Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-21/2024 13.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə Bakı şəhər, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 19, mənzil 6 yaşayırlar. Mənzil mərhum X1 xüsusi mülkiyyətində olmuşdur. Həyat yoldaşım həmin mənzilə gəlin köçmüşdür, eyni zamanda övladları həmin ünvanda doğulmuşlar və boya başa çıxmışlar. O və ailə üzvləri başqa ünvanda qeydiyatda olmuşlar, həmin ünvan özgəninkiləşdirilmişdir və həmin ünvandan qeydiyatdan çıxmaqları barədə notariat kontorunda razılıq ərizəsi vermişlər. Hazırda qeydiyatdan çıxmaqları barədə öhdəçilik götürmüşlər, bu səbəbdən də hesab edir ki, onun və ailə üzvlərinin qeydiyata düşməyi vacibdir. Qeydiyata düşməkləri barədə mənzilin yerləşdiyi ərazi üzrə Pirallahı rayon Polis İdarəsinə poçt vasitəsilə ərizə ünvanlamışlar. Polis İdarəsindən isə cavab verilməmişdir. Odur ki, cavabdeh X2 paylı mülkiyyətində olan ünvan 2 ünvanına İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 onun həyat yoldaşı, digər iddiaçılar isə onların övladlarıdır. O, Fikrətlə ilk dəfə 1987-ci ildə nikaha daxil olub. Həmin vaxt mübahisəli ev mövcud deyildi. Həmin vaxt şəhərdə aldıqları yataqxanada yaşayıblar, uşaqları da orada doğulub. Mübahisəli ev 1997-ci ildə alınıb. O, həmin evdə 1 ilə yaxın yaşayıb, sonra isə Fikrətlə birlikdə oradan çıxıb yenidən yataqxanaya köçüblər. 2004- 2005-ci illərdə onların nikahları pozulub. Evin mülkiyyətçisi olan qaynanası 2010-cu ildə vəfat edib. O, Fikrətlə yenidən qeyri-rəsmi barışmış və 2010-cu ildə mübahisəli evə ikinci dəfə köçür. Bu dəfə həmin evdə 6 ay yaşamışdır. Sonradan Fikrətlə yenidən ayrılırlar və evi Fikrətsiz tərk edib gedir. Cavabdeh1 2010-cu ildən daimi olaraq həmin evdə yaşayır. Onlar 2017-ci ildə yenidən rəsmi nikaha daxil olurlar və o, uşaqları ilə birlikdə evə köçür və o vaxtdan daimi olaraq orada yaşayırlar. Lakin qızı Simuzər 2022-ci ildə nikaha daxil olaraq evdən getmişdir. Hazırda yaşadıqları evə qeydiyyata düşmək istəyirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək digər iddiaçının izahatında olan xüsusatlara uyğun izahat verdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, İddiaçı1 onun həyat yoldaşı, digər iddiaçılar isə onun övladlarıdır. Mübahisəli ev onun və bacılarının paylı mülkiyyətindədir. O, İddiaçı1 ilə iki dəfə evlənib. Sonuncu dəfə 2017-ci ildə evləniblər, Rəna uşaqları ilə birlikdə evə köçüb və o vaxtdan daimi olaraq orada yaşayırlar. Qızı Simuzər gəlin köçüb. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, ev onların mülkiyyətindədir, nə o, nə də bacıları iddiaçıların evə qeydiyyata düşməklərini istəmir. O vaxtlar o, alver edirdi, əslində evin pulunun yarısını o verib. Amma yenə də evi istəmir. Vaxtı gələcək evi qardaşının balasına verəcək, amma indi yox. Vaxtı gələndə bacılarına da deyəcək bunu. Onların orada yaşamaqlarına heç kim etiraz etmir, yaşasınlar. Amma qeydiyyata düşməsinlər. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evi anası alıb. Qoy yaşasınlar, onlara heç kim yaşama demir. Onun bir qardaşı var, sadəcə olaraq qardaşı analarına baxmayıb. Rəna onların gəlinləridir. Yaxında yaşamaqlarına baxmayaraq, gəlin kimi onu saymır, hörmət etmir. O, davadalaş sevmir. İddiaçıların evdə yaşamağına etirazı yoxdur, lakin iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 hər birinə ¼ hissədə olmaqla Cavabdeh3 adına xx.xx.2010-cu il, Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə, Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. (Cavabdeh4 payının qeydiyyatı göstərilməmişdir). 159 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 93 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 2 ünvanın qeydiyyatsız yaşayır. Ailə tərkibi Cavabdeh1 və İddiaçı2 ibarətdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2022-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. İşin faktiki halları. ünvan 2 1997-ci ildə cavabdehlərin anası tərəfindən alınmış və onun mülkiyyətində olmuşdur. Hazırda isə mərhumun övladları olan cavabdehlərin paylı mülkiyyətindədir. Onların hər birinə ¼ hissədə olmaqla Cavabdeh3 adına xx.xx.2010-cu il, Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə, Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. (Cavabdeh4 payının qeydiyyatı göstərilməmişdir). İddiaçı1 Cavabdeh1 ilə nikahda olduğu vaxtda 1997-ci ildə mülkiyyətçinin gəlini kimi həmin evdə 1 ilə yaxın yaşayıb, sonra isə həyat yoldaşı ilə birlikdə oradan çıxıb getmiş, 2004- 2005-ci illərdə isə nikahlarına xitam vermişlər. Evin mülkiyyətçisi olan qaynanası 2010-cu ildə vəfat etmişdir. İddiaçı1 həmin ildə Cavabdeh1 ilə faktiki nikaha girərək mübahisəli evə ikinci dəfə köçmüş, bu dəfə orada 6 ay yaşamışdır. Onlar yenidən ayrılmış və iddiaçılar evi tərk etmişdir. Cavabdeh1 2010-cu ildən daimi olaraq mübahisəli evdə yaşayır. İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ildə yenidən rəsmi nikaha daxil olmuş və uşaqları ilə birlikdə mübahisəli evə köçməklə, həmin vaxtdan daimi olaraq orada yaşayırlar. İddiaçı3 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmaqla daimi olaraq başqa yerdə yaşamaq üçün köçüb getmişdir. Hazırda iddiaçılar mübahisəli evə dair istifadə hüquqlarının tanınmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul edir. Digər cavabdehlər isə iddiaçıların mübahisəli evdə yaşamaqlarına etiraz etməsələr də, oraya qeydiyyata düşməklərini istəmədiklərini bildərərək iddianı qəbul etmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi, ünvan 2 hər biri ¼ hissədə olmaqla Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddiaçı1 Cavabdeh1 ilə nikahda olduğu vaxtda 1997-ci ildə mülkiyyətçinin gəlini kimi həmin evdə 1 ilə yaxın yaşayıb, sonra isə həyat yoldaşı ilə birlikdə oradan çıxıb getmiş, 2004- 2005-ci illərdə isə nikahlarına xitam vermişlər. Evin mülkiyyətçisi 2010-cu ildə vəfat etmişdir. İddiaçı1 həmin ildə Cavabdeh1 ilə faktiki nikaha girərək mübahisəli evə ikinci dəfə köçmüş, bu dəfə orada 6 ay yaşamışdır. Onlar yenidən ayrılmış və iddiaçılar evi tərk etmişdir. İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ildə yenidən rəsmi nikaha daxil olmuş və uşaqları ilə birlikdə mübahisəli evə köçməklə, həmin vaxtdan daimi olaraq orada yaşayırlar. İddiaçı3 isə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmaqla daimi olaraq başqa yerdə yaşamaq üçün köçüb getmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar mübahisəli evə 2017-ci ildə daimi olaraq köçdüyündən mübahisəyə xx.xx.2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İşin faktiki hallarından görünür ki, iddiaçılar Cavabdeh1 arvadı və uşaqları olmaqla, onun ailə üzvü hesab edilir. Məhkəmə ilk növbədə İddiaçı3 iddiasına münasibətdə qeyd edir ki, tərəflərin izahatları və işin faktiki hallarından görünür ki, İddiaçı3 xx.xx.2022-ci il tarixdə nikaha daxil olaraq daimi olaraq başqa yerdə yaşamaq üçün köçüb getmişdir. Hazırda onun tərəfindən mövcud iddianın qaldırılmasında məqsəd mübahisəli evə pasport qeydiyyatına düşməkdir. Halbuki, əmlakdan istifadə hüququ oradan faktik istifadəni ehtiva edir. Qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə İddiaçı3 mübahisəli evdən daimi olaraq köçüb getdiyini, yaşayış sahəsinə ehtiyacı olmadığını və iş üzrə müəyyən olunan digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, iddia İddiaçı3 ünvan 2-dan istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Məhkəmə iddianı qalan hissədə araşdıraraq bildirir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh-mülkiyyətçi Cavabdeh1 ailə üzvləri olmaqla mübahisəli mənzildə qanuni əsaslarla yaşayırlar və oradan istifadə hüququna malik şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, iddiaçıların evdən istifadə hüququ Cavabdeh1 ilə aralarındakı ailə münasibətlərindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddiasının dəlilləri əsaslıdır. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanına istifadə hüquqları tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanına istifadə hüquqları tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-21/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-21/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver