Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-317/2023 19.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13000,0 manat, hazırkı iddianın qaldırılması ilə əlaqədar vəkilə ödədiyi 200,0 manat və 129,0 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o, Cavabdeh 13000,0 manat məbləğində borc pul vermişdir. Pullar veriləndə yazılı formadan istifadə olunub, yəni Cavabdeh tərəfindən pulların alınması barədə qəbz tərtib olunub. Razılaşmaya görə Cavabdeh həmin məbləği 2023-cü ilin sentyabr ayında qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ona həmin borcdan heç nə qaytarmayıb. Üzərinə götürdüyü öhdəliyi icra etmir. Bu səbəbdən məhkəməyə müraciət edib borcu qaytarılmasını tələb etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında borcun verilməsinə dair sadə yazılı formada olan qəbzdən (iltizam) görünür ki, cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixində 13000,0 manat məbləğində pulu alaraq, 2023-cü ilin sentyabr ayında qaytaracağına söz verib və öz imzası ilə təsdiqləyib. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan xx.xx.2023-cü il tarixində 13000,0 manat borcunu 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmiş və bu barədə iddiaçıya sadə yazılı formada tərtib olunmuş qəbz vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində 13000,0 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində şifahi qaydada bağlanmış 13000,0 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 13000,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, işin araşdırılan halları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 129,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatdan 10.000,0 manatadək olduqda 30,0 manat + 1.000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi yardım alınması üçün vəkil məsləhətxanasına 200,0 manat pul vəsaiti ödənilmişdir və o, hazırda həmin xərcin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iddianı həmin hissədə də araşdıraraq hesab edir ki, iddia əsaslıdır və hüquqi yardıma görə ödənilmiş 200,0 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh verilmiş borca görə 13000,0 manat, hazırkı iddianın qaldırılması ilə əlaqədar vəkilə ödədiyi 200,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 129,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 13000,0 manat, hazırkı iddianın qaldırılması ilə əlaqədar vəkilə ödədiyi 200,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 129,0 manat dövlət rüsumu, cəmi 13329,0 (on üç min üç yüz iyirmi doqquz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-317/2023
Pirallahı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(094)-317/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver