraciəti əsasında toplanmış materialdan görünür ki, Cavabdeh izahatı alınmış, o, xx.xx.2023-cü il tarixdə izahat verərək bildirmişdir ki, tanışı Elnurla birlikdə Beynəlxalq Bankdan 11000 manat nəğd pul krediti və bankomatdan 2000 manat özünə məxsus tam kartından pul götürdü. Daha sonra həmin pulu ATB bankın 28 may filialından yaxınlaşaraq Orxan adlı şəxsin köməyi ilə 8000 manat nəğd pul kreditini götürmüş ona demişdir ki, 8000 manatdan ona qalan pulun ödənişini özü edəcəyinə söz vemriş və həmin məbləğdən ona çatan 4000 manatdır. Bu məbləğdə olan ödənişini edir, sadəcə olaraq 20 gün gecikdirdiyinə görə aralarında söz-söhbət olub. 4000 manat ona verilərək bankdan uzaqlaşandan sonra hərə öz işinə getmiş, o bildirmişdir ki, Atb bankdan götürdükləri 8000 manatın aylığını ödəyib köməklik edəcək. İddiaçı Beynəlxalq bankdan götürdüyü 11000 manat və kartından çıxardığı 2000 manat puldan ona heç bir məbləğ verməyib. Məhkəmə, iddianı araşdıraraq müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri olmuş, sonuncu aldığı pul vəsaitini geri qaytarmayaraq kreditora maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Göründüyü kimi iddiaçı cavabdehə ümumilikdə 21000,0 manat pul verdiyini, həmin pulun qaytarılmadığını bildirir. Cavabdeh isə iddiaçıdan aldığı pulun cəmi 4200,0 manat təşkil etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 21000,0 manat pul verildiyini bildirsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim olunmamışdır. Lakin iddiaçı tərəfindən cavabdehə 4200,0 manat borc pulun verilməsi işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halları isə iddiaçının cavabdehə ümumilikdə 21000,0 manat pul verməsidir. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 4200,0 manat pulun verilməsi işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 4200,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 4200,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin, 4200,0 manat olan hissəsində yəni cavabdehin ona 4200,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 21000,0 manat pul vəaitinin 4200,0 manat məbləğində olan hissəsinin cavabdehə verdiyini sübuta yetirmiş, qalan hissədə isə sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 4200,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaiti ona qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 4200,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin ödənilməmiş 4200,0 manat məbləğini ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 4200,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə, iddiadan və iş materiallarından görünür ki, iddiaçı, məhkəməyə müraciət edərkən 153,0 manat dövlət rüsumu ödəmiş, həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun 30,60 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 4200,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30,60 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-112/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-112/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver