Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-93/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda övladı xx.xx.2018-ci il təvəllüdlü X4 dörd yaşı vardır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsinə əsasən təyin olunmuş 160 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq hazırda uşaq bağçasına gedir və ona görə də məsrəfləri yetərincə artmışdır. Eyni zamanda artıq uşağın təhsili ilə bağlı, tibbi, ərzaq, paltar və digər xərcləri də vardır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Hazırda valideyninin himayəsində yaşayır və xərclərinin ödənilməsində valideyni də iştirak edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etmədiyini hazırda heç bir yerdə işləmədiyini və iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı olmadını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı 104684 seriyalı “Doğum haqqında şəhadətnamən”in surətindən göründüyü kimi, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. X1, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, 07 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli arayışından görünür ki, X6 mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin hazırda işləməməklə maddi imkanının artırılması tələb edilən alimenti ödəmək üçün kifayət etməməsi dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 220 manatadək artırılmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi əsasında cavabdeh X2 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2019 saylı, 20 may 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 07 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-93/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-93/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver