Məhkəmə qərarları › İş №2(1-8)-1008/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1008/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1008/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları

1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış BPM************ nömrəli, ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcalana 48 ay müddətində 8500 manat məbləğində kreditdən istifadəyə görə illik 23 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti ## ##### 2023-cü il tarixdən ## #### 2027-ci il tarixədək müəyyənləşdirilmişdir.

2. ##.##.2023-cü il tarixdə ölmüş X1 adına ##.##.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. cavabdeh3, cavabdeh2 və cavabdeh1 onun mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

3. ##.##.2025-ci il tarixli bildirişlə, cavabdehlərə borclu X1 banka olan 8250,92 manat məbləğində əsas borcunu və bu borca görə müvafiq olaraq hesablanmış faiz məbləğini 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli məktubuna əsasən, mərhum X3 pensiya işi üzrə alınmamış məbləği aşkar edilməmişdir.

5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı “xxxx” ASC-nin 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borc, ödənilmiş 102,51 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdehlər mərhum borclu X1 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

8. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər cavabdeh1 və cavabdeh3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdirlər.

9. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, anası xəstə idi. Müalicə məqsədi ilə bankdan kredit götürmüşdür. Kredit götürdükdən 2 ay sonra, 2023-cü ilin may ayında vəfat etmişdir. Mərhum anasından onlara miras qalmamışdır. 4 uşağı var və gecəqonduda yaşayır. Dövlət tərəfindən ona köməklik göstərilir. Anası vəfat edəndən dərhal sonra ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. Anası sağ olan zaman 272 manat ödəniş edilmişdir. Sosial Müdafiə Fondundan onlarla əlaqə saxlanılaraq anasına məxsus olan alınmamış pensiya məbləği olduğunu bildirmişdirlər. Həmin məbləğ barədə məlumat verilməmişdir. Məbləği əldə etmək üçün “ASAN xidmət” mərkəzinə yaxınlaşmışdır. Orada pul vəsaitini əldə etmək üçün vərəsə olmadığını bildirmişlər. Bunun üçün vərəsəliyi qəbul etmişlər. Iddiaçı tərəfindən şirnikləndirilmiş, mirası qəbul etməyə sövq edilmişdir. Mərhum anasının alınmamış pensiya vəsaiti və əmlakı yoxdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə də cavabdeh tərəfindən məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim edilmişdir. Həmin arayışda mərhumun adına hər hansı bir əmlakın olmadığı öz əksini tapmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının ## ###### 2023-cü il tarixli məktubunda da P.Ə.Hüseynəliyevanın heç bir növ sosial müavinət, təqaüd və pensiya alan şəxs kimi qeydiyyatda olmadığı qeyd edilmişdir.

12. Həmçinin iş materialları ilə müəyyən olunmuşdurur ki, mərhumun adına hər hansı bir əmlak olmadığından onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlər mərhum analarının adına hər hansı bir əmlakın olmadığını sübuta yetirə bilmişlər.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 443.1, 448.1, 739, 1133.1, 1133.2, 1151.1, 1307 və 1309-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi # #### 2018-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı icraat zamanı isə birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələr cavabdeh3, cavabdeh2 və cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. Cavabdehlər miras əmlakı, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdə isə cavabdeh qəbul etdiyi miras əmlakının borc məbləğindən az olmasını sübuta yetirməli idi. Lakin birinci instansiyası məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, X1 vərəsələri cavabdeh3, cavabdeh2 və cavabdeh1 müəyyən edilmişdir. Məhkəmə vərəsənin qəbul etdiyi miras kütləsini müəyyən etməmişdir. Belə ki, cavabdehlər miras kütləsinin əhatəsinin müəyyən edilməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər. Vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilmədiyini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli məktubuna əsasən isə, mərhum X3 pensiya işi üzrə alınmamış məbləği aşkar edilmədiyini qeyd etsə də, sübut olaraq təqdim etməmiş və elektron kabinetə yerləşdirməmişdir. Həmçinin mərhum X1 və onun vərəsələri ünvan 1 ünvanında qeydiyyatdadırlar və cavabdehlər əmlakın kimə məxsus olması barədə də heç bir sübut təqdim etməyərək, şifahi şəkildə gecəqonduda yaşadığlarını iddia etmişlər. Cavabdehlərin * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi üçün müraciət ərizələrində miras əmlak olaraq pul qəbul etdiklərini təsdiq etmişdir. Lakin həmin pul məbləğinin həcmi barədə rəsmi sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pul məbləğinin fiziki şəxslərdən alınan borc məbləğinin olması və ya olmaması barədə də sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə prosessual hüquq normalarını pozaraq öz mülahizəsinə əsasən iddianı təmin etməmişdir. Məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Məhəmmədəli Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

52. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, tədqiq edilmiş sübutlarla mərhum X1 (borclu) vərəsələri olan cavabdehlərə hər hansı miras əmlakın qaldığı müəyyən olunmamışdır.

17. Həmçinin, cavabdehlərin izahatı ilə müəyyən olunmuşdur ki, mərhum tərəfindən götürülmüş krediti öz xəstəliyinə görə aldığı müalicələrə sərf etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürməmiş, Mülki Məcəllənin 1306.1, 1306.4 və 1306.5-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın borclarına görə miras aktivləri həddində məsuliyyət daşıdıqları halda, məhkəmə mirasın borcdan az olmasını sübut etmək vəzifəsini vərəsələrin üzərinə deyil, iddiaçının üzərinə qoymuşdur. Halbuki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə düşür. Cavabdehlər belə bir sübut təqdim etmədikləri halda, məhkəmə iddianı təmin etməmiş, sübutları tam və obyektiv qiymətləndirməmiş, həmçinin Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsindən kənara çıxaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakıidarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

32. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

33. Maddə 1307(miras açılan zaman qüvvədə olmuşqdur). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Mülki Prosessual Məcəllə

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halları tam araşdırmamış, sübutetmə yükünü düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

44. Belə ki, vərəsəlik institutunun məqsədi yalnız vərəsələrin deyil, həmçinin miras qoyanın kreditorlarının qanuni mənafelərinin qorunmasını təmin etməkdən ibarətdir. Mirasın açılması ilə miras qoyanın əmlak hüquq və vəzifələri vahid hüquqi kütlə şəklində vərəsələrə keçir. Bu səbəbdən mirası qəbul etmiş vərəsələr yalnız miras aktivlərinin deyil, eyni zamanda miras passivlərinin də hüquqi varisləri hesab olunurlar.

45. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə isə mirasın bir hissəsinin qəbul edilməsi bütövlükdə mirasın qəbul edilməsi kimi qiymətləndirilir. Iş materiallarından görünür ki, cavabdehlər mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmiş və mirası qəbul etmiş vərəsələr kimi çıxış etmişlər. Buna görə də, onların miras qoyanın hüquq və öhdəliklərinin hüquqi varisləri olması iş üzrə müəyyən edilmiş haldır.

46. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə öz paylarına mütənasib surətdə ödəməyə borcludurlar. Həmin normanın mənasına görə, kreditorun tələbinin təmin edilməsinin hüquqi əsası mirasın qəbul edilməsidir. Vərəsənin məsuliyyəti miras aktivinin həddi ilə məhdudlaşsa da, bu hal öz-özlüyündə kreditorun tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz.

47. Hazrıkı iş üzrə miras açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə əks mövqedən çıxış edərək hesab etmişdir ki, miras əmlakının mövcudluğu, onun həcmi və vərəsələr tərəfindən qəbul edilməsi kreditor tərəfindən sübut edilməlidir. Belə yanaşma qanunun qeyd olunan tələblərinə uyğun deyildir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, mirası qəbul etmiş vərəsə məsuliyyətinin miras aktivləri ilə məhdudlaşdığını bildirirsə və ya miras qoyanın borclarının miras əmlakından artıq olmasına istinad edirsə, həmin halı sübut etmək vəzifəsi onun üzərinə düşür. Əks yanaşma miras açılana zaman qüvvədə olmuş Mülki Məcəllənin 1307-ci maddəsinin hüquqi məzmununu və tətbiq məqsədini tamamilə aradan qaldırmış olur.

50. Iş materiallarından görünür ki, cavabdehlər tərəfindən miras qoyanın borclarının miras aktivlərindən artıq olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə həmin halı araşdırmadan və sübutetmə yükünü düzgün bölüşdürmədən iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

51. Bundan başqa, mərhumun adına daşınmaz əmlakın aşkar edilməməsi və ya alınmamış pensiya məbləğinin müəyyən olunmaması miras kütləsinin ümumiyyətlə mövcud olmaması barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Mirasın tərkibinə yalnız daşınmaz əmlak deyil, pul vəsaitləri, əmanətlər, qiymətli kağızlar, əmlak hüquqları və digər əmlaklar da daxil ola bilər. Miras kütləsinin tərkibi və dəyəri tam araşdırılmadan mübahisənin həlli mümkün deyildir.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü düzgün müəyyən etməməklə mirasla bağlı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1307-ci maddəsini, habelə Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.2-ci maddələrini pozmuş, nəticədə iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bu pozuntular qəbul edilmiş qətnamənin qanuniliyinə təsir göstərdiyindən qətnamə ləğv edilməli, iş göstərilən halların tam və hərtərəfli araşdırılması üçün yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar