Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1333/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 ASC və “xxxx” ASC-yə qarşı “xxxx” ASC-nin İddiaçı qarşı qarşılıqlı iddiasına dair üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu, (məruzəçi) Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 ASC və “xxxx” ASC-yə qarşı lizinq ödənişlərinin tutulması və borcun silinməsi barədə ilk, iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı pul, lizinq müqaviləsinin ləğv edilməsi və əmlakın istifadəyə qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilk və qarşılıqlı iddialar qismən təmin edilərək İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən «Lada Vesta» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqə alınmasına görə ilkin ödəniş kimi cavabdeh2 ASC-yə ödənilmiş 12000 (on iki min) manat pul və 67 manat dövlət rüsumunun cavabdeh cavabdeh2 ASC-dən alınıb iddiaçıya ödənilməsi, cavabdeh2 ASC tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixədək hesablanmış borcun silinməsi, cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanmış 2022-ci il ## ##### tarixli lizinq müqaviləsinin ləğv edilməsi qət edilmiş, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməmişdir.
2. Cavabdeh cavabdeh2 ASC qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin borcun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçıdan cavabdeh2 ASC-nin xeyrinə 4340 (dörd min üç yüz qırx) manat əsas, 217 (iki yüz on yeddi) manat faiz, 1302 (min üç yüz iki) manat cərimə borcu olmaqla, cəmi 5859 (beş min səkkiz yüz əlli doqquz) manat pul və 79 (yetmiş doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, ilkin iddia tələbi rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Iddiaçı qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
5. Iddiaçı yenidən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ilə verdiyi kassasiya şikayəti ümumilikdə 116,55 manat dövlət rüsumu ödənilmədiyindən, cəmi 60 manat ödənildiyindən qeyri-mümkün hesab edilmiş, şikayət verən şəxsin prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə biləcəyi izah edilmişdir. Onun tərəfindən əlavə olaraq 57 manat dövlət rüsumu ödənilmişdir (Mədaxil qəbzi №: 411064453810). Ona görə kassasiya şikayəti vaxtında verildiyinə, lakin dövlət rüsumu əlavə olaraq ödənildiyinə görə formal olaraq ötürülmüş müddət buraxılmamış hesab olunmalıdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər- Səyyad Qafari (sədrlik edən və məruzəçi), Fuad Məmmədov, Almaz Süleymanova) ərizə təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə aktı iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq ## ###### 2025-ci il tarixədək davam etmiş və iddiaçının qətnamədən ## ###### 2025-ci il tarixdə verdiyi kassasiya şikayəti Ali Məhkəmənin ## ###### 2026-cı il tarixli qərarı ilə qeyri-mümkün hesab edilmişdir. Lakin iddiaçının təkrar verdiyi kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 17 gün sonra, yəni ## ###### 2026-cı il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş və elə həmin şikayətdə nümayəndəsi və vəkili vəkil1 tərəfindən prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin kassasiya şikayətinin qeyri-mümkünlüyün səbəbi müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi olmuşdur. Mülki Prosessual Məcəllənin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinə müvafiq olaraq, vəkil peşə fəaliyyətini həyata keçirərkən və hüquqi yardım göstərərkən müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək və müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, prosesdə iştirak etmiş vəkil ona həvalə edilmiş tapşırığın müqabilində üzərinə götürdüyü öhdəliyin, o cümlədən qanunla üzərinə düşən vəzifənin icrası üçün təcrübəsinə, səriştəsinə və peşə biliklərinə görə hüquqi yardımla bağlı müraciət etmiş şəxslərdən bir qayda olaraq daha çox imkanlara malikdir. Belə imkanlara malik olan vəkilin müvafiq pozuntulara yol verməsi təkrar kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 68.3, 128.2, 129.1, 405.0.1 və 408.1.4cü maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı, “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2007-ci il tarixli qərarına, «xxxx» ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Iddiaçı (onun vəkili vəkil1) kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, prosessual müddət bərpa edilməklə, kassasiya şikayəti mümkün hesab edilərək, işə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən prosessual müddətin bərpasından imtina edilərkən həm maddi, həm də prosessual hüquq normalarının tətbiqində ciddi səhvlərə yol verilmiş, hüququn məqsədinə deyil, yalnız formal tərəfinə üstünlük verilmiş, prosessual müddətin hesablanması zamanı maddi hüquqdan kənar, sırf formal yanaşma tətbiq edilmiş, nəticədə iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilmiş məhkəmə müdafiəsi hüququ faktiki olaraq mənasız hala salınmışdır. Kassasiya instansiyasının müdaxiləsi bu işdə ədalət mühakiməsinin bərpası üçün zəruridir.
12. Işdən görünür ki, ilkin kassasiya şikayətinin qeyri-mümkünlüyün səbəbi müəyyən edilmiş məbləğdə dövlət rüsumunun iddiaçı tərəfindən düzgün ödənilməməsi olmuşdur. Iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət daxilində verilmişdir. Bu hal özü-özlüyündə iddiaçının məhkəməyə müraciət hüququndan istifadə etdiyini təsdiq edir. Belə olan halda, ilkin şikayətin verilməsi prosessual müddətin axımını dayandıran hüquqi fakt kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin sonradan formal qüsurlara görə geri qaytarılması həmin hüquqi nəticəni aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən, prosessual müddətlərin axımının məhkəməyə müraciət edilməsi ilə dayanması istisna edilmir və belə yanaşma məhkəmə müdafiəsi hüququnun real təmin olunmasına xidmət edir. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb olan hal–dövlət rüsumunun az ödənilməsi işin mahiyyətinə təsir etməyən, sırf formal xarakterli qüsurlardır. Bu qüsur şikayətin məzmununa, irəli sürülən hüquqi arqumentlərə və ya mübahisənin mahiyyətinə heç bir təsir göstərmir. Belə olan halda, həmin qüsurun aradan qaldırılması ilə şikayətin mahiyyəti üzrə baxılmasına hüquqi maneə qalmır. Prosessual hüquq normalarının tətbiqi zamanı formal qüsurların işin mahiyyəti üzrə baxılmasını istisna edəcək dərəcədə qiymətləndirilməsi ədalət mühakiməsinin məqsədlərinə ziddir.
13. Mübahisələndirilən qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli qərarındakı göstərişlərə zidd olduğundan ləğv edilməlidir.
14. Həmin qərarda açıq şəkildə qeyd olunmuşdur ki, kassasiya şikayətində olan qüsurların aradan qaldırılması üçün məhkəmə tərəfindən ağlabatan müddət müəyyən edilməlidir. Hazırkı işdə isə Ali Məhkəmə tərəfindən belə bir müddət müəyyən edilməmişdir. Lakin Ali Məhkəmənin qərarı elektron kabinetə yerləşdirildikdən dərhal sonra iddiaçı qüsuru aradan qaldırmış, müddətin bərpası barədə ərizə ilə birlikdə apellyasiya məhkəməsinə təqdim etmişdir. Iddiaçı tərəfindən kassasiya şikayətinin qanuni müddətdə verilməsi və sonradan qüsurların aradan qaldırılması onun şikayətinə mahiyyəti üzrə baxılacağına dair legitim gözlənti yaratmışdır. Məhkəmə tərəfindən bu gözləntinin nəzərə alınmaması hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnmişdir. Hüquqi müəyyənlik prinsipi isə hüquqi dövlətin əsas elementlərindən biridir və məhkəmə təcrübəsində sabitliyin təmin edilməsini tələb edir.
15. Iş materiallarından göründüyü kimi, oxşar hüquqi vəziyyətdə olan digər iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təxminən 4 ay 20 gün müddət ötürülməsinə baxmayaraq, prosessual müddət bərpa edilmişdir. Lakin hazırkı işdə daha az formal qüsurlar mövcud olduğu halda müddətin bərpasından imtina edilmişdir. Eyni məhkəmə tərkibi tərəfindən oxşar hallarda fərqli yanaşmanın tətbiq edilməsi Konstitusiyanın bərabərlik prinsipinə zidd olmaqla yanaşı, məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur.
16. Iddiaçı məhkəməyə kassasiya şikayəti ilə eyni məzmunlu kassasiya şikayətinə dair yazılı izahat təqdim etmişdir.
Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə:
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət daxilində verilmişdir. Bu hal özü-özlüyündə iddiaçının məhkəməyə müraciət hüququndan istifadə etdiyini təsdiq edir. Ali Məhkəmənin qərarı elektron kabinetə yerləşdirildikdən dərhal sonra iddiaçı qüsuru aradan qaldırmış, müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayətini apellyasiya məhkəməsinə təqdim etmişdir. Belə olan halda, ilkin şikayətin verilməsi prosessual müddətin axımını dayandıran hüquqi fakt kimi qiymətləndirilməlidir.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, kassasiya şikayətinin geri qaytarılmasına səbəb dövlət rüsumunun natamam ödənilməsi olmuşdur. Belə hallarda şikayətin kassasiya qaydasına baxılması üçün yalnız qüsurun aradan qaldırılması kifayət etmir, həm də qanunla kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməməlidir. Qanunla nəzərdə tutulmuş müddətin çərçivəsini aşmamaq üçün isə tərəflər kassasiya şikayəti təqdim edərkən, hər hansı qüsurun mövcudluq ehtimalını nəzərə almalı, sayıqlıq göstərməli, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddətin son günlərində təqdim edilməsinin riskini özlərinin daşıdıqlarını bilməli və buna uyğun davranmalıdırlar.
24. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edilməlidir ki, kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin və ya kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə kassasiya instansiyası məhkəməsinin qərardadının qəbul edilməsinin prosessual müddətin axımının dayandırması barədə norma mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən tərtib və təqdim edilən kassasiya şikayəti üzrə dövlət rüsumunun natamam ödənilməsini üzrlü səbəb hesab etməmişdir. Belə ki, peşəkar hüquqi yardım – vəkil və ya digər ixtisaslaşmış hüquqşünas tərəfindən hüquqi məsləhət, sənədlərin hazırlanması və məhkəmədə təmsilçilik xidmətlərinin göstərilməsidir. Kassasiya şikayətlərinin tərtibində peşəkar hüquqi yardım göstərilməsinin əsas məqsədi mürəkkəb hüquqi prosedurların düzgün və effektiv şəkildə həyata keçirilməsi, kassasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və məhkəmə müdafiəsinin səmərəli təşkil edilməsidir. Bu hallar hüquqi səhvlərin və formal pozuntuların qarşısını alır və ədalətli məhkəmə icraatına zəmanət verməklə, hüquqi müəyyənlik prinsipinin, hüquqi sabitliyin qorunmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinin qarşısının alınmasına xidmət edir.
26. Göstərilənlərin əksi, yəni, peşəkar hüquqi yardım göstərilərkən yol verilmiş hüquqi səhvlərin və formal pozuntuların üzrlü səbəb kimi qəbul edilməsi hüquqi müəyyənlik prinsipinin, hüquqi sabitliyin pozulmasına və prosessual hüquqlardan sui-istifadəyə gətirib çıxara bilər.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.