Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1348/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı4, iddiaçı2 Bahəddin oğlunun, iddiaçı1, iddiaçı5 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ictimai ehtiyaclara xidmət edən əmlakdan istifadəyə törədilən manelərin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı4 və cavabdeh Cavabdeh Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisə Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən su quyusundan (artezian qurğusundan) istifadə ilə bağlıdır.
2. Iddiaçılar bildirir ki, su quyusu (artezian qurğusu) artezian qurğusu bələdiyyənin balansındadır, lakin cavabdeh onu istifadəsində olan torpaq sahəsinə qataraq onların istifadəsinə maneçilik törədir.
3. Işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində 0.42 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2007-ci ildən cavabdeh Cavabdeh mülkiyyətindədir. Bununla belə Cavabdeh naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir.
4. 2015-ci ildə Dövlət Yerquruluşu Layihə Institutu tərəfindən iddiaçı iddiaçı4 ünvanlanmış məktubda göstərilmişdir ki, artezian qurğusu, su çəni və transformatorun yerləşdiyi sahənin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyənləşdirilərək hazırkı iş üzrə cavabdeh Cavabdeh Firudin oğluna bu barədə məlumat verilmişdir.
5. Vəndam qəsəbəsi IƏD tərəfindən verilmiş oxşar məzmunlu arayışlarda qeyd olunmuşdur ki, Cavabdeh Vəndam Bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun ona məxsus torpaq sahəsində yerləşdiyini əsas gətirərək sakinlərin qurğusunun yerləşdiyi torpaq sahəsinə girişə icazə vermir, mütəmadi olaraq elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə süni maneələr yaradır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçılar məhkəməyə müraciət edərək, sözügedən artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Iddia onunla əsaslandırılmışdır ki, 1980-ci illərin əvvəllərində sakinlərin içməli su ilə təmin olunması məqsədilə artezian quyusu qazılmış, su çəni və transformator quraşdırılmış, həmin qurğular vahid çəpərlənmiş ərazidə yerləşdirilərək istifadəyə verilmişdir.Sonralar qəsəbə sakini Cavabdeh artezian qurğusunun yerləşdiyi əraziyə bitişik torpaq sahəsində yaşayış evi tikmiş, daha sonra isə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin də onun xüsusi mülkiyyətində olduğunu iddia edərək sakinlərin həmin əraziyə girişinə və artezian suyundan istifadəsinə maneələr yaratmağa başlamışdır. Mübahisənin həlli məqsədilə Vəndam bələdiyyəsinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, verilmiş cavab məktublarında artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir. Lakin 2021-ci ildə Cavabdeh ##.##.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərək sözügedən torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və sakinlərin sudan istifadəsinə mane olacağını bəyan etmişdir. Bundan sonra Cavabdeh, onun ailə üzvləri, o cümlədən oğlu Azər Həşimov sakinləri hədələmiş, təhqir etmiş, artezian suyundan istifadəyə imkan verməmiş, sakinlər tərəfindən quraşdırılmış nasosun, elektrik xətlərinin və su borularının zədələnməsinə səbəb olmuşlar. Həmçinin artezian qurğusunun yerləşdiyi ərazi daş hasarla bağlanmış, transformator yararsız hala salınmış, artezian quyusuna aid avadanlıqlar yerindən çıxarılmışdır. Bu barədə polis orqanlarına müraciətlər edilmiş, müəyyən müddət ərzində sudan istifadə bərpa olunsa da, sonradan yenidən maneələr yaradılmışdır. Sakinlərin və Vəndam bələdiyyəsinin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artezian qurğusu Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Bununla yanaşı, iddiaçılar hesab edirlər ki, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi zamanı torpaq qanunvericiliyinin, o cümlədən “Torpaq islahatı haqqında” Qanunun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri pozulmuş, ümumi istifadədə olan və sakinlərin içməli su təminatı üçün nəzərdə tutulmuş torpaq sahəsi qanunsuz olaraq xüsusi mülkiyyətə verilmişdir. Bundan əlavə, artezian qurğusunun aid olduğu təsərrüfat tərəfindən həmin obyektin Vəndam bələdiyyəsinə təhvil verildiyi, buna baxmayaraq ümumi istifadədə olan torpaq sahəsinin xüsusi mülkiyyətə keçirildiyi bildirilir.Hazırda artezian quyusu, su çəni və transformatorun yerləşdiyi sahə üç tərəfdən Cavabdeh məxsus torpaq sahəsi, bir tərəfdən isə ümumi istifadədə olan yol ilə əhatə olunmuşdur. Iddiaçılar artezian qurğusuna xidmət göstərilməsi, təmir işlərinin aparılması və içməli sudan maneəsiz istifadə olunması üçün həmin sahəyə giriş imkanının təmin edilməsini, yaradılmış süni maneələrin aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpasını xahiş edirlər.
8. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, transformator və artezian qurğusunun onların ərazisindən çıxarılaraq bələdiyyənin mülkiyyətində yerləşdirilməsi ilə bağlı qarşı tərəfə təklif də etmişlər. Eyni zamanda, həmin torpaq sahəsindən servitut hüququ əsasında iddiaçılar istifadə edə bilərdilər.
9. Üçüncü şəxs Qəbələ rayon Vəndam Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, artezian quyusunun yerləşdiyi sahə həqiqətən də cavabdehin istifadəsindədir. Bu səbəbdən onun çıxarışının həmin hissədə ləğv edilməsi ilə bağlı inzibati qaydada məhkəməyə müraciət etmişdir. Çünki, cavabdeh iddiaçıların əraziyə daxil olmasına icazə vermir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən məhkəməyə göndərilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, mütəxəssislər baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, ##.##.2007-ci il tarixli çıxarışa əlavə edilmiş texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir.
11. Qəbələ Rayon Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Abbas Əliyev).
12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar artezian qurğusunun bələdiyyə mülkiyyətində olduğunu və cavabdeh tərəfindən həmin qurğudan istifadəyə süni maneələr yaradıldığını iddia etsələr də, iş üzrə aparılmış araşdırmalar nəticəsində artezian quyusu, su çəni və transformatorun yerləşdiyi torpaq sahəsinin hüquqi mənsubiyyəti dəqiq müəyyən edilməmişdir.
13. Belə ki, bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən əraziyə baxış keçirilmiş, lakin cavabdehin torpaq sahəsinə dair sənədlərdə göstərilən sərhədlərlə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aşkar olunduğundan müvafiq rəy vermək mümkün olmamışdır. Sonradan təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası da zəruri koordinat və baza məlumatlarının təqdim edilməməsi səbəbindən aparılmamışdır. Nəticədə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin bələdiyyəyə, yoxsa cavabdehə məxsus olması müəyyən edilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, belə şəraitdə iddiaçıların tələb etdiyi yolun açılması və artezian qurğusundan istifadəyə maneələrin aradan qaldırılması cavabdehin mümkün mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Konstitusiya ilə qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün isə həmin torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 170.2 və 170.3-cü maddələri hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki iş üzrə suyun təbii axınının dəyişdirilməsi və ya qonşuluq hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 175.1 və 255.4-cü maddələrində nəzərdə tutulan servitut hüququnun müəyyən edilməsi ilə bağlı ayrıca tələb irəli sürülmədiyindən məhkəmə həmin məsələyə qiymət verə bilməmişdir.
16. Məhkəmə vurğulamışdır ki, MPM-nin sübutetmə qaydalarına əsasən iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Iddiaçılar isə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və cavabdeh tərəfindən onların hüquqlarının pozulmasını mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişlər. Bu səbəbdən məhkəmə iddia tələblərinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir.
17. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18.Iddiaçı iddiaçı4 аpellyаsiyа şikаyəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şikayətin dəlilləri belə olmuşdur: 1) Məhkəmə mübahisəli ərazidə yerləşən torpaq sahələrinin hüquqi statusunu tam müəyyən etməmişdir. Iş materiallarından görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş 0,42 ha torpaq sahəsindən əlavə, təxminən 0,06 ha ölçüdə mülkiyyətçisi müəyyən edilməmiş torpaq sahəsinin mövcudluğu barədə ƏMDX-nin nümayəndəsi məhkəmə iclasında izahat vermişdir. Lakin həmin torpaq sahəsinin hüquqi statusu, sərhədləri və mənsubiyyəti araşdırılmamışdır 2) məhkəmə artezian qurğusunun hansı torpaq sahəsində yerləşdiyini müəyyən etmədən iddianı rədd etmişdir. Halbuki mübahisənin həlli üçün əsas fakt məhz artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin hüquqi mənsubiyyətinin müəyyən edilməsidir 3) Məhkəmə ƏMDX-nin ##.##.2021-ci il tarixli məktubu ilə ##.##.2023-cü il tarixli məktubu arasında mövcud olan ziddiyyətləri araşdırmamış, həmin ziddiyyətlərə hüquqi qiymət verməmişdir 4) Vəndam bələdiyyəsinin sərhədlərini və bələdiyyə torpaqlarını əks etdirən xəritənin tələb olunması barədə vəsatət təmin olunsa da, sonradan həmin sənəd məhkəmə tərəfindən tələb edilməmiş və araşdırılmamışdır 5) Məhkəmə ƏMDX əməkdaşının məhkəmə iclasında verdiyi izahatı nəzərə almamışdır. Həmin izahata əsasən, cavabdehin torpaq sahəsinin sənəd üzrə sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur 6) Cavabdeh adına verilmiş torpaq sahəsinin planı və sərhədlərini göstərən sənədlər məhkəməyə təqdim edilsə də, həmin sənədlər məhkəmə iclasında tədqiq olunmamış və iddiaçılara təqdim edilməmişdir 7) Məhkəmə bir tərəfdən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olduğunu müəyyən etmədiyini qeyd etmiş, digər tərəfdən isə cavabdehin mülkiyyət hüquqlarının pozula biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilmədiyini bildirsə də, iddiaçılara gələcəkdə servitut hüququ əsasında iddia qaldırmağı tövsiyə etmişdir. Torpaq sahəsinin mülkiyyətçisi müəyyən edilmədən servitut məsələsinin gündəmə gətirilməsi məntiqi və hüquqi baxımdan əsaslandırılmamışdır 8) Məhkəmə İ.Qayıbov adına təsərrüfat tərəfindən artezian qurğusunun aktla Vəndam bələdiyyəsinə təhvil verilməsi faktına hüquqi qiymət verməmişdir.
20. Apellyasiya icraatı zamanı alınmış ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ##.##.2007-ci il tarixli çıxarışa əlavə edilmiş texniki passportda qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 0,42 ha torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında böyük uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir.
21. Apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, tələbdə göstərilmiş artezian quyusu Cavabdeh istifadəsində olan 0,4650 ha torpaq sahəsinin üzərində yerləşir. Faktiki naturada ölçülmüş artezian quyusu yerləşən torpaq sahəsinə gedişgəliş yolu nəzərdə tutulmamışdır.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən iddiaçı iddiaçı4 cavabdeh Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi iddiaçı iddiaçı4 aid olan mübahisələndirilən hissədə qismən təmin edilmiş və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələrin cavabdeh Cavabdeh tərəfindən aradan qaldırılması, birinci instansiya məhkəməsininin qətnaməsinin iddiaçı iddiaçı4 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: Elman Isayev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev).
23. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh mülkiyyətində 0,42 ha torpaq sahəsinin olmasına baxmayaraq, naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Qalan 0,06 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətində olduğu da məlum olmuşdur. Mübahisə predmeti olan artezian qurğusu halhazırda bələdiyyənin balansındadır və cavabdehin istifadəsində olan 0,4650 ha torpaq sahəsində yerləşir. Cavabdeh artezian qurğusunun onun mülkiyyətində yerləşməsini əsas gətirərək, qurğunun elektrik kabelini, plastik boruları zədələməklə qurğudan gələn sudan sakinlərin istifadəsinə süni maneələr yaradır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddiaçı4 iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh artezian qurğusunun onun mülkiyyətində yerləşməsini əsas gətirsə də, bu barədə məhkəməyə hər-hansı bir sənəd və ya mötəbər sübut təqdim etməmişdir.
25. Bundan başqa, iddiada tələb olunan artezian quyusu istiqamətində gediş-gəliş yolunun açılmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd olunmalı olması ilə razılaşır.
26. Eyni zamanda yuxarıda qeyd edilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyi ilə faktiki naturada ölçülmüş artezian quyusu yerləşən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmaması öz təsdiqini tapmışdır.
27. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Iddiaçı Mirzəliyev Musa Seyfəddin oğlu kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
29. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmələr iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışlar. Mübahisənin əsas predmetini artezian quyusunun, su çəninin və digər qurğuların yerləşdiyi torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi təşkil etdiyi halda, məhkəmə həmin ərazinin sərhədlərini, torpaq sahələrinin mülkiyyətçilərini və artezian qurğusunun konkret olaraq hansı torpaq sahəsində yerləşdiyini müəyyən etmədən qətnamə qəbul etmişdir.Iş materiallarından görünür ki, cavabdeh Cavabdeh adına verilmiş çıxarış üzrə torpaq sahəsinin ölçüsü 0,42 ha təşkil edir. Lakin məhkəmənin qərardadı əsasında aparılmış ölçmə işləri zamanı həmin ərazidə əlavə olaraq təxminən 0,06 ha torpaq sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Sonradan məhkəməyə təqdim edilmiş yerquruluşu planında isə faktiki istifadə olunan torpaq sahəsinin 0,4650 ha olduğu göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsi də qətnaməsində cavabdehin sənədlə təsdiq olunmuş 0,42 ha torpaq sahəsindən artıq sahədən istifadə etdiyini və əlavə torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətində olduğunu qeyd etmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına tutulması faktına hüquqi qiymət verilməmişdir.Məhkəmə tərəfindən istinad olunan mütəxəssis və ekspert rəyləri də mübahisənin həlli üçün kifayət qədər aydın və müəyyən olmamışdır. Həmin rəylərdə cavabdehin sənəd üzrə torpaq sahəsinin sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında ciddi uyğunsuzluğun olduğu göstərilmiş, bu səbəbdən mübahisəli ərazinin hüquqi vəziyyəti barədə qəti nəticəyə gəlməyin mümkün olmadığı bildirilmişdir. Buna baxmayaraq məhkəmə həmin ziddiyyətləri aradan qaldırmadan, əlavə araşdırma aparmadan və yeni ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir.Məhkəmə həmçinin öz qətnaməsində artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olduğunu müəyyən etməyin mümkün olmadığını qeyd etdiyi halda, digər tərəfdən cavabdehin mülkiyyət hüququna üstünlük vermiş və iddianın həmin hissədə rədd edilməsini əsaslandırmışdır. Bu isə qətnamənin daxili ziddiyyət təşkil etdiyini göstərir.Iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh artezian qurğusundan istifadə edən sakinlərin həmin əraziyə girişinə mane olmuş, qurğunun ətrafını təxminən iki metr hündürlüyündə daş hasarla hasarlamış, artezian quyusunun elektrik təchizatını və su sistemini yararsız hala salmışdır. Hətta cavabdehin özü məhkəmə iclaslarında nasosun borularını açaraq çıxardığını və sakinlərin həmin əraziyə daxil olmasına imkan verməyəcəyini etiraf etmişdir. Buna baxmayaraq məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir.Bundan əlavə, iş materiallarında olan Vəndam bələdiyyəsinin ## ####### 2022-ci il tarixli arayışı, Vəndam inzibati ərazi dairəsinin ## ####### 2022-ci il tarixli arayışı, polis və prokurorluq orqanlarına edilmiş müraciətlər, həmçinin artezian quyusunun ətrafının daş hasarla bağlandığını təsdiq edən fotoşəkillər məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Halbuki həmin sübutlar cavabdehin süni maneələr yaratdığını və sakinlərin artezian suyundan istifadəsinə faktiki olaraq imkan vermədiyini təsdiq edir.Məhkəmə həmçinin əlavə 0,06 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətində olduğunu qeyd etsə də, bələdiyyənin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatətləri təmin etməmişdir. Nəticədə bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinin özbaşına tutulmasına münasibəti öyrənilməmiş, həmin torpaq sahəsinin geri qaytarılması məsələsi araşdırılmamışdır. Apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerində baxış keçirilməsi barədə vəsatət verilməsinə və məhkəmə tərəfindən belə bir imkanın nəzərdən keçiriləcəyinin bildirilməsinə baxmayaraq, yerində baxış keçirilməmişdir. Bu isə iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə mane olmuşdur. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi sübutları tam, obyektiv və hərtərəfli araşdırmadan, iş üzrə bütün faktiki halları müəyyən etmədən və mövcud ziddiyyətləri aradan qaldırmadan qətnamə qəbul etmişdir. Nəticədə iddiaçının artezian qurğusundan maneəsiz istifadə hüququ, həmçinin sakinlərin su təminatı ilə bağlı qanuni maraqları müdafiəsiz qalmışdır.
30. Cavabdeh Cavabdeh kassasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdehin şikayəti belə əsaslandırılmışdır ki, mübahisənin əsas predmetini təşkil edən artezian qurğusunun hansı torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsinin hüquqi mənsubiyyəti məsələsi dəqiq müəyyən edilmədən qətnamə qəbul olunmuşdur. Iş materiallarında bu məsələyə dair təqdim edilmiş sənədlər və məlumatlar arasında ziddiyyətlər mövcud olduğu halda, həmin ziddiyyətlər aradan qaldırılmamışdır. Iş üzrə bir neçə dəfə ekspertiza təyin edilməsinə baxmayaraq, ekspert rəyi əldə olunmamış, mövcud mütəxəssis rəyləri isə qeyri-müəyyən və ziddiyyətli olmuşdur. Xüsusi bilik tələb edən halların ekspertiza vasitəsilə müəyyən edilməməsinə baxmayaraq, apellyasiya məhkəməsi həmin qeyri-müəyyənlikləri aradan qaldırmadan hüquqi nəticəyə gəlmişdir. Bununla məhkəmə MPM-in 9.1 və 9.3-cü maddələrində nəzərdə tutulmuş çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozmuşdur. Tərəflərin təqdim etdiyi sübutlar hərtərəfli araşdırılmamış, onların hüquqi qiymətləndirilməsi tam və obyektiv aparılmamışdır. Eyni zamanda MPM-in 14.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərarını yalnız tərəflər tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tam araşdırılmış sübutlara deyil, qeyri-müəyyən və ziddiyyətli məlumatlara əsaslandırmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçının üzərində olduğu halda, iddiaçılar artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin hüquqi statusunu və öz tələblərinin əsasını təşkil edən halları mötəbər sübutlarla təsdiq edə bilməmişlər. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianı qismən təmin etmiş, nəticədə sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə keçirmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, təmin olunmamasını xahiş etmişdir.
33. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində “mübahisəli artezian qurğusunun və onun yerləşdiyi torpaq sahəsinin” ifadələrini işlətsə də, artezian qurğusu mübahisə predmeti deyildir, Vəndam bələdiyyəsinin mülkiyyətindədir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işdə olan məlumatlara, o cümlədən Dövlət Yerquruluşu Layihə Institutunun məktubuna, Vəndam qəsəbəsi IƏD tərəfindən verilmiş arayışlara əsasən mübahisənin obyekti olan artezian qurğusunun Vəndam bələdiyyəsinə aid olduğu qənaətinə gəlmişdir. Cavabdeh iddiaya etirazında özünün torpaq üzərindəki mülkiyyət hüququna istinad etsə də, məhkəmə araşdırmasında həmin hal sübuta yetirilməmişdir.
47. Müəyyən olunmuşdur ki, Cavabdeh oğlunun mülkiyyətində 0.42 ha torpaq sahəsi olsa da, o, naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Eyni zamanda mübahisəli su quyusunun (artezian qurğusunun) məhz Cavabdeh mülkiyyətində olan 0.42 ha torpaq sahəsində yerləşməsi təsdiqini tapmamışdır.
48. Belə ki, DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi idarəsinin verdiyi mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətinə verilmiş 0.42 hektar torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyinə görə sənəd üzrə hüquqlarını (yerləşməsi) müəyyən etmək mümkün olmamışdır.
49. Göründüyü kimi cavabdeh Cavabdeh öz sənədlərində olan çatışmazlıq ucbatından istinad etdiyi mülkiyyətinin hüdudlarına dair sənəd təqdim edə bilməmiş, dövlət orqanlarının verdiyi məlumatların əksini, yəni mübahisə obyekti olan artezian qurğusunun öz mülkiyyətinin hüdudların daxilində yerləşməsini sübuta yetirə bilməmişdir.
50. Mövcud vəziyyətdə apellyasiya məhkəməsinin iddianı “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələrin cavabdeh Cavabdeh tərəfindən aradan qaldırılması” hissəsində təmin etməsi qanuni və əsaslı olmuşdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş hissəsinə münasibətdə işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma və nəticə ilə razılaşır.
52. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
53. Bu xüsusatla bağlı məhkəmə tərkibi onu da qeyd edir ki, cavabdeh Cavabdeh bundan sonra mübahisə obyektinin məhz özünün mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə dair təsdiqedici sənədlər (plan-ölçü və s.) əldə etməsi həmin obyektə dair yeni əsaslarla ayrıca iddia qaldırmasına mane olmur.
54. Bununla belə Kollegiya hesab edir ki, iddianın təmin edilməmiş hissəsində apellyasiya məhkməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
55. Belə ki, iddiaçının su quyusundan (artezian qurğusundan) istifadəsinə törədilən süni maneələrin cavabdeh tərəfindən aradan qaldırılması qət olunursa, ictimai ehtiyaclara xidmət edən bələdiyyə əmlakından yararlanmaq üçün fiziki şəxsin həmin obyektə sərbəst çatımlılığı da təmin olunmalıdır.
56. Belə ki, iddiaçının müvafiq texniki və digər işlərin görülməsi üçün su quyusuna (artezian qurğusuna) yaxınlaşmasına, yəni qurğunun yerləşdiyi əraziyə daxil olmasına zərurət yarana bilər. Hazırkı vəziyyətdə iddianın təmin olunmuş hissəsi ilə iddiaçının bu ehtiyaclarının hansı formada qarşılanacağı naməlum qalmışdır. Başqa sözlə, iddiaçının fiziki olaraq mübahisə obyektinə çatımlılığı təmin olunmadan istifadəyə törədilən süni maneələr tam şəkildə aradan qaldırılmış hesab edilə bilməz.
57. Məlum olduğu kimi, Mülki Məcəllənin 239.1-ci maddəsinə əsasən, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
58. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, iddiamın təmin olunmamış hissəsinin yuxarıda qeyd edilən faktiki və hüquqi əsaslarla yenidən araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməklə yeni apellyasiya baxışına qaytarılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin “gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” hissəsində ləğv edilərək iş bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.