Məhkəmə qərarları › İş №2(1-8)-133/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-133/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-133/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual məsələlər, iddiadan imtina edilməsi, iş üzrə icraata xitam verilməsi, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli AL/*****/**/* nömrəli kredit sazişinə əsasən, borcalana 59 ay müddətinə qaytarmaq şərtilə maksimum illik 25 faiz ödənilməklə 4.500 manat məbləğində kredit verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4.354,83 manat əsas, 710,09 manat faiz, 262,61 manat cərimə borcu olmaqla, cəmi 5.327,53 manat borcun və 74 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə illik 25 faiz ödənilməsi şərtilə 4.500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır.

4. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.A.Paşayeva) 2025-ci il ## ###### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehdən 4.354,83 manat əsas, 710,09 manat faiz, 262,61 manat cərimə borcu olmaqla, cəmi 5.327,53 manat məbləğində borc pulun və 74 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

8. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib həmçinin hesab etmişdir ki, iddia tələbi tələb edilən əsas, faiz, cərimə borcu məbləği hissəsində əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4, 462.1, 465.2, 739.1, 739.2 və 741-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və cərimə borcu hissəsində dəyişdirilərək, məbləğlərin azaldılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv hallarına diqqət yetirilməməsi, cavabdeh tərəfindən ödənişlər edilməsinə baxmayaraq əsas borcdan cəmi 145,17 manat silinməsi, bu halın isə məhkəmə tərəfindən araşdırılmaması, müvafiq ekspert rəyi alınmadan qətnamə çıxarılması, məhkəmə iclaslarında çəkişmə prinsipinə əməl olunmaması, bu səbəbdən də cavabdehin ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edə bilməməsi, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi dəlillərlə əsaslandırılmışdır.

12. Apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, AL/*****/**/* nömrəli kredit sazişinin şərtləri əsas götürülməklə, cavabdehin banka olan borcu ##.##.2024-cü il tarixə əsas borc üzrə 4363,32 manat, faiz borcu üzrə 718,13 manat təşkil edir (cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdən sonra cəmi 10 manat ödəniş həyata keçirilmiş, lakin sualda borcun hesablanma tarixi ##.##.2024-cü il qeyd olunduğundan həmin ödəniş ekspert tərəfindən nəzərə alınmamışdır).

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə və eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspertiza tədqiqatı zamanı da əsas və faiz borcunun məbləğinin iddiaçı tələbindən göstəriləndən az olması müəyyən edilməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.

15. Bununla yanaşı, kollegiya bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində həyata keçirdiyi ödənişlər üzrə əsas borcdan cəmi 145,17 manat silinməsini qeyd etsə də, ekspertiza rəyinə əsasən iddiaçı tərəfindən ümumilikdə 1.478,50 manat ödəniş həyata keçirilmiş, ondan 805,06 manat əsas borca silinmişdir. Göründüyü kimi, cavabdehin irəli sürdüyü dəlillər işdə olan sübutlarla təsdiq olunmur.

16. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə kredit borcunu məhz ##.##.2024-cü il tarixə müəyyən etdiyindən sonradan ödənilmiş həmin 10 manat pul vəsaiti məhz icra vaxtı nəzərə alınmalıdır.

17. Kollegiya daha sonra qeyd etmişdir ki, tələb olunmuş dəbbə pulu (cərimə) 262,61 manat təşkil etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunmuş cərimənin azaldılmasına zərurət görmür.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə, qalıq borcun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, AL/*****/**/* nömrəli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan və cavabdeh tərəfindən imzalanaraq ona əlavə olunmuş bankın müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.1-ci bəndindən görünür ki, müştəri ödənişlərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə Bank kredit borcunu vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal qalıq bütün borcun ödənilməsini tələb etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 421.2, 421.3, 442, 467 və 739-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 107, 119.1, 135.1, 146, 217.4, 372.1, 384.0.1 və 385.2-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehin etiraz dəlillərinə cavab verilməmiş, hüquqi məntiq izah edilməmiş, qətnamə faktiki olaraq “ekspertiza təsdiqlədi” yanaşması ilə məhdudlaşdırılmışdır. Hesab edir ki, bu hal Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasıdır.

22. Apellyasiya məhkəməsi cavabdehin davranışını, gecikmənin səbəblərini, nəticələrin ağırlığını araşdırmadan məsuliyyəti mexaniki tətbiq etmişdir. Bu, maddi hüququn səhv tətbiqidir.

23. Apellyasiya məhkəməsi pul öhdəliyini yalnız borcun məbləğinin mövcudluğu kimi qiymətləndirmişdir. Halbuki Mülki Məcəllənin 439-cu maddəsi pul öhdəliyi üzrə öhdəliyin yaranma əsaslarının, icra şərtlərinin, tələb hüququnun legitimliyinin araşdırılmasını tələb edir. Bu hüquqi elementlərin heç biri məhkəmə tərəfindən müstəqil hüquqi təhlilə cəlb edilməmişdir ki, bu da maddi hüququn formal və səhv tətbiqini göstərir.

24. Apellyasiya şikayətində cavabdehin öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların mötərbərliyini araşdırmadan, cavabdehin iştirakını təmin etmədən apellyasiya instansiya məhkəməsi qətnaməsində obyektiv həqiqətdən uzaq olan nəticəyə gəlmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 217-ci maddələrinin tələblərinə cavab verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

26. Iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli AL/*****/**/* nömrəli kredit sazişi üzrə borcun tam ödənildiyini, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin olmadığını bildirərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

29. Maddə 52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

30. Maddə 52.5. Iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

31. Maddə 191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

32. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

33. Maddə 261.0.4. Iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

34. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

35. Maddə 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

36. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir.

38. Belə ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir. Iddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiadan imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. Iddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yazılı formada ifadə edilməlidir. Iddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notariat qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər. Iddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda şifahi icraat zamanı məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyənləşdirməlidir.

39. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. Iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

40. MPM-in 74.2-ci maddəsinə görə iddia tələblərindən tam və ya qismən imtina edilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

41. Iş materiallarından görünür ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsini imzalamış nümayəndəyə verilmiş etibarnamədə, nümayəndəyə iddiadan imtina etmək səlahiyyəti xüsusi olaraq qeyd edilmişdir.

42. Yuxarıda qeyd olunan tələblər baxımından iddiaçının cavabdehə qarşı iddia tələblərindən imtina etməsi prosessual qanunvericiliyin tələblərinə zidd deyil. Iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Iddiadan imtinanın qəbul edlməsini istisna edən hallar müəyyən olunmur. Buna görə də iddiaçının iddiadan imtina etməsi qəbul edilməlidir.

43. Iddiadan imtina etmənin qəbul olunması, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə səbəb olur.

44. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1- 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

45. Iş üzrə icraata xitam verildikdə, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər (MPM-in 262.2-ci maddəsi).

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait cavabdehə aid edilməlidir.

47. Məhkəmə kollegiyası xatırladır ki, MPM-nin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

48. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq,

Qərara aldı:

Iddiaçı İddiaçı ASC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar