Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1024/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Ləğv prosesində olan Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, vərəsələrin kreditorlar qarşısında məsuliyyəti, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ######## 2021-ci il tarixli, ***/M nömrəli kredit müqaviləsi ilə Iddiaçı ASC tərəfindən X1 ## ###### 2022-ci il tarixinə qədər, illik 8% ödəmək şərti ilə 147000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən şəxsi məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsinə ## ### 2022-ci il tarixli əlavə ilə Iddiaçı ASC tərəfindən X1 verilən kreditin qalıq borcunun (əsas məbləğ 47.934,18 manat, faiz məbləğ 1203,63 manat) istifadə müddəti ## ###### 2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8%-dən 12%-ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılmış, göstərilən müqavilənin qalan şərtləri isə dəyişməmişdir.
3. X1 ## ######## 2023-cü il tarixdə ölmüşdür.
4. ## #### 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ## ######## 2023-cü il tarixdə vəfat etmiş X1 vərəsələri: arvadı - cavabdeh3, oğlu – cavabdeh2, qızı – cavabdeh1dır. Onların hər biri “Mercedes-Benz B180” minik markalı, **-SB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olan miras əmlakdan 1/3 hissədə pay almalıdırlar.
5. Ləğv prosesində olan Iddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ## ###### 2024-cü il tarixdə cavabdeh3, cavabdeh2 və cavabdeh1 xəbərdarlıq məktubu göndərilmişdir ki, Bank qarşısında ## ###### 2024-cü il tarixə 63.383,54 manat icra edilməmiş X1 borcu mövcuddur. Borc məbləğinin 3 gün müddətində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə Bankın kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Ləğv prosesində olan Iddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ## ######## 2021-ci il tarixli, ***/M nömrəli kredit müqaviləsi üzrə cəmi 63663,69 manatın, bundan 47.934,18 manat məbləğində əsas, 10742,49 manat faiz, 4.706,87 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz borcunun və 280,15 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Iddiaçı ASC tərəfindən X1 ## ######## 2021-ci il tarixli, ***/M nömrəli kredit müqaviləsi ilə şəxsi məqsədlər üçün illik 8% olmaqla, ## ###### 2022-ci il tarixinə qədər 147000 manat məbləğində kredit verilmişdir. ## ### 2022-ci il tarixdə kredit müqaviləsinə edilmiş əlavəyə əsasən ## ######## 2021-ci il tarixdə verilmiş kreditin qalıq borcunun (əsas məbləğ 47.934,18 manat, faiz məbləğ 1203,63 manat) istifadə müddəti ## ###### 2022-ci il tarixə kimi, illik faiz dərəcəsi 8%-dən 12%-ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. X1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun ## ###### 2024cü il tarixinə Banka 47.934,18 manat məbləğində əsas borcu və 10742,49 manat faiz borcu, 4.706,87 məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 63383,54 manat məbləğində borcu qalmışdır. X1 ## ######## 2023-cü ildə ölmüşdür. Bakı şəhəri * saylı Notariat Ofisindən bildirilmişdir ki, ## #### 2024-cü il tarixdə, 2V-47 nömrəsi ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ## ######## 2023-cü il tarixdə ölmüş X1 vərəsələri - arvadı cavabdeh3, oğlu cavabdeh2, qızı cavabdeh1dır. Borcla bağlı vəfat etmiş X1 vərəsələrinə ## ###### 2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq, cavabdehlər banka olan borcu ödəməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
8. Cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi, vəkil nümayəndə1 iddiaya etiraz verərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Iddiaçı ASC ilə X2 arasında bağlanmış kredit müqaviləsindən cavabdehlərin hər hansı məlumatı olmamış və cavabdehlər bu məlumatı iddiaçının onlara qarşı müvafiq tələblə məhkəməyə müraciət etməsindən sonra əldə etmişlər. X2 miras şəklində “Mercedes-Benz В180 Minik” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobil qalmışdır. Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 2V-47 nömrəsi ilə qeyd edilməklə təsdiq olunmuş ## #### 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras qalmış avtomobil onun vərəsələrinə - arvadı cavabdeh3 (1/3 hissə), oğlu cavabdeh2 (1/3 hissə) və qızı cavabdeh1 (1/3 hissə) keçmişdir. “X4 Mərkəzi” MMCnin məhkəməyə təqdim etdiyi ## ### 2025-ci il tarixli hesabatına əsasən avtomobilin bazar dəyəri yuvarlaq şəkildə 9.970 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən avtomobil X2 ilə onun arvadı - cavabdeh cavabdeh3 birgə nikahı dövründə əldə olunduğuna görə, avtomobilin 1/2 hissəsi cavabdeh3 mülkiyyətində olmuşdur. Şəhadətnaməyə əsasən avtomobilə dair vərəsələrin payları bərabər müəyyən olunsa da, lakin avtomobilin 1/2 hissəsi cavabdeh3 mülkiyyətində olduğuna görə, əslində payların bölgüsü yerdə qalan 1/2 hissənin bölünməsi kimi nəzərə alınmalıdır. Bu halda, iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9.970 manat) yarısı (4.985 manat) ilə məhdudlaşmış olur. Digər tərəfdən, X1 ## ######## 2023-cü il tarixdə vəfat etmiş, bundan sonra iddiaçının onun vərəsələrinə/cavabdehlərə münasibətdə iddia irəli sürmək hüququ yaranmış və onlara qarşı 1 il müddətində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir. Bu isə hazırda iddianın məhkəmə tərəfindən rədd olunmasına əsas yaratmışdır. Digər tərəfdən, iddiaçının tələbi üzrə müddətin axımının dayandırılması üçün Mülki Məcəllənin 379-cu maddəsində ifadə olunmuş hər hansı hal baş verməmişdir.
9. Cavabdeh cavabdeh3 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Həmin ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 ilə Iddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi (ona edilmiş əlavə) barədə onun hər hansı məlumatı olmamışdır. Digər tərəfdən, iddiaçı onlara qarşı müvafiq tələbi üzrə iddia müddətini ötürmüş və iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu isə iddianın məhkəmə tərəfindən rədd olunmasına hüquqi əsas yaratmışdır. Bağlanmış kredit müqaviləsindən məlum olmuşdur ki, müqavilə üzrə ödənişin son müddəti ## ###### 2022-ci il olmuş və iddiaçı həmin müqavilədən irəli gələn tələbini ən geci ## ###### 2023-cü il tarixə kimi irəli sürməli olduğu halda, belə tələblə məhkəməyə müraciət etməmişdir.
11. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış ## ######## 2021-ci il tarixli, ***/M nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə X1 Iddiaçı ASC-yə sualda soruşulan tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunmuşdur: ## ###### 2024cü il (pretenziya göndərilən) tarixə: əsas borc üzrə 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.735,45 manat.
12. “X4 Mərkəzi” MMC-nin ## ### 2025-ci il tarixli rəyinə əsasən aparılmış hesablamalar nəticəsində “Mercedes-Benz B180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 9.970 olaraq müəyyən edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 (X1 qanun üzrə vərəsələri) müştərək qaydada 47.934,18 manat əsas, 4.209,29 manat faiz, gecikdirilmiş vaxt üçün 4.706,87 manat faiz borcu olmaqla, cəmi 56.850,34 manatın və dövlət rüsumu olaraq ödənilmiş 260,55 manat məbləğində pulun tutularaq iddiaçı Ləğv prosesində olan Iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə X1 öhdəlik götürsə də, bu öhdəlik lazımınca icra edilməmişdir. Öhdəliyin lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin normalarından çıxış etməklə cavabdehlərə qarşı bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə iddiaçı Iddiaçı ASC ilə mərhum cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas və faiz borcu hissəsində əsaslıdır.
15. Həmçinin, göründüyü kimi, kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirilmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarındakı mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5%lə hesablanmış borcun tutulması tələbi də əsaslıdır.
16. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş əsas borc üzrə 47.953.90 manat, gecikdirilmiş vaxt üçün müəyyən edilən 4.735,45 manat faiz borcuna münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır.
17. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsas borc və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində iddia ərizəsində göstərilən həddə, yəni 47.934,18 manat əsas, gecikdirilmiş faiz borcu üzrə 4.706,87 manat məbləğində təmin edilməlidir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, kreditorların vərəsələrə qarşı iddialarında sübutetmə yükü vərəsələrin üzərinə düşür. Cavabdehlər “Mercedes-Benz B180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən başqa miras əmlakın olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur.
19. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, Iddiaçı ASC ilə X1 arasında ## ######## 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi ## ###### 2022-ci il tarixinə qədər bağlanmış, daha sonra ## ### 2022-ci il tarixdə tərəflər arasında həmin müqaviləyə əlavə bağlanmış və əlavəyə əsasən müqavilənin müddəti ## ###### 2022-ci il tarixinə qədər uzadılmışdır.
20. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, sözügedən kredit müqaviləsi üzrə ## ###### 2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin 380ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır.
21. Belə olan halda, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını nəzərə alınsa, iddiaçı ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 372, 373, 375, 377, 380, 385, 386, 399, 425, 427, 442, 443, 445, 448, 449, 739, 741, 1133, 1151, 1255, 1306, 1307-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 miras şəklində yalnız bir ədəd avtomobil qalmış və onun dəyəri 9.970 manat təşkil edir. Sözügedən avtomobil X2 ilə onun arvadı – cavabdeh cavabdeh3 birgə nikahı dövründə əldə olunduğuna görə, avtomobilin ½ hissəsi cavabdeh3 mülkiyyətində olmuşdur. Şəhadətnaməyə əsasən avtomobilə dair vərəsələrin payları bərabər müəyyən olunsa da, lakin avtomobilin ½ hissəsi cavabdeh3 mülkiyyətində olduğuna görə, əslində payların bölgüsü yerdə qalan ½ hissənin bölünməsi kimi nəzərə alınmalıdır. Bu halda iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9.970 manat) yarısı (4.985 manat) ilə məhdudlaşmış olur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras şəklində yalnız 1 ədəd avtomobil vərəsələrə keçmişdir. Başqa sözlə, notarius tərəfindən miras əmlakın dairəsi konkret olaraq müəyyən edilmişdir. Bundan başqa, mirasın siyahıya alınmasının tələb olunması və digər məsələlər hüquq münasibətinin yarandığı vaxt deyil, sonradan qanunvericiliyə əlavə edilmişdir. Beləliklə, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, bir daha maddi hüquq normasını pozmuşdur. X1 ## ######## 2023-cü il tarixdə vəfat etmiş, bundan sonra iddiaçının onun vərəsələrinə/cavabdehlərə münasibətdə iddia irəli sürmək hüququ yaranmış və onlara qarşı 1 il müddətində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir (iddiaçı ilə cavabdehlər arasında mübahisəli hüquq münasibəti ## ######## 2023-cü il tarixdən etibarən yaranmışdır). Bu hal iddianın məhkəmə tərəfindən rədd olunmasına əsas yaratdığı halda, məhkəmə bundan imtina etmişdir (cavabdehlər iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə təqdim etmişlər). Iddiaçıya münasibətdə borclunun - X2 nun ölümündən sonra mirası qəbul etmiş vərəsələr – cavabdehlər miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəməmühasibatlıq
25. ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış ## ######## 2021-ci il tarixli, ***/M nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə X1 Iddiaçı ASC-yə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: ## ###### 2022ci il (müqavilənin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə - 7.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat; ## ###### 2024-cü il (pretenziya göndərilən) tarixə: əsas borc üzrə - 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.708,81 manat.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehlərin iddiaya etirazı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini vərəsəsi olduğu şəxs iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehlərdən qaytarmaq hüququ vardır. Cavabdehlər vərəsəsi olduğu şəxsin iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasa idi, iddiaçı da məhkəməyə müraciət etməzdi. Ona görə də, cavabdehlərin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehlərin borcalanın vərəsəsi olduğu üçün müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdehlər isə iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir.
28. Miras qoyan borcludan yalnız bir ədəd avtomobil qalması, onun dəyərinin isə 9.970 manat təşkil etməsi, həmin avtomobilin birgə nikah dövründə alındığı üçün ½ hissəsinin cavabdeh3 mülkiyyətində olması, şəhadətnamə ilə bərabər bölünməsinin formal olması, bu halda iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9.970 manat) yarısı (4.985 manat) ilə məhdudlaşmış olması barədə dəlillər məhkəmənin qanunsuz və əsassız məhkəmə aktı qəbul etməsini bəyan etməyə əsas verməmişdir.
29. Əvvəla ona görə ki, qeyd olunan avtomobil cavabdeh vərəsələr arasında bərabər bölünüb. Bərabər bölünməmiş olsa idi belə, yenə də cavabdehlərin öhdəlik həddi 4.985 manat hissəsi ilə məhdudlaşa bilməzdi. Çünki cavabdehlə mirasqoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mirasın notarius tərəfindən siyahıya alınması məsələsi isə sonradan qanunvericiliyə əlavə edilməmişdir, əvvəldən də mövcud olmuşdur. Sadəcə ## #### 2025-ci ilədək Mülki Məcəllənin 1307-ci maddəsinin məzmununda olduğu halda, qeyd olunan tarixdən 1306.4 və 1306.5-ci maddənin məzmununa əlavə edilmişdir. Bu hal isə hüququn tətbiqində səhvə yol verilməsi və maddi hüquq normasının pozulması sayılmır. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu məsələ ilə bağlı Ali Məhkəmənin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarı da vardır. Apellyasiya baxışı zamanı da cavabdeh vərəsələr miras qoyanın borclarının mirasdan çox olduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər.
30. Mirasqoyanın ## ######## 2023-cü il tarixdə öldüyü vaxtdan iddiaçının onun vərəsələrinə qarşı 1 il müddətində iddia irəli sürməli olması barədə dəlillərin də nəyə əsaslandığı bəlli olmamışdır. Çünki kredit müqaviləsinin müddəti ## ###### 2022-ci ildə bitsə də, iddiaçı tərəfindən məhkəməyə ## ###### 2025-ci ildə müraciət edilmişdir. 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də bu əsasla da iddia rədd edilə bilməzdi.
31. Apellyasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 5, 372, 373, 375, 377, 380, 425, 442, 443, 448, 739, 740, 1146, 1151, 1159, 1255, 1306, 1307-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
32. Cavabdehlər birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında “müştərək qaydada” sözlərindən sonra “onlara çatan miras pay həcmində” sözlərinin yazılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1306.1-ci maddəsi tətbiq edilməmişdir. Halbuki, işin mahiyyəti üçün həlledici norma məhz bu maddədir. Çünki bu normaya əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Vərəsələrin miras qoyanın borcunu müştərək qaydada ödəməli olmasında problem yoxdur, sadəcə bu öhdəlik onlara çatan miras əmlakı ilə məhdudlaşdırılmalıdır. Qətnamədə isə bu qeyd olunmamışdır. Qətnamənin icrası zamanı vərəsələrdən borcun tam ödənilməsi tələb olunacaq. Bunun baş verməməsi üçün qətnamədə “müştərək qaydada” sözlərindən sonra “onlara çatan miras pay həcmində” yazılmalı idi. Başqa sözlə, məsələ miras əmlakın konkret həcmindən, dəyərindən və s. getmir. Söhbət ümumi prinsipdən gedir ki, qətnamə icra olunanda vərəsələrə çatmış pay nəzərə alınsın. Ola bilər ki, bu gün miras pay borcu bağlamır. Amma müəyyən dövrdən sonra miras qoyanın başqa əmlakı da aşkar ola bilər və bu halda vərəsələr həmin əmlak həcmində də borc üzrə məsuliyyət daşıyacaqlar. Məhkəmə apellyasiya şikayətinin mahiyyətini başa düşməmişdir. Əks halda, Ali Məhkəmənin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarına istinad etməzdi. Həmin qərarda söhbət miras əmlakın həcminin sübut edilməsindən gedir. Söhbət sadəcə qətnamənin nəticə hissəsinin düzgün ifadə olunmasından gedir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsində təsvir edilmiş qayda eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhində öz əksini tapmış, müvafiq qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarı). Buna görə də, bu mövqeni təsdiqləyən Ali Məhkəmənin Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarına (23-24-cü bəndlərinə) istinad olunmalı idi.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiklərindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1306.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 27- 31), cavabdehlərin
42. miras qoyanın iddiaçı qarşısında öhdəliyinə görə tam məsuliyyət daşıması nəticəsinə gəlmişdir.
43. Hazırkı mübahisə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlıdır. Belə ki, kassatorlar miras qoyandan miras keçmiş əmlakı (avtomobili) vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qəbul etdiklərinə istinad etməklə hesab edirlər ki, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmiş olurlar.
44. Məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericilik ümumi prinsip olaraq sübutetmə yükünü iddia edən tərəfin üzərinə qoymuşdur.
45. Lakin, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər.
46. Bu mübahisənin qanuni əsasını təşkil edən Mülki Məcəllənin ## #### 2025-ci il tarixədək qüvvədə olan 1307-ci maddəsi ilə mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda miras qoyanın borclarının mirasdan çox olmasının sübut olunması vəzifəsi vərəsənin üzərinə qoyulmuşdur. Hazırkı halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunda göstərilən halın müstəsna sübutu kimi qiymətləndirilə bilməz. Bu səbəbdən ki, ## #### 2024cü il tarixli
47. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras qoyanın yalnız 1 əmlakına - “Mercedes-Benz B180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair verilmişdir. Lakin, borcalanın dövlət qeydiyyatına alınmayan başqa əmlaklarının (nağd pulların, qızıl-zinət əşyalarını, ölümündən cəmi 2 il əvvəl aldığı yüksək məbləğdə kredit vəsaiti hesabına əldə edilməsi mümkün olan digər əmlakların və s.) olmamasına dair sübut cavabdehlər tərəfindən işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir.
48. Sübutların nəzərə alınmaması, işin faktiki hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.