Məhkəmə qərarları › İş №2(1-8)-1350/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1350/2026

16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1350/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, əsas borc, kredit müqaviləsi üzrə faizlər, dəbbə pulu, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2012-ci il tarixli əqdlərin bağlanma şərtlərinə dair baş sazişə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 cari hesab (kart hesabı) açılması, plastik kart təqdim edilməsi, bank tərəfindən müştəriyə müəyyən edilmiş xidmətlər göstərilməsi, müştərinin isə həmin əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını, kreditlər üçün nəzərdə tutulmuş faizləri və digər ödənişləri icra etməsi barədə razılaşmışlar. Kartdan istifadə müddəti 60 ay müəyyən edilmişdir.

2. ##.##.2012-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 150 manat məbləğində bərpa olunan kredit xətti açılmış, həmin Razılaşmanın 2.2-ci bəndinə əsasən müştəriyə təqdim edilmiş kartda minimum 12 ay müddətinə, maksimum illik 36 faiz olmaqla, maksimum 10000 manat vəsait yerləşdirilmişdir

3. ##.##.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsələri cavabdeh1, cavabdeh2, X2 və cavabdeh3 müəyyən edilmişdir.

4. X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir.

5. Iddiaçı İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixə İddiaçı ASC ilə X1 arasında bağlanmış ##.##.2013-cü il tarixli, LS*******/** saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5020,33 manat əsas kredit borcu, 7.666,25 manat faiz borcu, 264,09 manat cərimə borcu vardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixli LS*******/** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 5020,33 manat əsas kredit borcu, 7.666,25 manat faiz borcu, 264,09 manat cərimə borcu olmaqla, cəmi 12.950,67 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, bankla X1 arasında ##.##.2013-cü il tarixli LS*******/** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Şubay Hacıyevə 6527 manat kredit vermişdir. Lakin borclu tərəfindən əsas borc və onun faizləri ödənilməmişdir. Hazırda borclunun banka cəmi 12.950,67 manat məbləğində borcu vardır. X3 ##.##.2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər X3nun vərəsələri olaraq müəyyən edilmişlər. Lakin cavabdehlər həmin borcu ödəməkdən yayınmışlar.

8. Məhkəmə iclasında cavabdeh cavabdeh3 izahatında bildirmişdir ki, mübahisələndirilən kredit borcunu ##.##.2013-cü il tarixli kredit müqaviləsi əsasında mərhum atası X1 İddiaçı ASCdən götürmüşdür. Atası ##.##.2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra ##.##.2015-ci il tarixdə o, digər cavabdehlər və qardaşı X2 mərhum X1 vərəsələri kimi müəyyən edilmişlər. X4 II Qarabağ müharibəsi zamanı, yəni ##.##.2020-ci il tarixdə şəhid olmuşdur. Iddiaçı İddiaçı ASC onlara qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırda hesab edir ki, iddiaçı bank borc tələbinə dair iddianı iddia müddəti keçdikdən sonra irəli sürmüşdür. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddia müddətini tətbiq etməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 məhkəməyə ərizə verərək iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər.

10. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı banka aid edilməsi qət edilmişdir (hakim - Z.Allahyarov).

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdehlər isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişlər.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli qərarına istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu halda iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğu an iddia müddətinin başlanğıc anı hesab edilməlidir. Hazırkı mülki işdən də görünür ki, notariat ofisindən vərəsəliklə əlaqədar məlumatlar 2025-ci ildə götürülmüşdür. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Şəmkir rayon notariat kontorunun ünvanlanmış sorğuya sonuncu tərəfindən verilmiş cavabdan və ##.##.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, ##.##.2014-cü il tarixdə vəfat etmiş Ş.Hacıyevin vərəsələri vardır və hazırkı iş üzrə onlar cavabdehlərdir. Lakin mərhumun vərəsələri tərəfindən İddiaçı ASC-yə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişlər. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız Şəmkir rayon notariat kontoruna ünvanlanmış sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsinin tələb edilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti keçmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh1 bildirmişdir ki, mərhum ərinin vəfatından sonra kredit borcundan ödəniş etməmişlər. Cavabdeh cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – İ.Həsənov (məruzəçi), Ş.Rzaquliyev və R.Məcidov).

17. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəməsi qeyd etmişdir ki, iddiaçı bankla mərhum borclu arasında ##.##.2012-ci il tarixdə baş saziş bağlanmış və ##.##.2013-cü il tarixli LS*******/** saylı kredit müqaviləsi üzrə vəsait mərhum borclunun kart hesabına köçürülmüşdür. Öhdəliyin icrası üçün də 60 ay müddət müəyyən edilmişdir. Iddiaçı bank isə ##.##.2025-ci il tarixdə, yəni müqavilə tələbləri üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 382, 1309-cu maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunvericiliyə əsasən iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğu an iddia müddətinin başlanğıc anı hesab edilməlidir. Hazırkı mülki işdən də görünür ki, notariat ofisindən vərəsəliklə əlaqədar məlumatlar 2025-ci ildə götürülmüşdür. Verilmiş apellyasiya şikayətində bu hallar xüsusi ilə vurğulansa da, qeyd edilənlərə səthi yanaşılmış və qətnamə qüvvəsində saxlanılmışdır.

b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

«Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarı

24. Kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377–ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur.

25. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə etdiyi hüquqi mövqeyə görə, borclunun ölümü halında Mülki Məcəllənin 427–ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3–cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar