Məhkəmə qərarları › İş №2(1-8)-1225/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1225/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1225/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Rəcəbov İqbal Musa oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi, sübutların mötəbərliyi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Rəcəbov İqbal Musa oğluna qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-*/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra həmçinin “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20170.11 manat əsas, 18075.41 manat faiz və iş üzrə ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumu olmaqla cəmi 38245.52 manat pulun cavabdeh Rəcəbov İqbal Musa oğlundan (bundan sonra həmçinin “cavabdeh”) tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət ** nömrəli mənzilə (bundan sonra “ipoteka predmeti”) yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydıl Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

3. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 iddiayazılı etiraz vermiş və həmin etirazı birinci instansiya məhkəməsində müdafiə edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən ## ##### 2013-cü il tarixli *** saylı kredit müqaviləsinə və ## ##### 2013-cü il tarixli ***/* saylı İpoteka müqaviləsinə istinad etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh ilə “xxxx” MTK arasında ## ##### 2013-cü il tarixli, ***/R saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan ** saylı mənzilin bir kv.metrini 900 manata razılaşaraq almışdır. Qeyd edilən mənizilin dəyərini 2015ci il tarixdə tam ödədikdən sonra MTK tərəfindən cavabdehə maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra ##.##.2015-ci il tarixdə ******* reyestr nömrəli mülkiyyəti təsdiq edən çıxarış təqdim edilmişdir. 2013-cü ildən bu günə qədər cavabdeh ailəsi ilə birlikdə mülkiyyətində olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan ** saylı mənzildə yaşayır. İddiaçının iş materiallarına əlavə etdiyi ## ##### 2013-cü il tarixli kredit və ipoteka müqavilələrindən göründüyü kimi müqavilələr iddiaçı tərəfindən imzalanmış, lakin cavabdeh tərəfindən isə hər iki müqavilə imzalanmamışdır. Bu isə onu təsdiq edir ki, iddiaçının təqdim etdiyi və istinad etdiyi müqavilələr tam təsdiqlənməmişdir. Cavabdeh tərəfindən iddiaçıdan hər hansı bir təminat verilməklə pul məbləği götürülməmişdir. Həqiqətən də müqavilə bağlanmışdırsa, bəs nə üçün kreditin təminatı olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11ci mərtəbəsində 159 kv.metrdən ibarət olan ** saylı mənzilin yüklü edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tam əsassızdır və heç bir sübutla təsdiq edilmir. Ona görə də, iddia tamamı ilə rədd edilməlidir.

4. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Anar Pənahov)

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı öz iddia tələbində cavabdehlə Bank arasında bağlanmış ##.##.2013-cü il tarixli, *** saylı kredit müqaviləsinə və tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Bank ilə cavabdeh arasında bağlanmış ***/* saylı müqaviləyə əsaslanır.

6. Birinci instansiya məhkəməsi iddia tələbinin “kredit borcunun qaytarılması” hissəsinə münasibətdə bildirmişdir ki, məhkəmə tərəfindən iddiaçıya Bankla cavabdeh arasında bağlanmış ##.##.2013-cü il tarixli, *** saylı kredit müqaviləsinin əslinin, ##.##.2013-cü il tarixli, ***/* saylı ipoteka müqaviləsinin əslinin və həmin kredit müqaviləsinə əsasən cavabdehə kredit vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) əslinin məhkəməyə təqdim edilməsi barədə müvafiq sorğu göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə tərəflər arasında təsdiqlənmiş ##.##.2013-cü il tarixli, *** saylı kredit müqaviləsi, ##.##.2013-cü il tarixli, ***/* saylı ipoteka müqaviləsi və həmin kredit müqaviləsinə əsasən, cavabdehə kredit vəsaitinin ödənilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) təqdim edilməmişdir.

7. Belə ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən ##.##.2013-cü il tarixli, *** saylı kredit müqaviləsi və ##.##.2013-cü il tarixli, ***/* saylı ipoteka müqaviləsində yalnız İddiaçı ASC-nin İdarə heyətinin sədri Z.B.Quliyevin imzası və bankın möhürü olmaqla, cavabdehin imzası mövcud deyildir. Kassa məxaric orderinin əsli isə, ümumiyyətlə, məhkəməyə təqdim edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən ##.##.2014-cü il tarixli kassa məxaric orderinin surətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırmaq üçün həmin sənədin surətini iddia ərizəsinə əlavə etsə də, həmin sənəddə cavabdehə pul vəsaitinin hansı əsasla, yəni hansı müqaviləyə əsasən ödənildiyi qeyd edilməmişdir. Həmçinin iddia tələbində istinad edilən kredit müqaviləsinin ##.##.2013-cü il tarixdə bağlandığı qeyd edilsə də, təqdim edilmiş kassa məxaric orderində pul vəsaitinin həmin müddətdən 10 ay 10 gün sonra, yəni ##.##.2014-cü il tarixdə ödənildiyi qeyd edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilən kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditin məbləği (143.100 manat) ilə kassa məxaric orderində qeyd edilən məbləğ (201.981 manat) arasında uyğunsuzluq vardır.

9. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən ödəniş qəbzlərinə münasibətdə göstərmişdir ki, həmin qəbzlərdə cavabdeh tərəfindən ödənişlərin İddiaçı ASC-yə hansı kredit müqaviləsinə əsasən ödənildiyi qeyd edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə münasibətdə mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsində ipoteka predmeti kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (mənzil) hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzilə dair bağlanmış, tərəflər arasında və notariat qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən ##.##.2013-cü il tarixli, ***/* saylı ipoteka müqaviləsində yalnız İddiaçı ASC nin İdarə heyətinin sədri Z.B.Quliyevin imzası və bankın möhürü olmaqla, cavabdehin imzası mövcud deyildir. Həmçinin həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Mənzilin ipoteka ilə yüklü edilərək, ipoteka haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqadar məhkəməyə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi “kredit borcunun qaytarılması” hissəsi ilə əlaqadar olduğundan və ilkin hissədə iddia əsaslı hesab edilmədiyindən tələbin ikinci hissəsi də əsaslı deyil.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 307.3, 307.6,307.7, 309.1, 337.1, 351.1, 385.1, 386.1, 386.2, 739.1, 739.2, 741-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş hesabdan çıxarışlara, ödəniş qəbzlərinə və kassa məxaric orderinə lazımi hüquqi qiymət verilməmiş, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi faktı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən 2013–2014-cü illərdə həyata keçirilmiş ödənişlər onun bankdan kredit vəsaiti götürdüyünü təsdiq edir və bu hal məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyindən iddia tələbi əsassız olaraq rədd edilmişdir. Həmçinin kredit müqaviləsinin mövcudluğu və kredit vəsaitinin verilməsi hesabdan çıxarışlar və digər maliyyə sənədləri ilə təsdiq olunur, lakin məhkəmə həmin sübutları lazımi qaydada araşdırmamış və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir.

14. Apellyasiya baxışında iddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq göstərmişdir ki, cavabdehlə həm kredit, həm də bəhs edilən ipoteka müqaviləsi bağlanmışdır. Lakin kredit, həmçinin ipoteka müqavilələri Bank tərəfindən imzalanıb möhürlənsə də, həmin müqavilələr cavabdeh tərəfindən imzalanmamışdır. Bunu şəksiz qəbul edirlər. Kredit müqaviləsi üzrə cavabdehə 143100 manat pul vəsaiti verilmiş və cavabdeh tərəfindən elə təxminən 143100 manat məbləğində də banka ödəniş edilmiş və bununla bağlı cavabdehə MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Bundan sonra cavabdeh müvafiq sənədləri DƏDRX-ə təqdim edərək mübahisəli mənzilə dair müvafiq çıxarış əldə etmişdir. Cavabdeh yalnız götürdüyü krediti ödəmişdir. Həmin kreditə görə faiz və sairə ödənişləri ödəməmişdir. 143100 manat kreditin cavabdehə verilməsi ilə bağlı kassa məxaric orderi yoxdur. 201000 manat pula görə ödənişlərin 143100 manat kreditə heç bir aidiyyəti yoxdur. Banka edilən ödənişlərin kim tərəfindən ödənilməsini bilmirlər.

15. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Bankdan hər hansı məbləğdə kredit götürməmişdir. Sadəcə “xxxx” MTK-dan payçı kimi ev götürmüş və həmin evə görə 2 il ərzində 143100 manat ödəniş etmişdir. “xxxx” MTK-nın təsisçisi eyni zamanda İddiaçı ASC-nin sədri olmuş və tikinti işləri də onun tərəfindən həyata keçirilmişdir. Evi Bankdan deyil, MTK-dan almış, payçı olaraq evə görə 143100 manat məbləğində ödənişlər etmiş və bununla bağlı MTK tərəfindən ona borcunun olmaması ilə əlaqədar maliyyə arayışı verilmiş, bundan sonra sənədləri DƏDRX-ə təqdim edərək mənzilə dair çıxarış əldə etmişdir.

16. Cavabdehin nümayəndəsi (vəkili) Həsənov İbarət Əhəd oğlu da göstərmişdir ki, cavabdehin Bankdan kredit götürülməsi ilə bağlı iddiaçı tərəfdə hər hansı sübut yoxdur. Məhkəməyə təqdim edilən kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmayıb. Həmçinin işdə yazılı və cavabdeh tərəfindən imzalanan ipoteka müqaviləsi də mövcud deyil və ipoteka müqaviləsi qanunvericiliyin tənzimlədiyi kimi dövlət reyestrində qeydiyyatdan keçməyib. Belə olan halda anlaya bilmir ki, hazırda cavabdeh hansı səbəbdən bu iş üzrə cavabdeh olan şəxsdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Qasım Əliyev)

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işin hallarına görə iddiaçı cavabdehdən kredit borcunun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmiş, tələbinin əsası kimi ##.##.2013-cü il tarixli kredit müqaviləsinə və həmin tarixli ipoteka müqaviləsinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdırarkən əsaslı olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən istinad edilən kredit və ipoteka müqavilələri cavabdeh tərəfindən imzalanmamış və həmin müqavilələrin bağlanmasını, eləcə də kredit vəsaitinin verilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, ipoteka hüququnun yaranması üçün daşınmaz əmlak üzərində ipoteka hüququnun dövlət qeydiyyatına alınması zəruridir. İş materiallarında isə mübahisə predmeti olan mənzil üzərində iddiaçı bankın xeyrinə ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sənəd və ya mötəbər sübut mövcud deyildir. Bu hal isə ipoteka hüququnun yaranmadığını və nəticə etibarilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin hüquqi əsasının olmadığını göstərir.

20. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən hüquqi faktları, yəni kredit müqaviləsinin bağlanmasını, kredit vəsaitinin cavabdehə verilməsini və ipoteka hüququnun yaranmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətində iddiaçı tərəfindən cavabdehin bank hesabına müəyyən ödənişlərin həyata keçirilməsi, hesabdan çıxarışlar və kassa sənədləri göstərilərək kredit münasibətlərinin mövcud olduğu iddia edilmişdir. Lakin həmin sənədlər kredit müqaviləsinin bağlanmasını və cavabdehin konkret olaraq iddiaçı ilə öz aralarında kredit öhdəliyi götürməsini və yaranmasını birmənalı şəkildə təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmin ödənişlərin hansı hüquqi münasibətlər çərçivəsində həyata keçirildiyi, eləcə də onların məhz iddiaçı tərəfindən göstərilən kredit müqaviləsi ilə bağlı olub-olmaması iş materialları ilə tam sübuta yetirilməmişdir.

22. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etirazlarda göstərilmişdir ki, o, yalnız mənzilin alınması ilə bağlı tikinti kooperativi ilə müqavilə bağlamış, lakin iddiaçı bankla kredit və ipoteka müqavilələrini imzalamamışdır. Birinci instansiya məhkəməsi bu halı iş materialları ilə müqayisəli şəkildə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələr cavabdehin imzasını daşımadığından həmin sənədlər kredit öhdəliyinin mövcudluğunu təsdiq edən etibarlı sübut kimi qəbul edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəllənin 152.1, 307.3, 307.6, 307.7, 309.1, 337.1, 351.1, 385.1, 386.1, 386.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə Bank tərəfindən ##.##.2013-cü il tarixdə 143100 manat dəyərində mənzilin alınması üçün kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də cavabdeh tərəfindən Banka kredit borcu üzrə ödənilmişdir. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq-aşkar qeyd olnmuşdur. Həmin mədaxil qəbzlərində göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Həmçinin kredit müqaviləsinə əsasən cavabdehin kredit borcunun ödənilməsi istiqamətində hərəkətləri, ödəniş tarixləri kredit vəsaitinin cavabdehə verilməsi hazırkı mülki işin təkzibedilməz sübutu kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilməlidir ki, sözügedən ödənişlər az məbləğ deyil və heç bir əsas olmadan hər hansı üçüncü şəxs tərəfindən borclunun əvəzinə ödəniş edilməsinin iqtisadi və hüquqi məntiqi yoxdur. Bu səbəbdən də Rəcəbov İqbal Musa oğlu tərəfindən ödənişlərin həyata keçirilməsi borcun etirafı hesab olunmalıdır. Çünki cavabdeh tərəfindən hər hansı kredit məbləği əldə olunmasaydı, qeyd olunan məbləğlər də onun tərəfindən ödənilməsi ağlabatan deyil. Cavabdeh 201981 manat məbləğində vəsaitin onun tərəfindən Bankdan götürdüyünü inkar etmir. Məhkəməyə kassa məxaric orderi və mədaxil qəbzlərinin əsli təqdim edilmişdir. Həmin mədaxil qəbzləri və kassa məxaricdə göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəmə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Cavabdeh Bankdan almadığı kredit üzrə niyə ödəniş etdiyi sualına cavab məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilsəydi, ödəniş qəbzlərində göstərilən və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər müqavilə şərtlərinə uyğun hesablanmış olacaq və məbləğ maliyyə arayışında göstərilən məbləğlə eyni olacaqdı. “xxxx” MTK ilə cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi,1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda ** saylı mənzilin cavabdeh tərəfindən alınması məqsədilə ***/R nömrəli müqavilə imzalanmışdır. Nəticə olaraq “xxxx” MTK ilə cavabdeh arasında bağlanmış 222/R il tarixli müqaviləyə uyğun olaraq ##.##.2013-cü il tarixli *** saylı kredit müqaviləsində kreditin təyinatı Bakı şəhəri,Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda ** saylı mənzilin alınması ilə bağlıdır. ***/* saylı ipoteka müqaviləsində ipoteka predmeti yuxarıda qeyd olunan mənzildir. Bundan başqa, cavabdeh yalnız onunla “xxxx” MTK arasında ***/R saylı müqavilənin imzalandığını inkar etmir, ancaq nə isə ödənişləri Banka ödəmiş, “xxxx” MTK-nın hesabına ödəniş qəbzlərini təqdim etməmişdir. Bütün bu sadalananlardan görünür ki, “xxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda ** saylı mənzilin əldə olunması üçün İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında mənzilin alınması üçün 143100 manat məbləğində kredit vəsaiti cavabdehə verilmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsait əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını və kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödəniş etdiyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, “xxxx” MTK ilə cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda ** saylı mənzilin cavabdeh tərəfindən alınması məqsədilə ***/R nömrəli müqavilə imzalanmışdır. Cavabdeh Banka yazılı ərizə ilə müraciət edərək ona 180 ay müddətinə 143100 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Belə ki, kredit borcunu təsdiq edən Bankla cavabdeh arasında bağlanmış ##.##.2013-cü il tarixli *** saylı kredit müqaviləsi, ##.##.2013-cü il tarixli ***/* saylı ipoteka müqaviləsi və “xxxx” MTK ilə cavabdeh arasında bağlanmış ***/R saylı müqavilə və kredit dosyesində mövcud olan digər sənədlər iddia ərizəsinə qoşma edilərək göndərilmişdir. Belə ki, kredit borcunu təsdiq edən sənədlərdən biri olan cavabdehə aid olan və ##.##.2013 ##.##.2016-cı il tarixli ödənişləri əhatə edin ************* nömrəli hesabdan çıxarış tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim olunan ##.##.2013-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ssuda və faizin ödənilməsi üçün), ##.##.2013-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ipoteka krediti üçün aylıq annuitet ödənişi), ##.##.2014-cü il tarixdə 10.000 manat (ödənişin təyinatı: ssuda və faizin ödənilməsi üçün) , ##.##.2014-cü il tarixdə 20.000 manat (ödənişin təyinatı: ipoteka krediti üçün aylıq annuitet ödənişi) məbləğlərdə ödəniş qəbzlərindən də göründüyü kimi ************* nömrəli hesab vasitə həyata keçirilmişdir və cavabdehin Bankdan aldığı kredit üzrə əsas və faiz borcları üzrə silinmişdir. Cavabdehə bank tərəfindən ##.##.2013-cü il tarixdə 143.100 manat məbləğində kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd edildiyi kimi 2013-cü il tarixindən cavabdeh tərəfindən kredit üzrə həyata keçirilmişdir. Əgər cavabdeh tərəfindən kredit götürülməmişdirsə, kreditin götürülməsi əks olunmuş tarixin göstərildiyi hesabdan çıxarışda ödənişlər 2013-cü il tarixdən başlamazdı. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

32. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçının istinad etdiyi kredit və ipoteka müqavilələrində cavabdehin imzası yoxdur, cavabdeh Bankdan ipoteka müqabilində kredit götürməsini inkar edir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir. Cavabdehin hər hansı əsasla iddiaçı qarşısında öhdəlik daşıması müəyyən edilməyib.

35. Öhdəliyin yaranması əsasları (zərər vurulması, əsassız varlanma və müqavilə) hazırki işdə yoxdur. Halbuki öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

36. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və hər iki instansiya məhkəməsi işdəki sübutlarla həmin dəlilləri əsassız saymışlar. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə qiymət verməyə zərurət görmür.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-*/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar