Məhkəmə qərarları › İş №2(1-8)-1237/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1237/2026

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1237/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəsli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, ƏDVnin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X2 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəsli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi cəlb olunmaqla) “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanılmış 2022-ci il ## ###### tarixli ÇP/*-** nömrəli mənzil alqı-satqı müqaviləsinə əsasən icraçı ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci bina, 6-cı mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 70.9 kv.metr olan ** nömrəli təmirsiz mənzilin tikintisini 24 ay müddətində tikib təhvil verməyi öhdəsinə götürmüşdür.

2. “xxxx” ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanılmış 2022-ci il # ###### tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinə əsasən Bank 264 ay müddətinə borcalana 77.900 manat məbləğində kreditin istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. Kredit borcalana, “xxxx” MMC ilə bağladığı ##.##.2022-ci il tarixli ÇP/*-** nömrəli yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 97.487,50 manat olan ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci binanın 6-cı mərtəbəsində yerləşən 70.9 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı ** nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilmişdir. Eyni tarixdə İddiaçı adına Bank tərəfindən AZ**HAJCFCRAZN************** nömrəli hesab açılmışdır.

3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il ## #### tarixdə təşkilati hüquqi formasını dəyişərək, “xxxx” Mənzil Tikinti Kooperativinə çevrilmişdir.

4. İddiaçı tərəfindən “xxxx” MMC-yə edilən müraciətdə mənzilin dəyərinin ödənildiyi, lakin elektron qaimə-fakturanın vergi orqanının sisteminə ötürülmədiyi və buna görə ƏDV-nin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

5. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həmin dövrdə elektron qaimə-faktura sistemində texniki məhdudiyyətlər olmuş, ödənişlər nağdsız qaydada həyata keçirildiyindən ƏDV qanunvericiliyə uyğun şəkildə hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. ƏDV-nin qaytarılması isə satıcı tərəfindən deyil, müvafiq qaydalara əsasən Dövlət Vergi Xidməti vasitəsilə həyata keçirilir.

6. Dövlət Vergi Xidməti də müraciətə cavab olaraq bildirmişdir ki, ƏDV-nin qaytarılması satıcı tərəfindən deyil, təsdiq edilmiş qaydalara uyğun olaraq müvafiq elektron sistem və operator vasitəsilə həyata keçirilir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MTK-ya (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan maddi zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 5.264 manat pul vəsaitinin və ödənilmiş 74 manat dövlət rüsumu olmaqla, cəmi 5.338 manat məbləğində pul vəsaitinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı ##.##.2022-ci il tarixdə cavabdehdən 97.487,50 manata mənzil almış, ##.##.2022-ci il tarixdə mənzilin dəyərinin 19.587,50 manatı iddiaçı tərəfindən “xxxx” ASC vasitəsilə ödənilmiş, qalan 77.900 manat isə həmin tarixdə bankla bağlanmış kredit müqaviləsi əsasında verilmiş kredit hesabına satıcının hesabına köçürülmüşdür. Beləliklə, mənzilin dəyəri tam həcmdə ödənilmişdir. Iddiaçı göstərmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdən yaşayış sahəsini nağdsız qaydada əldə etdiyinə görə ödənilmiş ƏDV-nin 30 faizinin ona qaytarılması hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən yaşayış sahəsinin təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş elektron qaimə-faktura müəyyən edilmiş müddətdə Dövlət Vergi Xidmətinin elektron sisteminə daxil edilmədiyindən və iddiaçıya təqdim olunmadığından, həmin məbləğin geri qaytarılması mümkün olmamışdır. Iddiaçı bu məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, ona verilmiş cavabda elektron qaimə-fakturanın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə sistemə daxil edilmədiyi üçün ƏDV-nin qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək elektron qaimə-fakturanın təqdim olunmasını tələb etmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, ##.##.2023-cü il tarixdə “xxxx” MMC “xxxx” MTK-ya çevrilmiş, mənzilin satıldığı dövrdə isə elektron sistemin aktiv olmaması səbəbindən qaimə-fakturanın sistemə daxil edilməsi mümkün olmamışdır. Cavabdeh, həmçinin ƏDV-nin qaytarılması məsələsi ilə bağlı iddiaçının vergi orqanına müraciət etməli olduğunu qeyd etmişdir. Iddiaçı hesab etmişdir ki, elektron qaimə-fakturanın qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında təqdim edilməməsi nəticəsində o, ödənilmiş ƏDV-nin 30 faizi həcmində vəsaiti geri almaq imkanından məhrum olmuşdur.

9. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiqləmiş və qanunvericilikdə nəzərdə tutulmuş 90 günlük müddətin cavabdehin təqsiri üzündən ötürüldüyünü bildirmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə və nümayəndəsi, eyni zamanda vəkili vəkil2 iddia tələbini qəbul etməmiş və izahatlarında göstərmişdirlər ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam həcmdə və nağdsız qaydada ödənilmiş, ödənişə ƏDV də daxil olmuşdur. Bununla yanaşı, o, iddiaçının ƏDV-nin qaytarılması üçün qanunla müəyyən edilmiş 90 günlük müddəti ötürdüyünü bildirmişdir. Nümayəndənin sözlərinə görə, mübahisəli dövrdə elektron sistem fəaliyyət göstərmədiyindən elektron qaimə-fakturanın rəsmiləşdirilməsi mümkün olmamış, bu səbəbdən cavabdehin hər hansı təqsiri olmamışdır. Həmçinin qeyd edilmişdir ki, ƏDV-nin qaytarılması cavabdehin səlahiyyətlərinə aid olmayıb, bu məsələ vergi orqanları tərəfindən həll edilir və cavabdeh geriyə tarixlə elektron qaimə-faktura təqdim etmək imkanına malik deyildir.

11. Üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim P.Ş.Məmmədov) 2025-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən dəymiş ziyana görə 5.264 manat məbləğində pulun və 74 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış kompleksinin 2-ci binasının ** nömrəli mənzilinin dəyəri ##.##.2022-ci il tarixdə bank vasitəsilə cavabdehin hesabına ödənilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, yaşayış sahəsinin təqdim edilməsi zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 4.1-ci bəndinin tələblərinə əməl edilməmişdir. Həmin normaya əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı elektron qaimə-fakturanı elektron sistem vasitəsilə tərtib edib vahid məlumat bazasına ötürməli və onu alıcıya təqdim etməlidir. Cavabdeh elektron qaimə-fakturanın təqdim edilməməsini sistemin işləməməsi ilə əsaslandırsa da, məhkəmə bu izahatı işin halları və tətbiq edilən hüquq normaları baxımından əsaslı hesab etməmişdir.

15. Üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin cavabından da müəyyən edilmişdir ki, iddiaçıya ƏDV-nin qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedur və zəruri sənədlər barədə məlumat verilmişdir. ƏDV-nin qaytarılması mexanizmi satıcı tərəfindən elektron qaimə-fakturanın qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilməsi və alıcıya təqdim olunmasını ilkin şərt kimi nəzərdə tutulur. Həmin prosedura uyğun olaraq alıcı yaşayış sahəsinin dəyərini tam ödədikdən sonra müəyyən edilmiş müddətdə portala müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir.

16. Iş üzrə sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının ƏDV-nin qaytarılması hüququndan istifadə etməsi üçün zəruri olan sənədlər, o cümlədən satıcı tərəfindən təqdim edilməli olan elektron qaimə-faktura və onunla bağlı məlumatlar iddiaçıya verilməmişdir. Nəticədə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş proseduru həyata keçirməsi və ƏDVnin qaytarılması üçün müraciət etməsi mümkün olmamışdır. Belə ki, cavabdeh ƏDV-nin qaytarılması mexanizminin həyata keçirilməsi üçün üzərinə düşən vəzifələri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı qanunla nəzərdə tutulmuş qaydada əldə edə biləcəyi pul vəsaitindən məhrum olmuşdur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətsizliyi ilə iddiaçının məruz qaldığı zərər arasında səbəbli əlaqə mövcuddur və Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi əsaslı olduğundan təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2.6, 21.2, 23-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6, 175.8-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 4.1, 4.2, 5.1, 5.2-ci, Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.6, 1.7, 2.1, 2.3-cü, Nazirlər Kabinetinin 2011-ci il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

19. Apellyasiya şikayətində, iddiaya qarşı verilmiş etirazda göstərilən dəlillər təkrarlanmaqla yanaşı, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya satılmış yaşayış sahəsinə dair elektron qaimə-faktura sistemə daxil edilməmiş, iddiaçı tərəfindən isə ƏDV-nin qaytarılması ilə bağlı həmin portal vasitəsilə müraciət edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), G.M.Abbasova və F.Ş.Talışınski) 2026-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, mübahisənin həlli zamanı MM-in zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları tətbiq edilməlidir. Həmin normalara əsasən, zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri olmaqla, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam həcmdə ödənilməsini tələb edə bilər.

23. Tətbiq edilməli normativ hüquqi aktların tələblərinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair elektron qaimə-faktura tərtib edilməli, ƏDV məbləği müəyyən edilmiş qaydada ƏDV depozit hesabına köçürülməli və alıcının ƏDV-nin qaytarılması hüququnun həyata keçirilməsi üçün zəruri məlumatlar həmin sənəddə əks olunmalıdır. Alıcı tərəfindən ƏDV-nin qaytarılması barədə müraciətin edilməsi isə satıcının qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməsindən asılıdır.

24. Iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələblərinə əməl edilməmiş, mənzilin satışına dair elektron qaiməfaktura müvafiq elektron sistemə daxil edilməmiş və iddiaçıya təqdim olunmamışdır. Halbuki, həmin məqsədlə yaradılmış elektron portal mənzilin satıldığı tarixdə artıq fəaliyyət göstərirdi. Nəticədə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ƏDV-nin bir hissəsinin qaytarılması hüququndan istifadə edə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin hərəkətsizliyi ilə iddiaçının məruz qaldığı zərər arasında səbəbli əlaqənin mövcud olduğu qənaətinə gəlmişdir.

25. Apellyasiya məhkəməsi öz mövqeyini MM-nin 14.2.6, 21.1, 21.2, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”-nın 1.1, 4.1, 2.1, 5.1, 5.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ###### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının” 7 və 7.3-cü bəndlərinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil vəkil1) qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı mənzilin dəyərini ##.##.2022-ci il tarixdə ödəsə də, ƏDV-nin qaytarılması ilə bağlı müraciəti yalnız ##.##.2024-cü il tarixdə etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 90 günlük müddəti ötürmüşdür. Həmin müddət kəsici müddət olmaqla hüququn xitamına səbəb olduğundan, apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

28. Şikayətdə həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri üzrə ödənişlər qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılmamış, ƏDV məbləği satıcının ƏDV depozit hesabına deyil, hesablaşma hesabına köçürülmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən hesablanmış ƏDV qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən, iddiaçının tələb etdiyi məbləğ cavabdehin deyil, dövlət büdcəsinin sərəncamında olmuşdur.

29. Kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 21.3-cü maddəsinin tələblərini nəzərə almamış, iddiaçının və bankın ödənişlərin aparılması zamanı qanunvericilikdən irəli gələn vəzifələrini lazımi qaydada yerinə yetirib-yetirmədiyini araşdırmamışdır. Şikayətdə vurğulanmışdır ki, ödəniş tapşırıqları iddiaçının sərəncamı əsasında bank tərəfindən icra edilmiş və ödəniş sənədləri onun sərəncamında olmuşdur.

30. Bundan əlavə, cavabdeh elektron qaimə-fakturanın vaxtında təqdim edilməməsini həmin dövrdə elektron sistemin tam funksional fəaliyyət göstərməməsi ilə əsaslandırmış və bu halın iş materialları ilə təsdiq olunduğunu bildirmişdir.

31. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar mübahisələr üzrə formalaşdırdığı hüquqi mövqelərə istinad edilərək qeyd edilmişdir ki, ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması hüququ yalnız yaşayış sahəsinin ƏDV-siz dəyərinin satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına köçürüldüyü hallarda yaranır. Hazırkı işdə həmin şərtin yerinə yetirilmədiyi göstərilmişdir.

32. Şikayətdə, həmçinin mübahisənin aidiyyət məsələsinə toxunularaq bildirilmişdir ki, oxşar xarakterli mübahisələr üzrə məhkəmə təcrübəsində inzibati məhkəmə aidiyyəti müəyyən edilmişdir. Bu baxımdan, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılması düzgün olmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli

37. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları

38. Bənd 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

39. Bənd 1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.

40. Bənd 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: ... bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən .

41. Bənd 2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır. Satıcı alıcıdan ƏDVnin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”

42. Bənd 4.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (bənd 1.1.). Satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək, vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.

43. Bənd 4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: ... təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla)...

44. Bənd 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: ... ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

52. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

57. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələblərinə əməl edilməmiş, mənzilin satışına dair elektron qaiməfaktura müvafiq elektron sistemə daxil edilməmiş və iddiaçıya təqdim olunmamışdır. Halbuki, həmin məqsədlə yaradılmış elektron portal mənzilin satıldığı tarixdə artıq fəaliyyət göstərirdi. Nəticədə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ƏDV-nin bir hissəsinin qaytarılması hüququndan istifadə edə bilməmişdir. Belə olan halda, cavabdehin hərəkətsizliyi ilə iddiaçının məruz qaldığı zərər arasında səbəbli əlaqə mövcuddur.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar