Məhkəmə qərarları › İş №2(1-8)-1165/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1165/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1165/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin kreditorlar qarşısında məsuliyyəti ilə bağlı mübahisələr, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 may 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin Şəki filialı ilə Qurbanov Həbib Rufət oğlu arasında bağlanmış ##.##.2022ci il tarixli BPM************ saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 786,72 manat əsas, 22,85 manat faiz borcu olmaqla cəmi 809,57 manat, ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 598,87 manat əsas, 3,37 manat faiz borcu olmaqla cəmi 602,24 manat və ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 4698,26 manat əsas, 29,05 manat faiz borcu olmaqla cəmi 4727,31 manat məbləğində Qurbanov Həbib Rufət oğlunun kredit borcu vardır.

2. Qurbanov Həbib Rufət oğlu ## #### 2024-cü ildə Qax rayonu, Əmbərçay kəndində vəfat etmişdir.

3. Qurbanov Həbib Rufət oğlu öldükdən sonra onun vərəsəsi atası Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmək üçün ərizə ilə müraciət etmiş, lakin onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra həmçinin “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın Şəki filialı ilə Qurbanov Həbib Rufət oğlu (borclu) arasında bağlanmış ##.##.2022-ci il tarixli BPM************ saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 786,72 manat əsas, 22,85 manat faiz borcu olmaqla cəmi 809,57 manat, ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 598,87 manat əsas, 3,37 manat faiz borcu olmaqla cəmi 602,24 manat və ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 4698,26 manat əsas, 29,05 manat faiz borcu olmaqla cəmi 4727,31 manat məbləğində kredit borcunun, ödənilmiş 81,39 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının borclunun vərəsəsi olan cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh”) alınaraq Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın Şəki filialı ilə Qurbanov Həbib Rufət oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli BPM************ saylı tam kart müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra borclunun ##.##.2024-cü il tarixində müraciətinə əsasən elektron təsdiq vasitəsilə (OTP kod) kredit limiti artırılaraq 900 manat məbləğində təyin edilmiş, elektron təsdiq vasitəsilə (OTP kod) ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən 12 ay müddətinə 12.9 faiz olmaqla 1000 manat məbləğində nağd kredit və elektron təsdiq vasitəsilə (OTP kod) ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən 48 ay müddətinə 15,9 faiz olmaqla 4770 manat məbləğində nağd kredit verilmişdir. X4 Rufət oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli *** saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Qurbanov Həbib Rufət oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş ərizə əsasında açılmışdır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Qurbanov Həbib Rufət oğlunun ##.##.2022-ci il tarixli BPM************ saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 786,72 manat əsas, 22,85 manat faiz borcu olmaqla cəmi 809,57 manat, ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 598,87 manat əsas, 3,37 manat faiz borcu olmaqla cəmi 602,24 manat və ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 4698,26 manat əsas, 29,05 manat faiz borcu olmaqla cəmi 4727,31 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Qurbanov Həbib Rufət oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etirazında bildirmişdir ki, ## #### 2024cü il tarixdə baş vermiş yol qəzasında həyat yoldaşı X9, oğlu Həbib Qurbanov və gəlini Qurbanova (Pənahova) Aygün Xudaverdi qızı ölmüşlər. Oğlunun azyaşlı övladları ##.##.2014-cü il təvəllüdlü X5 və ##.##.2019-cu il təvəllüdlü X2 həmin qəzada xəsarət almışlar və hal-hazırda xəstəxanada müalicə olunmaqdadırlar. Mərhumdan qalan miras əmlakın qəbul edilməsi üçün Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə rəsmi qaydada ərizə ilə müraciət etsə də, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Mərhum oğlundan yalnız yol qəzasında yararsız vəziyyətə düşmüş avtomobil miras qalmışdır. Avtomobili qəzalı vəziyyətdə olduğu üçün təmirə yararlı olmamış, bəzi hissələri sökülüb satılmaqla, təxminən 500 manata qədər dəyər toplaya bilən qalıqları qalmışdır. Özünün maddi vəziyyəti iddia tələbini ödəmək üçün yetərli səviyyədə olmamış, eyni zamanda mərhum oğlunun azyaşlı uşaqları da qəzadan aldıqları xəsarətlərə görə hələ də müalicə olunmalarına ehtiyac içərisində onun öhdəsində qalmışlar. Mərhum oğlunun adında hər hansı əmlak olması ilə bağlı məlumatı yoxdur.

7. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən miras qoyan X3 qalmış miras payına mütənasib surətdə ##.##.2022-ci il tarixli BPM************ saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 786,72 manat əsas, 22,85 manat faiz borcu olmaqla cəmi 809,57 manat, ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 598,87 manat əsas, 3,37 manat faiz borcu olmaqla cəmi 602,24 manat və ##.##.2024-cü il tarixli CL-EE********* saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 4698,26 manat əsas, 29,05 manat faiz borcu olmaqla cəmi 4727,31 manat məbləğində kredit borcu, ödənilmiş 81,39 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqı borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Ceyhun Əhmədov)

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kredit müqavilələri üzrə borc alandan sonra X4 Rufət oğlu ##.##.2024-cü il tarixdə ölmüşdür. Qurbanov Həbib Rufət oğlu öldükdən sonra onun vərəsəsi olan cavabdeh (atası) miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmək üçün ərizə ilə müraciət etmiş, lakin onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, mərhum borclunun vəfatından sonra onun vərəsəsi olan atası tərəfindən X1 Xidmət Mərkəzində Notariat Ofisinə edilən rəsmi ərizə ilə miras əmlakın və ya digər əmlakın mülkiyyət hüququnun ona keçməsi barədə müraciət olunmuşdur. Lakin qanunvericiliyə əsasən, vərəsəlik haqqında şəhadətnamənin təqdim olunmaması səbəb ilə, mərhumdan qalan mirasın ümumi həcmi və onun qiymət göstəricilərinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır.

10. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı və mərhumun ödənilməmiş kredit borcu, onun miras qoyduğu əmlak payına mütənasib şəkildə, müvafiq qaydada cavabdehdən tutularaq kreditora ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 1146, 1255, 1306.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin şərtli (qeyri-dəqiq) hissəsinin (miras payına mütənasib surətdə) ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbini şərtli formada (qeyri dəqiq - miras payına mütənasib surətdə) qismən təmin etmişdir. İddiaçı tərəfindən mərhum Qurbanov Həbib Rufət oğlunun vərəsəsi barədə məlumat verilməsi üçün Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisininə müraciət edilmiş və Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli *** saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Qurbanov Həbib Rufət oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan sonra, iddiaçı tərəfindən mərhum Qurbanov Həbib Rufət oğlunun vərəsəsi olan cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı müraciət edilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödəməsi xahiş olunmuş, əks təqdirdə bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Müvafiq xəbərdarlığı qəbul etdikdən sonra cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin qismən-qətnamənin nəticə hissəsinin 2-ci abzasının 2-ci sətrində qeyd olunan “miras payına mütənasib surətdə” söz birləşməsinə aid hissəsində ləğv edilməsi və həmin ləğv edilən hissənin qətnamədən xaric edilməsi qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəşi), Elman İsayev, Taleh Musayev)

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cavabdeh X1 Xidmət Mərkəzində Notariat Ofisinə ünvanladığı ************* saylı, ## ######## 2024-cü il tarixli ərizə ilə mərhum oğlu X3 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etməsi onun mirası qəbul etdiyini sübut edir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə, borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir. Həmin müddət ərzində cavabdeh Cavabdeh mirasın qəbulundan imtina etmədiyindən miras əmlakı təşkil edən hüquq və öhdəlikləri qəbul etmiş sayılır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin vərəsəlik haqqında şəhadətnamənin təqdim olunmaması səbəbilə, mərhumdan qalan mirasın ümumi həcmi və onun qiymət göstəricilərinin dəqiq müəyyən edilməsinin mümkün olmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün müəyyən etməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işin hallarından da göründüyü kimi X3 qalmış miras əmlak notarius tərəfindən siyahıya alınmamışdır. Bu halda X3 borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi onun vərəsəsi olan cavabdeh Cavabdeh üzərinə düşür.

21. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh məhkəməyə bununla bağlı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsinin “miras payına mütənasib surətdə” hissəsində gəldiyi nəticə yanlışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739.1, 739.2, 1146, 1151.1, 1159.1, 1243.1, 1254, 1255, 1256, 1269, 1306.1, 1307-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Bu iş üzrə miras əmlakı nəqliyyat vasitəsi olmuşdur. Onun dəyərinin cavabdehə düşən hissədə borclu kreditor qarşısında məsluliyyət daşımalıdır.İşi araşdıran hər iki instansiya məhkəməsi ədaləti, həqiqəti müyyən etməyə can atmamışdır. Belə ki, məhkəmə iş üzrə Notariat ofisinə sorğu etməklə notariat işini əldə etməklə miras kütləsini müəyyən etməlidir. Bu iş üzrə cavabdeh özü bildirir ki, miras kütləsi nədən ibarətdir. Əgər buna inanmırsa, o zaman məhkəmənin bütün dövlət orqanlarına inteqrasiya olunmuş elektron sistemi mövcuddur. Həmin sistemlə və ya notariat işini əldə etməklə həqiqətə nail olunmalıdır. İş üzrə belə qətnamənin mövcud olması bir insanın həyat şəraitini alt-üst etməkdir. İşdən göründüyü kimi cavabdehin həyat yoldaşı, oğlu, gəlini qəzada vəfat edib. İki körpə uşağın yükü onun üzərində qalıb. Əlavə olaraq bu gün 500 manat dəyərində miras əmlakını qəbul etmiş şəxsi bu qərarla 6240 manat kredit borcu ilə yükləmək düzgün deyildir. Bu nə qanuni, nə də ədalətli deyildir. Məhz buna görə iş araşdırılması üçün geri qaytarılmalı və miras kütləsi müəyyənləşməklə kredit borcu tutulması qət edilməldir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 472.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (köhnə redaksiyada). Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (yeni redaksiyada). Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (köhnə redaksiyada). Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1254.Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur (köhnə redaksiyada). Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (köhnə redaksiyada). Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Maddə 1269.Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1306.1-ci maddəsinə əsasən (köhnə redaksiyada). vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (köhnə redaksiyada). Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1.Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmun və dəlillərindən görünür ki, qətnamə “miras payına mütənasib surətdə” söz birləşməsinə aid hissənin ləğv edilməsi və həmin ləğv edilən hissənin qətnamədən xaric olunması hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni düzgün hesab etmir.

30. İddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə cavabdehin oğlu üç müqavilə – ##.##.2022-ci il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli – üzrə bankdan kredit götürüb, ## #### 2024-cü ildə isə ölüb.

32. Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

33. Oxşar məzmunlu qayda hazırda Mülki Məcəllənin 1306.5-ci maddəsində belə müəyyən edilmişdir: mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

34. Mülki Məcəllənin 1307-ci maddəsinin təhlili onu deməyə əsas verir ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

35. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

36. Eyni zamanda mirasın notarius tərəfindən siyahıya alınmaması şərtsiz olaraq vərəsəni sübut etmə yükündən və imkanından məhrum etmir.

37. Başqa sözlə, mirasın notarius tərəfindən siyahıya alınmaması vərəsənin mirasqoyanın borclarını tam ödəmək üçün bir prezumpsiyadır.

38. Prezumpsiya isə əksi sübut edilənədək həqiqi sayılan ehtimaldır. Prezumpsiyanın da qanuni (hüquqi) və faktiki növləri vardır. Qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunur. Faktiki prezumpsiya isə hüquq normalarında əks olunmasa da, bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.

39. Hazırki işdə də qanuni prezumpsiya halı vardır. Yəni mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi qanunun özündən irəli gəlir.

40. Prezumpsiya əksi sübut edilə bilən bir ehtimal olduğu üçün həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra da bilər. 41.İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə yalnız mirasın notarius tərəfindən siyahıya alınmamasına istinadən yuxarıda göstərilən nəticəyə gəlmişdir. Halbuki mirasın notarius tərəfindən siyahıya alınmaması Mülki Məcəllənin 1307-ci maddəsinin şərtsiz tətbiqi üçün əsas vermir, həmin normanın digər hissəsi olan vərəsənin prezumpsiyanı aradan qaldırıb-qaldırmamasına da qiymət verilməlidir.

42. Lakin mirasın notarius tərəfindən siyahıya alınmamasına istinad edən apellyasiya instansiyası məhkəməsi cavabdehə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək (prezumpsiyanı aradan qaldırmaq) üçün imkan yaratmamış, bu xüsusatla bağlı işin hallarını müəyyən etmək üçün ən azı cavabdehi sorğu-sual belə, etməmişdir.

43. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Həmçinin Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyin qeyd edilən normaları mülki mühakimə icraatında hakimin arbitr roluna, onun tərəfsizliyinə xələl gətirmədən iqtisadi, intellektual və s. imkanları bərabər olmayan şəxslərə hüquqlarını izah etmək və kömək göstərmək vəzifəsi qoymaqla bu disbalansı aradan qaldırır.

46. Apellyasiya instansiyası məhkəməsinin isə qeyd edilən prosessual normaların tələbinə uyğun hərəkət etməsi işdən görünmür.

47. Məhkəmə kollegiyası analoji işlərdə mirasın notarius tərəfindən siyahıya alınmaması halında sübut etmə yükünü vərəsənin üzərində olmasını qəbul etsə də, buna baxmayaraq, belə bir imkan yaradılmadan birbaşa vərəsənin üzərinə mirasqoyanın bütün borclarını tam ödəmək vəzifəsini qoyulmasını da Mülki Məcəllənin 1307-ci maddəsinin tələbləri baxımından səhv hesab edir.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar