Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1271/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Bank bildirir ki, İddiaçı ASC ilə Cavabdeh ## ###### 2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik 9 % olmaqla 120 ay müddətinə 97.650 manat kredit verilmişdir.
2. ## ###### 2011-ci il tarixli, ** nömrəli xəzinə məxaric orderindən görünür ki, 97.650 manat məbləğində pul İddiaçı ASC tərəfindən Cavabdeh təhvil verilmişdir.
3. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışına əsasən ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 61.451,09 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 31.460,82 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 4.501,70 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 9.272,11 manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı, yaxud Bank) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 61.451,09 manat əsas, 31.460,82 manat faiz, 4.501,70 manat cərimə, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 9.272,11 manat faiz borcu olmaqla, ümumilikdə 106.685,72 manat borcun və iş üzrə ödənilmiş 397 manat rüsumun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2011-ci il tarixdə Bank ilə cavabdeh arasında ** saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 87.500 manat məbləğində illik 9 % olmaqla, 120 ay müddətinə kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Müqaviləyə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Müqaviləyə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
6. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, sözügedən bankdan kredit götürməmişdir. Əks təqdirdə onun bankdan kredit götürməsini təsdiq edən müqavilə olardı. Kassa məxaric orderindəki imza da ona məxsus deyil, həmçinin onun tərəfindən qeyd edilən kredit üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Ilkin ekspert rəyindən də görünür ki, imzanın ona məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
7. Məhkəmə tərəfindən iş üzrə Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ##.##.2025-ci il tarixli, */*** nömrəli rəyi ilə 99 vərəqində olan xəzinə məxaric orderindəki “Alanın imzası” qrafasındakı imzanın cavabdeh Cavabdeh tərəfindən icra olunduğunu müəyyən etmək mümkün olmamışdır.
8. Məhkəmə tərəfindən iş üzrə əlavə Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyi ilə xətşünaslıq sahəsində xüsusi biliyə malik olan ekspert tərəfindən mülki işin 99 vərəqində olan xəzinə məxaric orderindəki “Alanın imzası” qrafasındakı imzanın cavabdeh Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e- *(***)****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Dəmirli) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 61.451,09 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 274,36 manat pul vəsaitinin alınaraq Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 252 manat pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Bank tərəfindən məhkəməyə ## ###### 2011-ci il tarixli məxaric orderi təqdim edilmişdir ki, həmin məxaric orderindən də məlum olur ki, cavabdeh tərəfindən Bankdan 97.650 manat pul götürmüşdür. Həmin məxaric orderindəki imza cavabdeh tərəfindən mübahisənəndirilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** nömrəli rəyi ilə təsdiq olunmuşdur ki, ## ###### 2011-ci il tarixli ** nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə və digər hüquqi əsas olmadan İddiaçı ASC-dən 97.650 manat pulu götürməklə əsassız varlanmışdır. Bankın bildirməsinə görə həmin məbləğdən 10.150 manatı ilkin ödəniş kimi ödənilmişdir. Həmçinin qalan məbləğdən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilməsi nəzərə alınaraq əsas borc kimi 61.451,09 manat tələb edilir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 285.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə ilə bağlı cavabdeh tərəfin əsassız varlanmasını müəyyən etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Burada iki il kəsici müddətdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh müqavilə və digər hüquqi əsas olmadan İddiaçı ASC-dən 97.650 manat pulu götürməklə əsassız varlanmışdır. Iddiaçının bildirməsinə görə həmin məbləğdən 10.150 manatı ilkin ödəniş kimi ödənilmişdir. Həmçinin qalan məbləğdən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilməsi nəzərə alınaraq əsas borc kimi, 61.451,09 manat tələb edilir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Iddiaçı həm iddia tələbində, həm də məhkəmə iclasında bildirmişdir ki, cavabdehə pulun verilməsi əsası kimi ## ###### 2011-ci il tarixdə Bank ilə cavabdeh arasında bağlanan ** saylı kredit müqaviləsi olmuşdur. Müqavilənin məhkəməyə təqdim edilməməsi tələbin əsassız varlanma kimi qiymətləndirilməsi düzgün deyil. Işin hallarından da görünür ki, Bank tərəfindən təqdim edilən məxaric orderi Korrupsiyaya qarşı mübarizə idarəsindən əldə edilmişdir. Bu halı baş prokurorluq araşdırır. Bankın bir çox kredit dosyeləri Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsindədir. Müqavilənin hazırda mövcud olmamağı kreditin saxta olmasına dəlalət edir. Həmin kredit görünüş üçün qeyd olunub, reallıqda isə kredit məbləği Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bundan başqa, cavabdeh İddiaçı ASC-nin işçisi olmuşdur. Aylıq əmək haqqı 300 manatdan bir az artıq olmuşdur. Hansı əsasla cavabdehə bank tərəfindən küllü miqdarda kredit verilməli idi? Bundan başqa krediti ipoteka krediti olduğunu iddia edən iddiaçı ipoteka müqaviləsini məhkəməyə təqdim etməmişdir. Küllü miqdarda kreditlər təminatsız verilmədiyi halda cavabdehə bu kredit verilməmişdir. Məhkəmə iş materiallarında olan ## ######## 2025-ci il tarixli əlavə ekspertiza rəyini düzgün qiymətləndirməmişdir. Belə ki, ilkin ekspertiza rəyi ilə ##.##.2011-ci il tarixli ** nömrəli xəzinə məxaric orderindəki imzanı müəyyən etmək mümkün olmamışdır. ##.##.2025-ci il tarixli rəylə ilə ##.##.2011-ci il tarixli ** nömrəli xəzinə məxaric orderində “alanın imzası” qrafasında imza Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunur. Ekspert imzanın “H” hərfinin tədqiq etmişdir. Hansı ki, onun imza nümunələrinin heç biri “H” hərfi ilə başlamır. Eyni imza nümunələri əlavə ekspertiza üçün də təqdim edilmiş və imzalarının heç birində başlıqda “H” hərfi yoxdur. Ilkin ekspertiza və əlavə ekspertiza zamanı ekspert qarşısında verilən imza nümunələrin arasında hansı imza ilə onun qəbzdəki imzanı tədqiq etmişdir? Cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, o, bankdan heç bir kredit götürməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (Hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Tural Məmmədov və Fikrət Mehtiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bank cavabdeh ilə arasında bağlanmış ##.##.2011-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, Bankın təqdim etdiyi sənədlər arasında 97.650 manatın cavabdehə təqdim edilməsini təsdiq edən ##.##.2011-ci il tarixli, ** №-li “xəzinə məxaric orderi” mövcuddur. Məhkəmə qeyd etmişdir ki, borc müqaviləsi real xarakter daşıyır və müqavilənin bağlanmış hesab edilməsi üçün müəyyən edilmiş borc məbləğinin borcalana faktiki təqdim edilməsi zəruridir. Bankın təqdim etdiyi xəzinə məxaric orderi də həmin borcun cavabdehə təqdim edilməsini təsdiq edən mötəbər sübutdur. Cavabdeh həmin sənəddəki imzanın ona məxsus olmadığını iddia etsə də, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyi bu dəlili təkzib edir. Belə ki, həmin rəy ilə xətşünaslıq sahəsində xüsusi biliyə malik olan ekspert tərəfindən mülki işin 99 vərəqində olan xəzinə məxaric orderindəki “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Sözügedən rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut isə cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi, şərtləri əvvəlcədən tərəflər arasında razılaşdırılmış mülki əqddir. Iş materiallarından görünür ki, cavabdeh 1998-ci ildən fasiləsiz olaraq İddiaçı ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Bankın baş xəzinədarı vəzifəsində işləmişdir. Bu baxımdan Bank tərəfindən mülkiyyətində olan 97.650 manatı cavabdehə təminatsız şəkildə borc verməsi sahibkarlıq fəaliyyətini həyata keçirən subyektin hüququ olmaqla yanaşı öz üzərinə götürdüyü bir riskdir və tərəfin bu hüquqdan istifadə etməsi, habelə riskə getməsi, cavabdehin kassa məxaric orderinə imza atmaqla pul vəsaitini Bankdan qəbul etməməsi mənasına gələ bilməz.
17. Bundan başqa, ondan ödənilməsi tələb olunan pul vəsaitinin Bankın rəhbərliyi tərəfindən mənimsənilməsini bildirən cavabdeh, bu dəlilini də təsdiq edən mötəbər sübutları (məsələn, qanuni qüvvəyə minmiş məhkəmə hökmü) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış ##.##.2011-ci il tarixli kredit müqaviləsi əsasında Bank tərəfindən cavabdehə 120 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə 97.650 manat məbləğində kredit verilmiş, cavabdeh həmin məbləğdə pulu Bankdan almışdır. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, Banka olan borcunu tam qaytarmamış, nəticədə onun Bank qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Cavabdeh bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır.
19. Məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, cavabdehin bu dəlili də əsassızdır. Çünki iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2). Hazırkı işin Şəhər Məhkəməsində baxılması zamanı isə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməsi iş materialları ilə təsdiq olunmur.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1, 448, 739.1-ci və Mülki Prossesual Məcəllənin 14, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə ilə bağlı cavabdeh tərəfin əsassız varlanmasını müəyyən etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Burada iki il kəsici müddətdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh müqavilə və digər hüquqi əsas olmadan Bankdan 97.650 manat pulu götürməklə əsassız varlanmışdır. Iddiaçının bildirməsinə görə həmin məbləğdən 10.150 manatı ilkin ödəniş kimi ödənilmişdir. Həmçinin qalan məbləğdən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilməsi nəzərə alınaraq əsas borc kimi, 61.451,09 manat tələb edilir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Iddiaçı həm iddia tələbində, həm də məhkəmə iclasında bildirmişdir ki, cavabdehə pulun verilməsi əsası kimi ## ###### 2011-ci il tarixdə İddiaçı ASC ilə cavabdeh arasında bağlanan ** saylı kredit müqaviləsi olmuşdur. Müqavilənin məhkəməyə təqdim edilməməsi tələbin əsassız varlanma kimi qiymətləndirilməsi düzgün deyil. Işin hallarından da görünür ki, İddiaçı ASC tərəfindən təqdim edilən məxaric orderi Korrupsiyaya qarşı mübarizə idarəsindən əldə edilmişdir. Bu halı baş prokurorluq araşdırır. İddiaçı ASC-nin bir çox kredit dosyeləri Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsindədir. Müqavilənin hazırda mövcud olmamağı kreditin saxta olmasına dəlalət edir. Həmin kredit görünüş üçün qeyd olunub, reallıqda isə kredit məbləği Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bundan başqa, cavabdeh İddiaçı ASC-nin işçisi olmuşdur. Aylıq əmək haqqı 300 manatdan biraz artıq olmuşdur. Hansı əsasla cavabdehə bank tərəfindən küllü miqdarda kredit verilməli idi?
23. Həmçinin məhkəməyə sübut kimi təqdim olunmuş xəzinə məxaric orderində dörd nəfərin imzası olduğu halda həmin şəxslərdən heç biri məhkəmə prosesində araşdırmaya cəlb edilməmişdir. Bundan əlavə məhkəməyə təqdim olunmuş 3 ədəd xəzinə mədaxil orderlərində tədqiq edilməməsi məhkəmənin araşdırma işinin birtərəfli qaydada aparılmasına dəlalət edir. Belə ki, xəzinə mədaxil orderlərində olan cavabdehin imzaları ekspertizaya göndərilib rəy alınmamışdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, məhkəmə araşdırmasında hakimlər iddiaçının xeyrinə birtərəfli mövqe tutmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
24. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
27. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
29. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il qərarı.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
41. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.