Məhkəmə qərarları › İş №2(094)-120/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-120/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-120/2023 25.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay sabit pul məbləğində, 220 (iki yüz iyirmi) manat alimentin tutulması və mediasiya arayışına görə ödədiyi 50 (əlli) manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə 22 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 29 may 2008-ci il təvəllüdlü X5 adlı bir uşaqları olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar. Sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 29 may 2008-ci il təvəllüdlü X5 onun yanında saxlanılmış və uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment Cavabdehh Ağakərim oğlundan onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra o, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 may 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 193 manat aliment uşağın saxlanılmasına çatmır və buna görə də alimentin məhkəməyə qaydasında artırılmasını istəyir. Hər ay uşağın geyim, yemək və digər xərclərinə 500 manatdan artıq xərci çıxır. Cavabdeh isə onlara heç bir əlavə köməklik göstərmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-17/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnamədən göründüyü kimi, Cavabdehh Ağarəhim oğlu ilə Əliyeva (Məmmədova) Aynurə Qədir qızı arasında 22 oktyabr 2004-cü il tarixdə bağlanmış və Masallı RİHB-nin Hişkədərə ərazi nümayəndəliyində 16 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından olan 29 may 2008-ci il təvəllüdlü X5 anası X1 yanında qalması və 09 sentyabr 2020-ci il tarixdən başlayaraq 29 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehh Ağarəhim oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 110559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 may 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdehh Ağarəhim oğlu, anası isə Əliyeva (Məmmədova) Aynurə Qədir qızıdır. İş materiallarında olan AZ-İ seriyalı 385650 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdehh Ağarəhim oğlu ilə X3 araladına bağlanmış nikah qeydi 17 mart 2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-224/2022 saylı 05 iyul 2022-ci il tarixli qətnamədən göründüyü kimi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-17/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Cavabdehh Ağarəhim oğlundan tutulan aliment məbləği artırılması və 29 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehh Ağarəhim oğlundan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022ci il tarixli arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin hazırda işləməməklə maddi imkanının artırılması tələb edilən alimenti ödəmək üçün kifayət etməməsi dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-224/2022 saylı, 05 iyul 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 220 manatadək artırılmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-224/2022 saylı, 05 iyul 2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-224/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılsın. 29 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə 50 manat mediasiyaya dair ödənilmiş rüsum tutulsun. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar