Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-177/2023 04.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)- 472/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa 220,0 manat olmaqla, cəmi 440,0 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında saxlanılmaları və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə xx.xx.2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsində 2(078)-160/2018 nömrəli qətnamə qəbul edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-472/2021 saylı qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-160/2018 nömrəli xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləğinin artırılması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 175,0 manat, cəmi 350,0 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Ödənilən alimentlə övladlarının normal qidalanması, öz yaşıdlarından geri qalmamasını, istirahətlərini, təhsillərini, idmanla məşğul olmalarını, keyfiyyətli tibbi müayinələrdən keçmələrini təşkil etmək mümkün olmur. İstəyir ki, övladları öz yaşıdlarından geri qalmasın. Bu səbəbdən alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Alimentin artırılması ilə bağlı mediasiyaya müraciət edilmiş, lakin xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçı ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. İddiaçıya hər ay 400,0 manat aliment ödəməyə imkanı var. Hər ay 400,0 manat ödəməyə də razıdır. Lakin alimentin artırılmamasını xahiş edir. Çünki ödədiyi 400,0 manatn 50,0 manatını yığılmış aliment borcuna görə verir. İddiaçıya hər ay 400,0 manat versə də, buna imkanı olsa da, həmin pulun 50,0 manatı aliment borcundan silindiyinə görə alimentin artırılmasını istəmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-472/2021 saylı qətnaməsinin surətindən görünür ki, Naxçıvan Rayon Məhkəməsinin 2(078)-160/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılmış, 01 aprel 2009-cu il təvəllüdlü X2 və 07 may 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahına xitam verilmiş, bu barədə Naxçıvan şəhər nikah evində xx.xx.2018-ci il tarixli akt qeydi aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. İşdə olsn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışndan görünür ki, Cavabdeh aylıq əmək haqqı 345,0 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Onlar arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-472/2021 saylı qətnaməsinə əsasən Naxçıvan Rayon Məhkəməsinin 2(078)-160/2018 saylı, 23 may 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175,0 manat olmaqla cəmi 350,0 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda məhkəməyə müraciət edərək məhkəmə qətnaməsiilə tutulan alimentin uşaqların saxlanması üçün kifayət etmədiyini əsas gətirərək aliment məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, həmçinin uşaqların böyüdüyü nəzərə alındıqda, iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh iddiaya etirazında göstərmişdir ki, iddiaçıya uşaqların saxlanması üçün hər ay 400,0 manat aliment ödəməyə maddi imkanı uyğundur, lakin yığılmış aliment borcundan ayda 50,0 manat ödəniş etdiyi üçün alimentin artırılmasını istəmir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-472/2021 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200,0 manat olmaqla cəmi 400,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-472/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200,0 manat olmaqla, cəmi 400,0 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-177/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-177/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver