Məhkəmə qərarları › İş №2(1-8)-1151/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1151/2026

11.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1151/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Cavabdeh Iddiaçı 16000 manat borc pul götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000 manat və 143 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17143 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi təxmini 7-8 il olar ki tanıyır, aralarında yaxın münasibətlər olmuş, rəfiqə olmaqla gediş-gəlişləri olmuşdur. Cavabdeh Sumqayıt şəhərində Lombard açdığını, ona bu işdə köməklik etməyini və Lombardı şərikli işlədə biləcəklərini demişdir. O, cavabdehə inanaraq özünə və qızına məxsus olan qızıl-zinət əşyalarını satmış və cavabdehə ümumilikdə 17000 manat pul vermişdir. Lakin, bir müddət keçdikdən sonra Cavabdehdan heç bir xəbər çıxmadığı üçün onun mobil telefonuna zəng edərək məsələnin nə yerdə qaldığını soruşduqda, onunla şərikli işləməyi ona sərf etmədiyini bildirmiş və lombard işinin də alınmadığını bəhanə edərək, evini banka girov qoyub onun pulunu qaytaracağını bildirmişdir. Iddiaçı cavabdehlə razılaşaraq cavabdehin ona pul qaytaracağını gözləmiş, lakin ondan xəbər çıxmamış, o, yenidən ona zəng vuraraq pulunu qaytarmağı bildirmiş, lakin cavabdeh ona yenə zamana ehtiyac olduğunu bildirmiş və xahiş etmişdir ki, bir az da gözləsin. Lakin, buna baxmayaraq, cavabdeh hər dəfə bəhanələr edərək pulunu qaytarmaqdan yayınmışdır. Bununla bağlı polisə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.

4. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan anasının xəstəliyi ilə əlaqədar 2011-ci ildə 16000 manat borca pul götürmüşdür. O, həmin pulun müqabilində iddiaçıya illərlə faiz ödəyib, bununla bağlı şahidləri var. O, ödənişləri 2011-ci ildən 2016-cı ilə qədər ödəyib. O, aldığı pulu iddiaçıya qaytarsa da, bununla bağlı heç bir yerdə qeydlər aparmayıb. Pulu nə zaman qaytaracağı barədə iddiaçı ilə aralarında heç bir razılaşma olmayıb.

5. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı Iddiaçı cavabdeh xeyrinə 16000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 16000 manat borc versə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Buna görə də, etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilər. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır. Əsassız varlanma institutunun məqsədi isə varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Cavabdeh məhkəmə iclaslarında iddiaçıdan aldığı 16000 manat borcu qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 337.1, 329.1, 1091.1-ci, Mülki Prosessual Məcəllənin 77.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, cavabdehin xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında da iştirak edərək iddia tələbinə dair izahat vermiş, iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıdan anasının xəstəliyi ilə əlaqədar 2011-ci ildə 16000 manat borca pul götürmüşdür. Həmin pulun müqabilində iddiaçıya illərlə faiz ödəmiş, bununla bağlı şahidləri var. O, ödənişləri 2011-ci ildən 2016-cı ilə qədər ödəmişdir. Aldığı pulu iddiaçıya qaytarsa da bununla bağlı heç bir yerdə qeydlər aparmamışdır. Onu da bildirmişdir ki, pulu nə zaman qaytaracağı barədə iddiaçı ilə aralarında heç bir razılaşma olmayıb. Göründüyü kimi iddiaçı onun üzərindən əsassız varlanmaqla, əsassız və qanunsuz yerə əlavə və artıq pul tələb edir. Lakin bu iddia heç bir ədalətə sığmır və o, illərlə faiz ödəmişdir. Heç bir yerdən gəlir və qazancı yoxdur. Birinci instansiya məhkəməsi verdiyi izahatları və etirazını nəzərə almayaraq, əleyhinə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işdə olan, o cümlədən təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını obyektiv araşdırmamış, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. Iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, iddiaçının təqdim etdiyi sübutları qətnamədə şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 17000 manat borca pul almış, 1000 manat pulu qaytarmış, 16000 manat pul isə geri qaytarmamışdır. Cavabdeh iddiaçıya qalıq 16000 manat borcunu ödəmədiyini, lakin qalıq borcun miqdarından daha da artıq faiz məbləğini ödədiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

12. Bundan başqa, apellyasiya kollegiyası cavabdehin izahatları arasında ziddiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh 7000 manatlıq borcu götürərkən bunun müqabilində iddiaçıya girov qismində qızıl əşyalarını qoyduğunu bildirsə də iş materiallarına əlavə edilmiş ## ###### 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsinə dair qərarda əks olunmuş izahatında, o, iddiaçıdan aldığı 16000 manat borc müqabilində qızıllarını girov qoymadığını, sonradan da geri götürmədiyini bildirmişdir. Iddiaçının isə polis orqanında və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarında ziddiyyət mövcud olmamışdır. Belə ki, o, cavabdehin pul götürərkən qızıl əşyalarını girov qoymasını, daha sonra isə onu aldadaraq qızılları götürməsinə dair izahat vermişdir ki, bununla da iddiaçının polis orqanında verdiyi izahatla, məhkəmə iclasında verdiyi izahatı eynilik təşkil etmişdir.

13. Bundan başqa, tərəflərin hər ikisi məhkəməyə ## ####### 2015-ci il tarixli əlyazma təqdim etmişdir ki, həmin əlyazmada tərəflər arasında qızıl əşyalarının verilməsi və qiymətləndirilməsinə dair məlumatlar əks olunmuşdur. Cavabdeh həmin qızılların ona məxsus olmasını iddia etsə də, həmin məlumatların məzmunundan qızılların iddiaçıya məxsus olması aydın olmaqdadır. Hətta iddiaçı tərəfindən təqdim edilmiş digər bir əlyazmada cavabdehin imzası və xətti ilə “Iddiaçıin qalan qızılları” adı altında qızıl əşyalarının adları qeyd olunmuşdur. Iş materiallarına əlavə edilmiş ## ###### 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsinə dair qərarda əks olunmuş iddiaçının izahatından da göründüyü kimi, o, cavabdehə 17000 manat verdikdən sonra özünün pula ehtiyacı olmuş, özünə məxsus 83 qram çəkidə qızılları girov qismində cavabdehə verməklə, 1100 manat məbləğində borca pul götürmüş, həmin pula görə faiz ödəmiş, qızılları geri qaytaranda isə 1500 manat pul ödəməsini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında da iddiaçı polis orqanında verdiyi izahata uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun pulunu qaytarmadığı zamanlarda, oğlunun təhsili ilə əlaqədar pula ehtiyacı yaranmış, cavabdeh isə qızılları girov qoymaq şərti ilə başqa bir şəxsdən 1100 manat pul alıb verdiyini bildirməklə, əlyazmalardakı qızıllar da məhz həmin borca görə girov qismində qoyulmuş qızıllarla əlaqəli olmuşdur.

14. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə əlaqədar olaraq, pul məbləğinin bağlanmış şifahi əqdin etibarsızlığının nəticələri qismində əsassız varlanma qaydalarına uyğun olaraq tutulması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması və maddi hüquq normalarının tətbiqi ilə də tam razılaşmışdır.

15. Apellyasiya kollegiyası mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 329.2, 385.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

16. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1-ci, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

18. Belə ki, iş materiallarında cavabdehin xətti ilə yazılmış və iddiaçıya ondan götürülmüş pulun qarşılığında girov kimi saxlamaq üçün verdiyi əlyazma olmuşdur. Iddiaçı həmin qızılları ona qaytardığını şifahi şəkildə bildirsə də, buna dair heç bir sübut təqdim etməmiş, məhkəmə isə bu faktı görməzdən gəlmişdir. Göründüyü kimi, cavabdehin hüquqi savadsızlığından istifadə edilərək iddiaçının xeyrinə tamamilə ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdehin birinci instansiya məhkəməsində sübutlarını təqdim edə bilməməyi və şahidləri gətirə bilməməyi tamamilə üzrlü səbəbdən olmuşdur. Lakin yuxarı instansiya məhkəməsində bu məsələni bildirilsə də, məhkəmə kollegiyası cavabdehə tələsməməyi bildirmiş və sanki özləri tələsirmiş kimi növbəti məhkəmə iclasında yekun qərar qəbul etmiş, sübutları təqdim etməyinə imkan verilməmişdir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırkı şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 11-14) hesab etmişdir ki, cavabdehin iddiaçıya ödənilməmiş öhdəliyi qalmışdır.

27. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

28. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının cavabdehə tələb olunan məbləğdə vəsaitin verməsi işin mübahisəsiz halıdır. Cavabdehin dəlilləri həmin vəsaiti qaytarılmasının məhkəmələr tərəfindən nəzərə alınmamasından ibarətdir.

29. Lakin, cavabdeh tələb olunan vəsaitinin qaytarılmasına dair sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Cavabdehin izahatı isə Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu halın təsdiqi üçün yeganə sübut kimi qiymətləndirilə bilməz.

30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar