Məhkəmə qərarları › İş №2(094)-133/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-133/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-133/2023 11.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-313/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün onun xeyrinə hər ay hər uşağa 220,0 manat olmaqla, cəmi 440,0 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında olmuş və xx.xx.2018ci il tarixdə ləğv edilmiş nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu və bu münasibətlərin davam etməsinin mümkünsüz olduğu, eləcə də cavabdeh uşaqların saxlanması üçün ona yardım etmədiyindən, məhkəməyə müraciət etmiş və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə azyaşlı Vaqif və Venerann yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa 136,0 manat olmaqla, cəmi 272,0 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Müraciəti əsasında Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən təyin edilən alimentin məbləği artırılaraq cavabdehdən onun xeyrinə hər uşaq üçün 150,0 manat, cəmi 300,0 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Cavabdehdən hər ay ödənilməsi nəzərdə tutulan 300,0 manat məbləğində aliment böyüməkdə olan və ehtiyacları daim artan iki uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. İddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220,0 manat olmaq, cəmi 440,0 manat müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı ana “Diamed CO” Şpris istehsalı zavodunda işləyir. Sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair aktlardan görünür ki, Cavabdeh hər iki gözünə zəif görmə, daxili çəpgözlük, mürəkkəb hipermetropik astiqmatizm, yüksək ambliopiya vardır. Bundan başqa, Cavabdeh xəstəliyi səbəbindən hərbi xidmətə yararsızdır. Bundan başqa, İddiaçı “Diamed CO” Şpris istehsalı zavodunda işləyir. Onun əmək haqqısı barədə məlumatın alınması üçün həmin müəssisəyə 19 aprel 2023-cü il tarixdə vəkil sorğusu verilmişdir. Xüsusilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddiduruma saldığını, gözlərində olan zəiflik, çəpgözlük problemi səbəbindən iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Bundan başqa, alimentin 150,0 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxanda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Tərəflərin uşaqlarının saxlanması üçün alimentin məhkəmə qətnaməsi ilə tutulması zamanından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi zamanadək olan müddətdə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-313/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Pirallahı Rayon Məhkəməsinin 2(094)-614/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150,0 manat olmaqla cəmi 300,0 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2018-ci ildə Xaçmaz rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarına X3 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Cavabdeh dair verilmiş sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair xx.xx.2018, xx.xx.2015, xx.xx.2012, xx.xx.2009, xx.xx.2006, xx.xx.2002-ci il tarixli aktlar əlavə edilmişdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, Cavabdeh hərbi xidmətə yararsız (müharibə vaxtı məhdud yararlı) hesab edilmişdir. İş materiallarında olan elektron portal çıxarışından görünür ki, hazırkı iş üzrə İddiaçı əmək haqqı 613,0 manat, Cavabdeh əmək haqqı 612,5 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Onlar arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-313/2020 saylı qətnaməsinə əsasən Pirallahı Rayon Məhkəməsinin 2(094)-614/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150,0 manat olmaqla cəmi 300,0 manat sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, həmçinin uşaqların böyüdüyü nəzərə alındıqda, iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)- 313/2020 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 180,0 manat olmaqla cəmi 360,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-313/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 180,0 manat olmaqla, cəmi 360,0 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar