Məhkəmə qərarları › İş №2(1-8)-1156/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1156/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1156/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əsassız varlanma; mülkiyyət hüququnun müdafiəsi; avtomobilə görə ödənilmiş pulun geri qaytarılması tələbi; sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər arasında tanışlıq münasibəti əsasında cavabdehə məxsus MAZ 551608 (238) markalı, ** BL *** dövlət qeydiyyat nişanlı yük avtomobilin alğı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Belə ki, həmin razılaşmaya əsasən iddiaçı cavabdehə qeyd olunan avomobilə görə ümumilikdə 30000 manat pul ödəməyi öhdəsinə götürmüş və hissəvi şəkildə ona 15600 manat pul vermişdir.

2. Bundan sonra ƏN-VIN ****** saylı, ##.##.2023-cü il tarixli etibarnaməyə əsasən, cavabdeh Cavabdeh mülkiyyətində olan MAZ 551608 (238) markalı, ** BL *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək səlahiyyətini ##.##.2032-ci ilədək iddiaçı İddiaçı etibar etmişdir.

3. Daha sonra ödəniləcək qalan pul məbləği ilə bağlı tərəflər arasında mübahisə yaranmış və nəticədə mübahisəli avtomobilə dair ƏN-VIN ****** saylı, ##.##.2023-cü il tarixli etibarnamə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur.

4. Qeyd olunan etibarnamənin ləğvindən sonra mübahisə ilə bağlı iddiaçı, Mingəçevir şəhər Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət əsasında qurumun təhqiqatçısı tərəfindən cavabdehin əməllərində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul olunmuş və mübahisənin mülki xarakterli olduğundan işin məhkəmə müstəvisində davam etdirilməsi həmən qərarda tövsiyyə olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 15.600 AZN (on beş min altı yüz manat) pulun və 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə çoxdan tanışdırlar. Cavabdehin özünə məxsus “MAZ 551608 (238) yük” markalı 45-BL822 dövlət qeydiyyat nişanlı yükünüözüboşaldan avtomobili vardır. O, eşitmişdir ki, cavabdeh həmin avtomobili satır. Cavabdehlə söhbət edəndə ona bildirmişdir ki, avtomobili 30.000 (otuz min) manata satır. O, həmin avtomobili almaq istədiyinə, lakin həmin məbləğdə pulu olmadığına görə Sakitlə razılaşmışlar ki, avtomobilə görə əvvəlcədən 12000 (on iki min) manat pul versin, iş olduqca hissə ilə qalan pulu ödəyər. Beləliklə, 2023-cü ilin dekabr ayında, o, avtomobilə görə Cavabdeh 12.000 (on iki min) manat ilkin ödəniş vermiş və avtomobili götürmüşdür. Iş olduqca işləyib cavabdehə hissə ilə pul verirdi; həmin avtomobillər üçün isə iş çətin tapılırdı. Həm də avtomobil köhnə olduğundan, məcbur olub təmir etdirirdi. Bu müddət ərzində avtomobilin mühərrikini, kompressorunu, soyuducusunu, dəfələrlə resorlarını təmir etdirmişdir və 2000 (iki min) manatdan çox xərc çəkmişdir. Sonuncu dəfə təxminən mart ayında Sakitə avtomobilə olan borcundan 2000 (iki min) manat pul vermiş, indiyə qədər isə cəmi 15600 (on beş min altı yüz) manat pul vermişdir. Bütün cəhdlərinə baxmayaraq, avtomobilə görə borcunu ödəyib başa çatdıra bilməmişdir. Ümumiyyətlə, onlar avtomobili almaqla əlaqədar razılıq əldə edəndə avtomobilin dəyərinin nə vaxta kimi ödənilməsi barədə danışmamışlar. Sadəcə danışmışlar ki, iş olanda borcdan ödəyəcəkdir. Cavabdeh ona ## ###### 2023-cü il tarixli ƏN-VI № ****** nömrəli etibarnamə də vermişdir; hazırda həmin etibarnaməni ləğv etdirib və polis vasitəsi ilə avtomobili ondan məcburi qaydada alıb duracağa qoydurmuşdur. O, nə qədər desə də ki, pulun qalan hissəsini ödəyəcək, cavabdeh razılaşmır. O, cavabdehə deyir ki, əgər avtomobili ondan geri alırsa, onda onun indiyə kimi ödədiyi pulu geri qaytarsın; cavabdeh bildirir ki, ona heç bir pul qaytarmayacaqdır. Ona görə də 15600 (on beş min altı yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

7. Daha sonra iddiaçı məhkəmə iclasında iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh Cavabdeh qarşı 15600 (on beş min altı yüz) manat tələbinin həcmini azaldaraq, ilkin tələbindən 6600 (altı min altı yüz) manat çıxır, 9000 (doqquz min) manat və rüsum tələbi qalır.

8. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mülkiyyətində olan 2008-ci il buraxılışlı “MAZ 551608 (238) yük” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşma əsasında 2023-cü ilin dekabr ayının 6-da iddiaçı İddiaçı 30000 (otuz min) manata, yəni ilkin 12000 (on iki min) manat ödənilməklə qalan 18000 (on səkkiz min) manat nisyə olmaqla satmış, bununla bağlı ## ###### 2023-cü il tarixdə iddiaçı İddiaçı adına ## ###### 2032-ci il tarixədək olan müddətə etibarnamə vermişdir. Iddiaçı ilə razılaşmışlar ki, iddiaçı qalan 18000 (on səkkiz min) manat borcu ödədikdən sonra avtomobil iddiaçının mülkiyyətinə keçiriləcəkdir. Iddiaçı bundan sonra hissə-hissə olmaqla ona cəmi 3600 (üç min altı yüz) manat da pul ödəmiş, lakin sonra ödənişi dayandırmışdır. Belə olan halda, o, iddiaçı İddiaçı adına ## ###### 2023-cü il tarixdə etibarnaməyə ## ### 2025-ci il tarixdə birtərəfli qaydada xitam vermişdir. Iddiaçı onun avtomobilini təxminən bir il yarım müddətində istismar etmişdir. Həmin avtomobillə qazanc əldə etmişdir. Əgər o, həmin avtomobili başqasına icarəyə versəydi, hər ay üçün 1000 (bir min) manat qazanc əldə edə bilərdi. Iddiaçı həmin avtomobilə görə cəmi 15600 (on beş min altı yüz) manat pul ödəmişdir, onun şərti belədir ki, iddiaçı ya 14500 (on dörd min dörd yüz) manat borcunu ödəsin və avtomobili ondan götürsün (rəsmi alğı-satqı olsun), ya da o, iddiaçı tərəfindən ona ödənilmiş 15600 (on beş min altı yüz) manat pulu avtomobilin icarə haqqı olaraq hesablayacaq və həmin pulu iddiaçıya qaytarmayacaqdır.

9. Kəlbəcər Rayon Məhkəməsinin 2025-ci il # ####### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 9000 (doqquz min) manat məbləğində əsas borc (əsassız əldə olunmuş pul vəsaiti), həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 110 (yüz on manat) hissəsinin pul əvəzi, cəmi 9110 (doqquz min bir yüz on manat) məbləğdə pul vəsaitinin tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Həsən Qəniyev).

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 9000 (doqquz min) manat varlanmışdır (əsassız varlanma). Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Belə olan halda, cavabdeh Cavabdeh 9000 (doqquz min) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 181, 650, 1091 və 1092-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların arasında olan razılaşma iddiaçı İddiaçı razılaşmaya uyğun hərəkət etməməsi səbəbindən pozulmuşdur. Onun mülkiyyətində olan “MAZ" markalı dövlət nömrə nişanı **-BL-*** olan avtomobil ## ###### 2023-cü il tarixdən Mingəçevir şəhər sakini İddiaçı Məhhərrəm oğlunun sahibliyində və istifadə olmuşdur. Yəni 19 (on doqquz) ay İddiaçı Məhhərrəm oğlu ona məxsus olmuş avtomobili lazımınca istifadə etmiş, yaxşı pul qazanmış, yararsız vəziyyətdə ona qaytarmağa cəhd edir. Halbuki, “MAZ" markalı dövlət nömrə nişanı **-BL-*** olan avtomobil Qarabağın işğaldan azad olunmuş ərazilərində yük avtomobili olaraq isitfadə etmiş, əslində o, əsassız varlanmışdır. Ona verilmiş etibarnaməni təsir vasitəsi kimi ləğv etdirmişdir. Çünki başqa bir yol yox idi. Məqsədi qalan pulunu almaqdır. İddiaçı Məhhərrəm oğlu 19 ay ərzində, hər ay orta hesabla bir ay üçün icarayə verilmə dəyəri 1300 manat olmaq şərti ilə hesablanmaqla (19x1300) 24.700 (iyirmi dörd min yeddi yüz) manat pul qazanmış və əsassız varlanmışdır. Onun mülkiyyətində olan MAZ 551608 (238) yük markalı 45- BL822 dövlət qeydiyyat nişanlı yükünü özü boşaldan avtomobilin eynisini ayda 1200-1500 manat arası icarəyə verirlər. Təqdim edəcəyi etibarnamələrdən də görünür ki, İddiaçı onun adından başqa şəxslərə həmin avtomobili sürmə üçün etibarnamələr almış, həmin etibarnamələrlə azad olunmuş ərazidə yetərincə pul qazanmışdır. Müqavilənin şərtlərinə əməl etməyən İddiaçıdur, ona yararsız vəziyyətə düşmüş avtomobili yox, borclu olduğu pul verməlidir. İddiaçı Məhhərrəm oğlu onun mülkiyyətimdə olan MAZ 551608 (238) yük markalı 45- BL822 dövlət qeydiyyat nişanlı yükünü özü boşaldan avtomobilin qeydiyyat şəhadətnaməsini daşınar əmlakın mülkiyyət sənədini qaytarmır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, əslində iddiaçı onun hesabına əsassız varlanıb.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə aralarında narazılıq yaranmaması üçün tələb etdiyi məbləğdən 6600 manat güzəşt etmiş, yerdə qalan 9000 manatı isə tələb edir. 6600 manatı ona görə güzəşt etmişdir ki, cavabdeh avtomobildə nasazlıqların olması ilə bağlı ona irad bildirmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 2026cı il ## ###### tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə).

17. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə işin halları baxımından qeyd etmişdir ki, hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. Iddiaçı tələbində bildirmişdir ki, o, 15600 manat məbləğində pulu cavabdeh tərəfə vermiş, cavabdeh isə pulu geri qaytarmamışdır. Cavabdeh istintaq orqanına verdiyi izahatda qeyd edilən məbləği iddiaçıdan aldığını bildirmişdir. Aralarındakı razılaşmaya görə cavabdeh ona mülkiyyətində olan yük avtomobilini 30.000 manata satmalı, iddiaçı isə pulu hissə-hissə verməli idi. Lakin, sövdələşmə baş tutmadığına görə cavabdeh verdiyi etibarnaməni ləğv etdirib, avtomobili geri almışdır. Məhkəmə gedişində iddiaçı tələbinin 9000 manat hissəsini müdafiə etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırkı tələbə dair mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir.

18. Fikrin davamı olaraq kollegiya daha sonra bildirmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqısı ilə bağlı razılaşma olmuş, lakin hər hansı bir yazılı müqavilə imzalanmamışdır. Maddi hüquq normalarının tələblərinə görə avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı müqavilə yazılı formada bağlanmalıdır. Deməli, tərəflər arasında müqavilə münasibətləri yaranmamışdır. Bununla belə, iddiaçı tərəfindən cavabdehə tələb edilən məbləğdə pulun verilməsi halı təsdiq olunur. Deməli, hazırkı mübahisəyə əsassız varlanmanı tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı tələbinin sübutu kimi cavabdehin verdiyi izahatlara əsaslanır. Cavabdeh həm istintaq orqanında, həm də birinci instansiya məhkəməsində verdiyi izahatlarda iddiaçıdan 15600 manat pulu aldığını bildirmiş, bununla bərabər iddiaçının avtomobili işlədərək gəlir əldə etdiyini, avtomobili başqa şəxslərə də verdiyini və sonda avtomobili ona nasaz vəziyyətdə qaytardığını bildirir. Cavabdehin etirazları ilə razılaşmayan kollegiya yekun olaraq bildirmişdir ki, artıq qeyd edildiyi kimi, tərəflər arasında avtomobilin hansı şərtlərlə cavabdehə verilməsi barədə hər hansı yazılı sövdələşmə olmamış, şifahi razılaşmaya görə isə avtomobilin dəyəri hissəhissə ödənildikdən

20. sonra iddiaçının mülkiyyətinə keçməli idi və cavabdeh tərəfindən də iddiaçıya avtomobillə bağlı baş etibarnamə verilmişdir. Iddiaçı razılaşdırılmış dəyərin bir hissəsini ödəmədiyinə görə cavabdeh avtomobili geri almış, lakin, iddiaçı tərəfindən avtomobil qaytarılana qədər ödənilən məbləğ cavabdehdə qalmışdır. Sonradan, iddiaçı cavabdehin avtomobilin nasazlığı ilə bağlı etirazlarına qarşı, aralarında narazılığın qalmaması üçün tələbini yalnız 9000 manat hissədə müdafiə etdiyini, 6600 manatı isə cavabdehə güzəştə getdiyini bildimişdir. Tələb edilən 9000 manat məbləğin cavabdehdə qalmasını şərtləndirən hər hansı bir hüquqi əsas yoxdur. Göründüyü kimi, cavabdehin iddia tələbinə qarşı etirazlarının əsası yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 650, 1091 və 1092-ci; Mülki Prossesual Məcəlləsinin 14, 77, 88, 217, 384 və 385-ci maddəsinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinin məzmunu ilə oxşarlıq təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olmuş MAZ 551608 (238) yük” markalı yükünü özü boşaldan eyni vəziyyətdə olan yük avtomobilin aylıq icarə haqqı 1200-1500 manat arası dəyişir. İddiaçı Məhhərrəm oğlu Cavabdeh mülkiyyətində olmuş yük avtomoblindən 18 (on səkkiz) ay öz əmlakı kimi istifadə etmiş, orta hesabla 24.000 (iyirmi dörd min) manatdan artıq, qazanc-bəhərəldə etmiş-(1200+1500=1700:2=1350X 18 ay=24.400 manat), qanuni istifadəsində olmuş avtomobli yararsız vəziyyətə salmış, bu azmış kimi Məhkəmə Cavabdeh İddiaçı xeyrinə 9000 (doqquz min) manat məbləğində əsas borcun (əsassız əldə olunmuş pul vəsaiti) qaytarılması qənaətinə gəlmişdir. Əsassız varlanmış şəxs İddiaçıdur. Işə baxan Apellyasiya instansiya məhkəməsi özü tərəfindən maddi hüquq normalarını pozulmuşdur. Bundan da başqa qanunsuz qətnamədə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 110 (yüz onmanat) hissəsinin pul əvəzi olaraq məndən tutulması göstərilmişdir. Mən Kəlbəcər rayonundan məcburi köçkünəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubikası Qanununa əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə kollegiyası mülki işə baxarkən araşdırma etməmiş, halbuki, cavabdeh apellysiya şikayətində onun məcburi köçkün olması və dövlət rüsumundan azad olduğu halda Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsində iddiaçı İddiaçı Məhhərrəm oğlu tərəfindən ödənilmiş, dövlət rüsumun əvəzi olaraq 110 (yüz on manat) pulun məcburi köçkün Cavabdeh tutulması qət edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassator qətnaməni bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar