Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1124/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İsmayılova Xanımbacı Qasım qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycanq Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Əliyev İlqar Səmədağa oğluna qarşı dələduzluq edilməsi epizodu üzrə vurulmuş ziyanın məbləği 4995,6 manat, İsmayılova Xanımbacı Qasım qızına qarşı dələduzluq edilməsi epizodu üzrə vurulmuş ziyanın məbləği isə 794952,9 manat təşkil edir. Cavabdeh ## ###### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İsmayılova Xanımbacı Qasım qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 794954 manat pul məbləğinin iddiaçı İsmayılova Xanımbacı Qasım qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onun əsaslandırılmışdır ki, iddiaçı İsmayılova Xanımbacı Qasım qızının qızı X2 barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə 10 (on) il 6 (altı) ay müddətində və nəvəsi X1 barədə 11 (on bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, cavabdeh Cavabdeh iddiaçı İsmayılova Xanımbacı Qasım qızını aldadaraq onun qızı X2 və nəvəsi X1 barələrində açılmış cinayət işi üzrə icraata xitam verilməsi və onları həbsdən azad etdirilməsinə dair yalan vəd verib iddiaçıdan ümumilikdə 794952 manat məbləğində pul götürmüşdür. Bir müddət keçdikdən sonra iddiaçı İsmayılova Xanımbacı Qasım qızı cavabdeh X1 onu aldatdığını anlamış və ondan ona verdiyi ümumilikdə 794952 manat məbləğində pulu ona geri qayatarmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçıya həmin pul məbləğini tez bir zamanda qaytaracağı barədə vədlər verib oyalamışdır. Bundan sonra iddiaçı İsmayılova Xanımbacı Qasım qızı cavabdeh X1 barədə polisə şikayət etmişdir. Belə ki, X1 qarşı AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Cavabdeh ## ###### 2017-ci il tarixdək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməklə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı ay) müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməsi hökmü çıxarılmışdır. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra cavabdeh Cavabdeh iddiaçı İsmayılova Xanımbacı Qasım qızından dələduzluq yolu ilə əldə etdiyi pulun ondan tutularaq iddiaçıya ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək onunla əsaslandırmışdı ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd etdiyi pul tələbinə dair şikayəti həqiqətə uyğun deyildi. Tələb etdiyi şişiridilmiş məbləğ reallığı əks etdirib sübuta yetirilməsi mümkün deyildi. Onun iddiası istintaq eləcə də məhkəmə prosesində özü tərəfindən şişirdilərək qiymət qoyduğu qızıl-zinət əşyalarının Cavabdeh verilməsini təsdiqləyən video-şəkiliş, SMS yazıları, həmçinin külli miqdarda müxtəlif ünvanlarda Cavabdeh verilmiş olduğu ehtimal edilən zinət əşyalarının foto çəkilişi və görüntüləri olmadığı halda, maraqlı tərəf olaraq öz bacısını və tanışını şahid kimi göstərməsi mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Onun barəsində qəbul edilmiş ##.##.2018-ci il tarixli hökmdən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmişdi. Halbuki Cavabdeh həmin məbləği həqiqətən vermiş olsaydı, bu tələbi daha tez vaxtda tələb etmək İsmayılova Xanımbacı Qasım qızının marağında olardı. Cavabdeh İsmayılova Xanımbacı Qasım qızından 100000 manat dəyərində qızıl-zinət əşyasını alaraq Qədir Sultanova, 128000 manat pulu alaraq Natiq Məmmədova vermişdi. Həmin şəxslər axtarışda olduğu üçün onun barəsində işə ayrıca icraatda baxılmışdı. Qədir Sultanov aldığı zinət əşyalarının əvəzində İsmayılova Xanımbacı Qasım qızına 3 otaqlı mənzil vermişdi. İsmayılova Xanımbacı Qasım qızı nə Cavabdeh, nə də ki digər təqsirləndirilən şəxslərin işinə baxılan zaman mülki iddia verməmişdi. İsmayılova Xanımbacı Qasım qızı belə mülki iddia versəydi, aldığı 3 otaqlı mənzil tam təmin edilməyəcəkdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)- ***/**** saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 794.954 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, qanuni qüvvəsini almış hökmlə cavabdeh tərəfindən iddiaçıya qarşı dələduzluq edilməsi epizodu üzrə 794.952,9 manat vurulmuş ziyan vurulması müəyyən edildiyindən, bu maddi ziyanın vurulmuş olması hazırkı məhkəmə baxışında araşdırma predmeti olmamış.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə hazırlıq iclasında və iddiaya verdiyi yazılı etirazında iddiaçıdan aldığı pul məbləğinin iddia tələbində göstərilən məbləğdən daha az olduğunu bildirsə də, məhkəmə onun bu etirazını əsassız hesab etmişdir və nəzərə almışdır ki, cavabdeh tərəfindən sözügedən hökmdən apellyasiya və kassasiya şikayətləri verilmişdir, lakin hökm dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus pul məbləğini qanunsuz olaraq özünün faktiki sahibliyində saxlaması nəticəsində iddiaçıya maddi zərər dəymişdir, zərər cavabdehin qanunsuz hərəkəti və sonradan iddiaçının tələbi qarşılığında hərəkətsizlik göstərməsi nəticəsində vurulmuşdur və cavabdeh barəsində qəbul olunmuş qanuni qüvvəsini almış hökm ilə onun bu maddi ziyanın vurulmasında təqsirli olması sübuta yetirilmişdir; buna görə sözügedən dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir.
9. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd etmişdir ki, vurulmuş maddi zərərin məbləği Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçını aldadaraq onun qızı X2 və nəvəsi X1 barələrində açılmış cinayət işi üzrə icraata xitam verilməsi və onları həbsdən azad etdirilməsinə dair yalan vəd vermişdir və iddiaçıdan ümumilikdə 794.952,9 manat məbləğində pul götürmüşdür; iş materialları ilə bu təsdiq edilmişdir və cavabdeh bu əməlində təqsirli bilinmişdir. İddiaçı da iddia tələbində məhz bu məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, vurulmuş maddi zərərin məbləğinin 794.954,9 manat olması müəyyən edilmişdir, iddiaçı isə maddi zərərə görə 794.954 manat pulun tutulmasını tələb etmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbində qeyd edilmiş məbləğin cavabdehdən tutulmasını qanuni hesab etmişdir.
11. Məhkəmə öz hüquqi mövqeyini AR CPM-in 179.1,180.2-ci maddəsi, habelə MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Belə ki, cavabdeh (təqsirləndirilən şəxs) Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə 2016-cı ildə iddiaçının (zərər çəkmiş şəxsin) 794.952 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Hökmün nəticə hissəsində zərər çəkmiş şəxsə izah edilmişdir ki, dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökm qanuni qüvvəyə minmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, cavabdehin iddiaçının 794.952 manat pulunu ələ keçirməsi hazırkı mülki işə baxan məhkəmə üçün məcburidir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddianın hökmün qəbul edilməsindən 5 il sonra verilməsi onun rədd edilməsinə əsas ola bilməz, çünki AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil etmişdir. Həmin müddət keçməmişdir. Zərərin məbləği isə məhkəmə hökmü ilə müəyyən edilmişdir. Zərərin məbləği tövsifedici əlamət təşkil edir, yəni cavabdeh iddiaçıya külli miqdarda zərər vurmaqla dələduzluq etdiyinə görə AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdir. Hökm qanuni qüvvəyə mindiyi üçün zərərin məbləğinə aid hissədə də mülki işə baxan məhkəmə üçün məcburidir.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Məhkəmə cavabdehin konstitusion hüquqlarının pozulmasına baxmayaraq, əsl həqiqətin müəyyən edilməsinə nail olmadan cavabdehin əsaslı mövqeyinə qeyri-obyektiv qiymət vermiş və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan hüquq normasını kobud şəkildə pozmuş və iddiaçıya dəymiş zərərin əsasız olaraq şişirdilməsini nəzərə almayaraq, cavabdeh barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin qəbul etdiyi ittiham hökmündən 5 il keçməsinə baxmayaraq, cavabdehin konstitusion hüquqlarını kobud şəkildə pozmuş və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi ittiham hökmünün qanuni qüvvəyə minmə müddətindən 5 il keçməsinə baxmayaraq, qeyd olunan normanı kobud şəkildə pozmuş, iddia müddətinin ötürülməsini nəzərə almamış və qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə 1-ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
36. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Cavabdeh şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
38. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
39. Həmin hökmlə müəyyən edilmişdir ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2016-cı ildə iddiaçının (zərər çəkmiş şəxsin) 794.952 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmiş və hökmün nəticə hissəsində zərər çəkmiş şəxsə, yəni iddiaçıya izah edilmişdir ki, dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökm qanuni qüvvəyə minmişdir.
40. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
41. Odur ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçının 794.952 manat pulunu ələ keçirməsi hazırkı mülki işə baxan məhkəmə üçün məcburidir.
42. Apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddianın hökmün qəbul edilməsindən 5 il sonra verilməsi onun rədd edilməsinə əsas ola bilməz, çünki AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir və həmin müddət keçməmişdir. Zərərin məbləği isə məhkəmə hökmü ilə müəyyən edilmişdir. Zərərin məbləği tövsifedici əlamət təşkil edir, yəni cavabdeh iddiaçıya külli miqdarda zərər vurmaqla dələduzluq etdiyinə görə AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdir.
43. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.