Məhkəmə qərarları › İş №2(1-8)-1164/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1164/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1164/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr (əldən çıxmış fayda), mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddiaçı X1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiasının təmin edilməsi, 68.000 manat məbləğində pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X1 ödənilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnamədən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı iddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması tələbi barədə” ilk iddiasının təmin edilməsi, 61.200 manat məbləğində pulun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı2 ödənilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı iddiaçı2 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasının təmin edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 45 manat məbləğində dövlət rüsumunun X1 xeyrinə və 45 manat məbləğində dövlət rüsumunun iddiaçı2 xeyrinə tutulması qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın ## ###### 2020-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Qətnamənin icrası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən ## ###### 2020-ci il tarixli *(***)-***/**** saylı icra vərəqəsi verilmişdir.

4. iddiaçı1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, o X3 30.000 manat pulu almış və qətnamə üzrə müəyyən edilmiş qalan borcun ##.##.2024-cü il tarixədək qaytarılmasını tələb edir.

5. iddiaçı1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, o, Cavabdeh MMC tərəfindən ona verilməli olan 68045 manat puldan X2 15000 manat pulu almış və qətnamə üzrə 23045 manat borc qalmışdır.

6. iddiaçı1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, o, Cavabdeh MMC tərəfindən ona verilməli olan 68045 manat puldan X2 23045 manat pulu almışdır.

7. Ərizəçilər iddiaçı2 və iddiaçı1 “pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh MMC-dən iddiaçı1 xeyrinə tutulmalı olan 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumunun və X4 xeyrinə tutulmalı olan 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumunun indeksasiyasının həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsi üzrə iddiaçı1 xeyrinə 23897 manat və iddiaçı2 xeyrinə 20823 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması qərara alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən birgə iddiaçılar iddiaçı1 və iddiaçı2 xeyrinə ümumilikdə 80000 manat mənəvi zərərin və 60000 manat əldən çıxan faydanın, cəmi 140000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli *(***)***/**** saylı icra sənədinə əsasən borclu Cavabdeh MMC-dən 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə iddiaçı iddiaçı1, 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu isə tutularaq digər birgə iddiaçı iddiaçı2 ödənilməlidir. Həmin icra sənədi icra olunmaq üçün icraya yönəldilmiş, Yasamal rayon Icra Şöbəsi tərəfindən həmin icra sənədinin icra olunması üçün 2020-ci ildən başlayaraq bir sıra tədbirlər görülmüş, lakin icra sənədi üzrsüz səbəblərdən icra edilməmişdir. Həmin icra işi üzrə iddiaçıların nümayəndəsi X5 olmuşdur. Birgə iddiaçılar cavabdeh Cavabdeh MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmiş və nəticəsiz də olsa, bu tədbirlər görülmüşdür. Lakin cavabdeh təşkilat olan Cavabdeh MMC-dən həmin borc məbləğinin alınması uzun müddət mümkün olmamışdır. Cavabdeh MMC hər dəfə məhkəmə qətnamənin icrasına süni əngəllər yaratmış, maneçilik hərəkətləri etmiş, hətta iddiaçıların nümayəndəsini öz təsiri altına almağa çalışaraq saxta sənəd hazırlatdırmaq yolu ilə icra sənədinin icrasından yayınmağa cəhdlər etmişdir. Belə ki, 2021-ci ilin təxminən mayiyun aylarında cavabdeh tərəf iş icrada olduğu halda birdən-birə birgə iddiaçıların adından və onların imzası görüntüsü ilə üzərində ##.##.2021 tarixi qeyd olunan və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru R Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia etmişdir ki, guya birgə iddiaçılara olan borcunu tam olaraq ödəmişdir və bununla da tələb etmişdir ki, icra üzrə icraata xitam verilsin. Birgə iddiaçılar həmin ərizədən məlumatsız olduqlarını, cavabdeh təşkilatdan heç bir pul vəsaiti almadıqlarını, cavabdeh təşkilatın və onun rəhbərliyinin, eləcə də cavabdeh tərəfdən hər hansı digər şəxsin və ya şəxslərin onlara pul vermədiklərini israrla və tam əminliklə bildirmiş, həmin ərizənin saxtalaşdırıldığını qeyd etmiş və bu əsasla da Yasamal rayon prokurorluğuna şikayət etmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin məktubun saxtakarlıq yolu ilə tərtib edilməsini, heç bir hüquqi əhəmiyyət kəsb etməməsini, məhkəmə yolu ilə sübut etmək üçün birgə iddiaçılar təkrar məhkəmə mübahisələri açmış, buna uzun müddət zəhmət sərf etmiş, vəkilə xidmət haqları ödəmiş, məhkəmə rüsumları ödəmiş, bununla yanaşı stress və həyəcan keçirmişlər. Həmin sənədin iddiaçıların iradəsini ifadə etmədiyini müəyyən edən çoxsaylı məhkəmə aktları məhkəməyə təqdim ediləcəkdir. Bildirilir ki, həmin saxta və əhəmiyyətsiz ərizəyə məhkəmə yolu ilə hüquqi qiymət verilənədək icra sənədi üzrə icraat Yasamal rayon Icra Şöbəsində dayandırılmış, nəticədə birgə iddiaçılar uzun və iztirablı gözləmə mövqeyində qalmağa məcbur olmuş, çoxsaylı məhkəmə iclaslarında iştirak etməyə cəlb edilmiş, ev almaq üçün çətinliklə topladıqları vəsaitin geri qaytarılmasında təkrar ləngitmələrin təsirindən doğan mənfi emosional gərginlik keçirmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, birgə iddiaçı iddiaçı1 icra sənədinin icrası ilə tanış olmaq, gedişatı nəzarətdə saxlamaq üçün müntəzəm olaraq icra şöbəsi ilə əlaqə saxlamış, işin gedişi ilə maraqlanmış, lakin icra hərəkətlərinin çox vaxt səbəbsiz yerə dayandırılması və ya ləngidilməsinin şahidi olmuş, buna qarşı narazılığını bildirmiş, haqlı olaraq əsəbiləşmiş, nəticədə gərginlik keçirmiş, haqlı olduğu halda ona qarşı cavabdeh tərəfindən törədilən qanunsuzluqlara cavab olaraq icra şöbəsində yüksək səslə etiraz etmişdir. Bu zaman icra məmuru tərəfindən ona qarşı inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmə tərəfindən inzibati qaydada həbs edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının gərginlik keçirməsinin və bu zaman yüksək səslə danışdığı üçün həbs edilməsinin iddiaçıya nə qədər mənəvi iztirab verdiyini təsəvvür etmək çətin deyil. Məhkəmənin nəzərinə onu da çatdırırlar ki, cavabdeh təşkilatın həmin icra sənədini heç bir maddi çətinlik çəkmədən dərhal ödəmək imkanı olmuşdur və bu gün də var. Lakin cavabdeh təşkilatın rəhbərliyi birgə iddiaçılara qarşı qərəzli münasibət bəsləmiş, onları incitməyi, gərgin və sıxıntılı bir psixoloji durumda saxlamağı qarşısına məqsəd qoymuşdur. Bunu başqa cür izah etmək mümkün deyil. Çünki cavabdeh təşkilat öz vəsaitlərini icra məmurundan gizlətdiyi halda, eyni vaxtda milyonlarla manat vəsait xərcləyərək tikinti işləri aparmış, vergi və əmək haqqı ödəmiş, digər öhdəlikləri yerinə yetirmiş, birgə iddiaçıların pulunu ödəməyə gəlincə isə, qəsdən müxtəlif bəhanələr gətirərək icra sənədini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh təşkilatın icra sənədini qəsdən icra etməməsi hər dəfə təşkilatın rəhbər vəzifəli şəxsinin inzibati məsuliyyəti ilə nəticələnmiş, cavabdeh təşkilat da hər dəfə yeni rəhbər təyin edərək icra sənədi üzrə cinayət işinin başlanmasına əngəl yaratmağa çalışmışdır. Lakin birgə iddiaçıların Azərbaycan Respublikasının Prezidentinə, ədliyyə nazirinə, müxtəlif dövlət orqanlarına, hüquq mühafizə orqanlarının başçılarına etdikləri çoxsaylı (yüzlərlə müraciət!) müraciət və şikayətlərdən sonra cavabdeh təşkilatın rəhbəri X2 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsində CM-nin 306.2-ci maddəsi ilə cinayət işi qaldırılmış, cinayət işinin istintaqı tamamlanaraq iş məhkəməyə verilmişdir. Cavabdeh təşkilat son ana qədər icra sənədini icra etməkdən yayınmağa çalışmış, birgə iddiaçılara son ana qədər mənəvi zərər vurmağı, onları gərginlik və sıxıntıda saxlamağı qarşısına məqsəd qoymuşdur. Birgə iddiaçılara qarşı bu cür qərəzli və kinli münasibət nəticəsində birgə iddiaçılar mənəvi sarsıntı keçirmiş, onlara həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Ödənilmiş vəsaitin məhkəmə yolu ilə və sonra icra qaydasında tələb edildiyi 7 il ərzində birgə iddiaçılar demək olar ki, hər gün əsəb, stress, yorğunluq və mənəvi sarsıntının yaratdığı gərginlik içində olmuş, mənəvi əzaba düçar olmuşlar. Bu mənada hesab edirlər ki, həmin mənəvi zərər cavabdeh tərəfindən birgə iddiaçılara tam olaraq ödənilməlidir. Birgə iddiaçılara vurulan mənəvi zərər, hər birinə 40000 manat olmaqla cəmi 80000 manat mənəvi zərər vurulmuşdur. Hesab edirlər ki, həmin məbləğ cavabdeh təşkilatdan alınıb birgə iddiaçılara ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, icra sənədində göstərilən məbləğlər yalnız 5 il keçdikdən sonra, ## ###### 2025-ci ildə tam olaraq birgə iddiaçılara ödənilmişdir. Bundan əlavə, cavabdeh təşkilat həmin pulu iddiaçılardan 2017ci ildə almış və həmin vaxtdan qaytarmamışdır. Bu mənada cavabdeh 2017-ci ildən 2025-ci ilə kimi birgə iddiaçıları əsassız olaraq həm mənzil hüquqlarından, həm də ödədikləri vəsaitdən məhrum etmişdir. Nəticədə birgə iddiaçılara böyük məbləğdə ziyan dəymişdir. Belə ki, birgə iddiaçı iddiaçı2 cavabdeh təşkilatdan mənzil almış və mənzilin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Mənzil vaxtında birgə iddiaçı iddiaçı2 təhvil verilsəydi, onun mülkiyyətində olardı. Hal-hazırda həmin göstəriciləri olan mənzilin real bazar dəyəri 120000 manat təşkil edir. Cavabdeh həmin mənzili vaxtında iddiaçı iddiaçı2 təhvil vermədiyinə görə birgə iddiaçılara birlikdə ən azı 60000 manat real zərər vurulmuşdur. Hesab edilir ki, həmin zərər cavabdeh təşkilatdan tutulub birgə iddiaçılara ödənilməlidir. Belə ki, cavabdeh təşkilatla birgə iddiaçılar arasında yaranan mülki hüquqi münasibətlər zəminində (mənzil alğı-satqısı və borc münasibəti) cavabdeh təşkilat öz üzərinə düşən öhdəliklərini (mənzili təhvil vermək və borcu qaytarmaq) icra etməmiş, onların icrasına vicdanlı münasibət göstərməmiş, öhdəliklərinin icrasından və sonrakı mərhələdə isə məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Bu isə cavabdeh təşkilat tərəfindən yol verilən mülki hüquq pozuntusudur.

10. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə2 etirazla müraciət edərək birgə iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin əsassız və qanunsuz olması əsası ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin iddiaçı iddiaçı2 və 1000 manat məbləğində pul vəsaitinin iddiaçı1 xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissəsinin təmin edilməməsi, iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq iddiaçıların ödədiyi 40 manatın cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 350 manatın iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Zərifə Məmmədova).

12. Məhkəmə iddia tələbinin 60000 manat əldən çıxan faydanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar cavabdehin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qərarının icrasını gecikdirməsi nəticəsində onlara zərər dəyməsini iddia etsələr də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)*/**** saylı qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi üzrə iddiaçı1 xeyrinə 23897 manat və iddiaçı2 xeyrinə 20823 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması qərara alınmış və həmin qərardad icra edilmişdir. Qətnamənin icrasının gecikməsi nəticəsində indeksasiya olunmalı məbləğ iddiaçılara verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)- ***/**** saylı qərarının icrasının gecikməsi nəticəsində iddiaçılara digər hər hansı maddi zərər dəyməsini, eləcə də onlara dəymiş zərərin məbləğini təsdiq edən sübutları iddiaçılar məhkəməyə təqdim etməmişlər.

13. Məhkəmə iddia tələbinin 80000 manat mənəvi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə mənəvi ziyanın məbləğinin iddiaçıların hər biri üçün 1000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edərək, bu zaman iddiaçıların (zərərçəkənin) hüquq və mənafelərinə toxunan halları və cavabdehin vəziyyətini nəzərə aldığını göstərmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 23.1, 23.2, 23.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.4, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli e- *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə cavabdehin həqiqətən də iddiaçılara zərər vurduğunu özü də təsdiq etmişdir. Amma cavabdehdən tutulan məbləğ iddiaçıların keçirdikləri sarsıntı, çəkdikləri əziyyət, məhkəmələrə gedib-gələrkən yollarda çəkdikləri xərclər, məhrum olduqları qazancla müqayisədə çox azdır. Işə baxan məhkəmə cavabdeh tərəfindən məhkəmə aktının icra edilməsi, pulun ödənilməsi prosesində iddiaçıların çəkdikləri əziyyətin detallarını araşdırmamış, MPM-nin 385-ci maddəsinə uyğun olaraq iş üçün əhəmiyyəti olan halları nəzərə almamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçılar indeksasiya yolu ilə onlara vurulan zərərin əvəzini almışlar. Halbuki, iddiaçılar daha çox zərərə məruz qalmışdır. Cavabdeh iddiaçılara mənzil satmış, lakin həmin mənzili onlara təhvil verməmişdir. Həmin mənzilin dəyəri hazırda daha çoxdur. Məhkəmə işin bu halını nəzərə almamışdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən edərkən də ədalətsizlik etmiş, iddiaçıların illərlə məhkəmələrin yolunda qaldığını, ciddi sarsıntı keçirdiyini nəzərə almamışdır. Əksinə, cavabdehin vəziyyətini nəzərə almışdır. Halbuki, cavabdehin maddi vəziyyəti çox yaxşıdır.

17. Qətnаmədən nаrаzı qаlаn cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində ləğv olunması və iddiaçıların mənəvi zərərin ödənilməsi tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mənəvi zərərin ödənilməsi yalnız qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində hüquqların pozulması halında mümkündür. Məhkəmə qərarında cavabdehin hərəkətlərində qanunsuzluq və ya hüquq pozuntusu faktı müəyyən edilməmiş, yalnız icranın “gecikməsi” qeyd olunmuşdur. Icra sənədinin gecikdirilməsi isə qanunla müəyyən edilmiş inzibati icra proseduru çərçivəsində baş vermiş, bu barədə heç bir inzibati və ya məhkəmə qərarı ilə qanunsuzluq tanınmamışdır. Beləliklə, hüququn pozulması faktı mövcud olmadığından mənəvi zərərin ödənilməsi, hüquqi əsasdan məhkəmə qətnaməsində faktiki və hüquqi əsaslandırma yoxdur. Birinci instansiya məhkəməsi mənəvi zərərin mövcudluğunu sübut edən heç bir dəlil göstərmədən, yalnız “ədalət prinsipi”nə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 217.1 və 220.1-ci maddələrinə görə, məhkəmə qətnaməsində nəticənin faktiki hallara və hüquqi əsaslara söykənməsi vacibdir. Qərarda mənəvi zərərin: xarakteri, mənbəyi, intensivliyi, sübutları (tibbi, psixoloji, sosial və s.) barədə heç bir qeyd yoxdur. Bu isə qətnamənin əsaslandırılmamış və formal xarakter daşıdığını göstərir. Iddiaçılar mənəvi zərər barədə yalnız ümumi sözlərə əsaslanmış, lakin heç bir sübut təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 77 və 78-ci maddələrinə görə, hər bir tərəf iddia etdiyi halı sübut etməyə borcludur. Iddiaçılar tərəfindən psixoloji və ya tibbi təsir sübutları, sosial zərər faktı, reputasiya itkisinə dair dəlillər təqdim edilməmişdir. Belə halda mənəvi zərərin ödənilməsi sübutsuz qərardır.

19. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları, tərəflərin izahatlarını və təqdim edilmiş materialları hərtərəfli araşdırmış, sübutların qiymətləndirilməsini qanunun tələblərinə uyğun aparmışdır. Qətnamədən açıq şəkildə görünür ki, məhkəmə iddiaçıların iddia etdikləri həddən artıq məbləğlərin sübuta yetirilmədiyini müəyyən etmiş və buna görə də iddianı yalnız qismən təmin etmişdir. Bu hal, məhkəmənin ədalətlilik və mütənasiblik prinsiplərini rəhbər tutduğunu, mənəvi zərərin cəza xarakteri daşımadığını, kompensasiya xarakterli olduğunu düzgün qiymətləndirdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsasını təşkil edən halları sübut etməlidir. Iddiaçılar tərəfindən iddia edilən 40.000 manatlıq fərdi mənəvi zərərin mövcudluğu və məhz bu həcmdə olması, tibbi sənədlərlə, psixoloji və ya psixiatrik ekspertiza rəyləri ilə, mənəvi iztirabların intensivliyini və davamlılığını təsdiqləyən obyektiv sübutlarla əsaslandırılmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin mənəvi zərəri simvolik, lakin ədalətli və qanunauyğun həcmdə müəyyən etməsi tam əsaslıdır. Apellyasiya şikayətində isə mənəvi zərər anlayışı faktiki olaraq cəza mexanizminə çevrilməyə cəhd edilir ki, bu da mülki hüququn mahiyyətinə ziddir. Iddiaçılar apellyasiya şikayətində icra prosesində baş vermiş müəyyən gecikmələri və inzibati xarakterli halları cavabdehin birbaşa mülki məsuliyyəti kimi təqdim etməyə çalışırlar. Halbuki, icra prosesinin təşkili və icrası icra orqanlarının müstəsna səlahiyyətindədir, inzibati məsuliyyət tədbiri iddiaçının öz davranışı ilə bağlıdır və inzibati məsuliyyət tədbirləri öz-özlüyündə mülki məsuliyyətin avtomatik yaranmasına səbəb olmur. Iddia edilən mənəvi və maddi zərər ilə cavabdehin konkret hərəkətləri arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Səbəbli əlaqə sübut edilmədiyi halda isə mülki məsuliyyətin yaranması hüquqi baxımdan mümkün deyildir. Iddiaçıların “real zərər” və “əldən çıxmış fayda” ilə bağlı arqumentləri ehtimala və subyektiv mülahizələrə əsaslanır. Mənzilin bazar dəyəri, guya əldə edilə biləcək gəlir və ya itirilmiş imkanlar; müstəqil qiymətləndirmə rəyi ilə, konkret iqtisadi hesablamalarla, müqavilə və ya real gəlir imkanını təsdiqləyən sənədlərlə sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu iddiaları ehtimala əsaslanan mülahizələr kimi qiymətləndirmiş və təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli e- *(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – E.Hüseynov (məruzəçi), Z.Sadiqov və Ə.Kərimov).

21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, geçikdirilmiş pul məbləğlərinin indeksasiyası nəticəsində iddiaçılara pul vəsaiti ödənildiyinə görə, iddia tələbləri əldən çıxmış faydanın ödənilməsi hissəsində əsassızdır.

22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı işdə iddiaçılara mənəvi zərər müqavilədən irəli gələn öhdəliklərin pozuntusu nəticəsində deyil, məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun müddət (4 ildən çox) ərzində icra edilməməsi və cavabdeh tərəfindən qətnamənin icrasına mane olunması (cavabdehin birgə iddiaçıların adından və onların imzası görüntüsü ilə icra məmuruna iddiaçılara olan borcunu tam ödəməsi barədə ərizə təqdim edərək icra üzrə icraata xitam verilməsini tələb etməsi və s.) vurulmuşdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən mənəvi ziyanın məbləğinin iddiaçıların hər biri üçün 1000 manat məbləğində müəyyən edilməsini əsaslıdır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 14, 21, 1096, 1097, 1108-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** saylı qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçılar (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, işə baxan məhkəmə Mülki Məcəllənin 21, 1097-ci maddəsinin tələblərini yerinə yetirməmiş, iddianı tam təmin etməməklə həmin normaların tələblərini pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı

34. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** saylı qərarı

35. 4.1-ci bənd. Konstitusiya bəyan edir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu baxımdan bütün hüquq və azadlıqlar, habelə dövlətin fəaliyyəti insan şəxsiyyətinin layiq olduğu həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Şəxsiyyət hüquqlarını gözləmək və qorumaq nəinki dövlət orqanlarının, hər kəsin konstitusion öhdəliyidir. Bu baxımdan heç kəsə icazə verilmir ki, başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etsin. Bu qadağanın pozulması müxtəlif növ, o cümlədən mülki hüquqi məsuliyyətə səbəb olur.

36. 4.8-ci bənd. Şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri bu hüquqları təsbit edən maddi hüquq normalarının, habelə müqavilə öhdəliklərinin pozulmasından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri müstəqil şəkildə qaldırıldığı halda, yalnız pozulmuş hüququn müdafiəsi məqsədini daşıdığından, zərərin kompensasiyası tələblərindən fərqli olaraq, həmin tələblərin hüquqi əsası kimi mülki hüquq pozuntusu (delikt) çıxış etməyəcəkdir.

37. 4.9-cu bənd. Bu baxımdan həmin hüquqların müdafiəsi tələblərinin maddi hüquqi əsası qismində Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (9-cu bölmə istisna olunmaqla), Ailə Məcəlləsi və Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” və “Patent haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və ya müqavilə şərtləri çıxış edir.

38. 4.10-cu bənd. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

39. 4.11-ci bənd. Zərərin kompensasiyası tələbləri isə şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən fərqli olaraq, müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər.

40. 4.12-ci bənd. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cubəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

41. 4.13-cü bənd. Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

42. 4.34-cü bənd. Növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır.

43. 4.35-ci bənd. Bundan fərqli olaraq, həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Kassasiya şikayətinin digər dəlilləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Bununla bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar