Məhkəmə qərarları › İş №2(1-8)-1056/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1056/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1056/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Xocavənd Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 10.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə Xocavənd Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.250 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Iddiaçı İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə yaxın münasibətləri olmuşdur. Həmişə ona sələmə pul verib almışdır. Lakin buna baxmayaraq ona qarşı 10.000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiası təmin edilmişdir. Lakin cavabdeh ona 2019-cu ildə az miqdarda pul vermiş və 10.000 manata imza etmişdir. 2019cu il tarixdən 2021-ci tarixədək onun əmək haqqı plastik kartı cavabdehdə olmuş hər ay əmək haqqı gələn vaxt cavabdeh əmək haqqını özbaşına almış və ona 100 manat pul vermiş və nəticədə ona məxsus plastik kartdan 14.000 manat nəğd pulunu ələ keçirmişdir. O cümlədən 2022-ci ilin noyabr ayında 250 manat pulunu almış və geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən ona olan 14.250 manat pulunu tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə pulunu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Ona görə də cavabdeh Cavabdeh 14.250 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Ağcabədi Rayon Məhkəməsinin (Hakim Etibar Quliyev) *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, Xocavənd Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 10.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf edilməmiş və digər mötəbər sübutlarla təsdiqini tapmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 77.3, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv,qərəzsiz hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh 14.250 manat pulun iddiaçının xeyrinə tutularaq verilməsi məqsədə uyğundur.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov– (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Mahir Əsədli) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Xocavənd Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı 10.000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasının əsası ondan ibarət olmuşdur ki, ## ### 2019-cu il tarixdə notariat qaydada təsdiq edilmiş müqavilə bağlayaraq İddiaçı borca pul vermişdir. Məhkəmə tərəfindən iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, həmin puldan 1.300 manatı ona çatmış, lakin bu pulu qaytarmaq üçün kartını Cavabdeh vermiş, lakin kartından 4897 manat pul çıxarılmışdır. Lakin Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh tələb etdiyi 14.250 manat pulun 10.000 manat hissəsi- Cavabdeh İddiaçı ## ### 2019-cu il tarixli borc müqaviləsi üzrə tələb etdiyi pul vəsaitidir, hansı ki İddiaçı həmin pulu qaytardığını iddia etsə də sübut olunmamışdır, digər 4.250 manat hissəsi isə İddiaçı kartından Cavabdeh tərəfindən çəkildiyi iddia edilən pul vəsaitidir ki, həmin hala da əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş, nə 10.000 manata münasibətdə, nə də 4.250 manata münasibətdə İddiaçı iddiaları öz təsdiqini tapmamışdır. Bu isə onu göstərir ki, iddiaçının hazırkı iş üzrə tələb etdiyi pul vəsaitinə münasibətdə onun dəlillərinə əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş, dəlillər öz təsdiqini tapmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış bu isə prosessual qanunvericiliyə görə yol verilən hesab olunmur.

15. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.2, 262.1, 262.4, 402.2-402.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Iddiaçı İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-ci il tarixli, *(*-*)-***/**** saylı qərardadının ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək, bu mübahisənin artıq eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə həll edildiyini əsas gətirmişdir. Lakin bu nəticə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Şirvan Apellyasiya Məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, formal əsaslarla icraata xitam verməklə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

23. Maddə 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

24. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya bildirir ki, məhkəmələr tərəfindən icraata xitam verilməsi ilə bağlı prosessual əsasın mövcudluğuna hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasında əsaslandırdığı, hallar artıq qanuni qüvvədə olan qətnamənin aid olduğu iş üzrə etirazının əsasları olmuş, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən həmin dəlillər müvafiq olaraq qiymətləndirilmiş və onun dəlilləri təsdiq olunmamışdır.

34. Baxılan iş üzrə iddiaçının dəlilləri həmin işdə etirazında göstərdiyi faktiki hallar və hüquqi əsaslandırma ilə eynilik təşkil edir ki, bu da həmin dəlillər üzrə işə mahiyyəti üzrə baxılmasını istisna edir.

35. Belə olan halda isə məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin mülki iş üzrə icraata xitam verməsi yuxarıda göstərilən prosessual hüquq normalarına uyğun olmuşdur və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar