Məhkəmə qərarları › İş №2(1-8)-1003/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1003/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1003/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı2 və iddiaçı1 Ucuzəli oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı2 və iddiaçı1 Ucuzəli oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Imişli RPŞ-nin IB-nin müstəntiqinin # #### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuşdur ki, iddiaçı1 özünə məxsus olan 31 baş iribuynuzlu dişi cinsli heyvanları ##.##.2024-cü il tarixdə 28000 manata Cavabdeh satmaq barədə razılığa gəlmişlər. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, hazırda Akifə 13000 manat borcu qalmış və həmin pulu tez bir zamanda ödəyəcəkdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı iddiaçı2 və iddiaçı1 Ucuzəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 13000 manat pulun və 129 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Imişli rayonu Qızılkənd kəndində yaşayırlar. Bacı-qardaş olaraq şərikli heyvan alıb saxlamışlar. ##.##.2024-ci il tarixdə 31 baş iri buynuzlu dişi cinsli heyvanları həyətdən Cavabdeh Akifin vasitəsi ilə cəmi dəyəri 28000 manata xeyrləşib aparmışdır. Bu günə kimi həmin puldan 13000 manatını qaytarmamışdır. Dəfələrlə istəmişlər, lakin müəyyən bəhanələrlə verməkdən imtina edir. Onun bu hərəkətlərinə görə Imişli rayon Polis şöbəsinə müraciət etmişlər. Cavabdeh əməlində cinayət işi olmadığından ##.##.2025-ci il tarixdə cinayət işi başlanması rədd edilmiş, eyni zamanda məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərarda Cavabdeh borclu qaldığı 13000 manatı etiraf etmiş, tez bir zamanda verəcəyini söz vermişdir, lakin pulu ödəməkdən yenə də imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşlər. Bütün gəlirləri əldən çıxmışdır. Ikisi də ağır xəstədir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 Ucuzəli oğlunun nümayəndəsi və iddiaçı iddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı əlavə olaraq bildirmişdir ki, heyvanlar qardaşı ilə ona məxsusdur. Qardaşı ona etibarnamə vermişdir. Qardaşı hazırda xəstədir. Məhkəmə iclasında iştirak edə bilmir.

5. Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli ilə (hakim Gülsaba Ağayeva) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar 31 baş iribuynuzlu dişi cinsli heyvanların ##.##.2024-cü il tarixdə 28000 manata cavabdehə satılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh həmin pul məbləğindən müəyyən hissə ödənişlər etsə də, iddiaçılara ödənilməmiş borcu qalmışdır.

7. Belə ki, cavabdeh Cavabdeh cinayət işi başlanmasının rədd edilməsi haqqında ## #### 2025-ci il tarixli qərarda olan izahatından görünür ki, o Imişli rayonu Həzi Aslanov küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində qəssab mağazası işlətdiyini bildirmişdir. iddiaçı1 mal-qara aldıqdan sonra tanımışdır. 2024-cü ilin yay aylarından Akif onun işlədiyi qəssabxanaya gələrək ona özünün mal-qarası olduğunu və həmin mal-qaranı satmaq istədiyini bildirmişdir. O Akifə, həmin mal-qaranı bir-bir kəsib pulunu verə biləcəyini, çünki hazırda onun maddi imkanının olmadığını bildirmişdir. Akif onu yaşadığı evə aparıb malqaraya baxmağı təklif etmişdir. Bundan sonra Akiflə birlikdə Imişli rayon Qızılkənd kəndində yerləşən Akifin bacısının yaşadığı evə getmişdir. Malqaraya baxdıqdan sonra Akif həmin heyvanları 28000 manata satdığını bildirmişdir. Həmin heyvanlar 31 baş iribuynuzlu dişi cinsli heyvanlar olmuşdur. O Akifə hazırda maddi imkanı zəif olduğunu və bu heyvanları hazırda bütöv şəkildə ala bilməyəcəyini bildirmişdir. Akif ona, heyvanları hamısını götürməyi və ilk öncə 2000 manat, yerdə qalan pulu isə 10 gündən bir 5000 manat verəcəyini bildirmişdir. Bundan sonra o Akiflə razılaşmışdır. Hər gün o heyvanları Akifin iştirakı ilə yük avtomobilinə yığıb yaşadığı Imişli rayon Qulular kəndində evə gətirmişdir. Ertəsi gün o 2000 manat pulu Akifin verdiyi kart hesabına köçürmüşdür. Bundan sonra o Akifə imkanı olmadığı üçün 5000 manat pulu verə bilməyəcəyini bildirmişdir. Akif ona hər gün 100 manat pul verməyi bildirmişdir. O hər gün Akifin ona verdiyi kart nömrəsinə 100 manat, 50 manat pul köçürtmüşdür. 2024-cü ilin dekabr ayının sonuna qədər o Akifə ümumilikdə 15000 manat pul verdiyini bildirmişdir. Daha sonra o avtomobil qəzası keçirdiyi üçün Akifə pul verə bilməmişdir. 2024-cü ilin dekabr ayına qədər Akifə onun işlətdiyi qəssabxanaya həmin pulun qarşılığında ət vermək üçün tanımadığı qohumunu göndərmişdir. O da həmin şəxsə 10-15 dəfə hər dəfəsində 3-4 kq olmaqla ət vermişdir. Hazırda onun Akifə 13000 manat borcu qalmış və həmin pulu tez bir zamanda verəcəyinə söz vermişdir.

8. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının cavabdehə 31 baş iribuynuzlu dişi cinsli heyvanları satması və razılaşıdırlmış pul məbləğinin ona tam qaytarılmaması faktı ## #### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin etirafedici izahatı ilə təsdiqini tapmışdır.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 442, 567, 600.1, 600.2, 600.4, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Imişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 31 baş iribuynuzlu dişi cinsli heyvanları satması və razılaşıdırlmış pul məbləğinin ona tam qaytarılmaması faktı # #### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin etirafedici izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh razılaşdırılmış məbləğdən 13000 manatını ödəməmiş, iddiaçılar da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-satıcı öhdəliyə uyğun olaraq dəyəri 31 baş iri buynuzlu dişi cinsli heyvanları cavabdehə-alıcıya təhvil vermiş, cavabdeh bunun müqabilində 28000 manat pulu qaytaracağını vəd etmişdir. Qeyd edilənlər cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında da öz təsdiqini tapmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə uyğun olaraq pulun geri qalan hissəsini, yəni 13000 manatı geri qaytarmamışdır.

15. Birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlmiş, bunun əsasında işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, o, borcunu tam olaraq ödədiyindən hazırda iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə onun prossesdə iştirakını təmin etmədiyi üçün sübutlarını təqdim edə bilməmişdir. Bu hal nə birinci instansiya məhkəməsində, nə də ki, apelyasiya məhkəməsində nəzərə alınmamışdır.

18. Hazırda mübahisəli məsələyə baxmış apelyasiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

19. Apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar