Məhkəmə qərarları › İş №2(094)-131/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-131/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-131/2024 09.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşdur. Sözügedən nikah Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 93 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların rəsmi nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahımız pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170,0 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin ödədiyi məbləğ bu günki yaşam tərzinə uyğun deyildir. Məsələ orasındadır ki, 2020-ci il tarixdən bəri istər ərzaq məhsulların, istər dərman vəsaitlərinin, istər uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. O bu gün uşağın təlabatlarını ödəmək iqtidarında deyildir. Ona kəsilən aliment uşağın hər hansı bir təlabatını ödənilməsinə imkan vermir. 2020-ci ildən bəri uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu dəfələrlə artmışdır. Bildirmək istəyir ki, uşağı xx.xx.2017-ci il təvəllüdlü X6 xərçəng xəstəsidir. 2023-cü il tarixdə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olmuşdur, barəsində kimyaterapiya keçirilərək 20-dən çox şüa almışdır. Onun qayğısına qaldığı üçün, uşağın vəziyyəti ağır olduğu üçün iddiaçı işləyə bilmir. Anası dəmir yolunda xadimə işləyərək onların üçünü də dolandırır. Atası Qeysəddin 10 ildən çoxdur ki, dünyasını dəyişmişdir. Anasının qazancı da uşağın dərmanlarına gedir. Hər üçü acınacaqlı vəziyyətdədirlər, günlərlə yeməyə yavan çörək tapmırlar. Cavabdeh isə azyaşlı uşağın saxlanması üçün təyin edilmiş alimentdən savayı 1 qəpik belə ödəmir. Onun ödədiyi aliment uşağın heç bir ehtiyacın ödənilməsi üçün kifayət eləmir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235,0 manat sabit pul məbləğində aliment və ilkin mediasiya xərci üçün ödənilmiş 50,0 manat və kargüzarlıq xərci üçün ödənilmiş 10,0 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, xəstədir, maddi imkanı yoxdur, çatdıra bilmir, heç olmaya 200,0 manat olsaydı yaxşı olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də İddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi surətindən görünür ki, Cavabdeh ilə Gəncəliyeva (Ziyadova) Zarina Qeysəddin qızı arasında 30 sentyabr 2016-cı il tarixdə bağlanmış və Xəzər rayon Qeydiyyat şöbəsinin Zirə bölməsində 93 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, həmin nikahdan olan X2 anası Gəncəliyeva (Ziyadova) Zarina Qeysəddin qızının yanında qalması, 02 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Gəncəliyeva (Ziyadova) Zarina Qeysəddin qızına verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına X4 dair stasionar xəstənin xəstəlik tarixindən çıxarış, tibbi kartadan çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Pirallahı Rayon Məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq anası Gəncəliyeva (Ziyadova) Zarina Qeysəddin qızının himayəsində saxlanılmış və uşağa görə 170,0 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,0 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar