Məhkəmə qərarları › İş №2(1-8)-137/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-137/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-137/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi, icarə haqqının ödənilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X i, 78v ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı1 ilə iddiaçı2 hər birinin ½ hissə pay ilə xüsusi mülkiyyətindədir. 2. ## ### 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən iddiaçı1 və iddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, X i, 78v ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarədar Cavabdeh MMC-yə icarəyə verməyi, sonuncu isə icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənlərin hər birinə 2326 manat olmaqla, ümumilikdə 4652 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür;

3. ## ###### 2024-cü il tarixli “icarə müqaviləsi üzrə xitam müqaviləsi”nə əsasən icarədar Cavabdeh MMC ilə icarəyə verən iddiaçı1 və iddiaçı2 arasında 07may 2021-ci il tarixdə imzalanmş icarə müqaviləsinə ## ###### 2024-cü il tarixdə qarşılıqlı razılıq əsasında xitam verilmişdir;

4. ## ### 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” haqqında aktın surətindən görünür ki, Cavabdeh MMC-in ## ###### 2024-cü il tarixə icarəyə verənlərə ümumi borcu 67888,26 manat təşkil edir;

5. ## ### 2021-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləməsi barədə məktub ünvanlamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ### 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş qalan 67888,26 manat məbləğində icarə haqqının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 413,3 kv.m olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Onların mülkiyyətində daşınmaz əmlakları olsa da, fərdi sahibkarlıqla məşğul olmur, vergi ödəyicisi kimi qeydə alınmamışlar. Onlar ## ### 2021-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarə müqaviləsi bağlayaraq, ## #### 2026-cı il tarixədək həmin qeyri-yaşayış sahəsini cavabdehə icarə vermişlər. Həmin Müqaviləyə əsasən cavabdeh hər ay hər birinə 2326 manat olmaqla, ümumilikdə isə 4652 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə imzalanan gün onların arasında təhvil-təslim aktı da tərtib edilmiş və həmin aktla onlar icarə obyektini aktda göstərilən ləvazimat və əmlaklarla birlikdə Icarəyə götürənə təhvil vermişlər. Bundan sonra icarəyə götürən 2022-ci ilin noyabr ayınadək icarə haqqını ödəmiş, 2022-ci ilin dekabr ayından 2024-cü ilin fevral ayınadək icarə haqqını ödəməmişdir. Onlar icarəyə götürənə bu barədə bildiriş verərək, icarə haqqını ödəməsini tələb etmiş, əks halda icarə müqaviləsinə xitam verəcəklərini bildirmişlər. Icarəyə götürən icarə haqqını ödəməmiş, ## ###### 2024-cü il tarixdə obyekti onlara təhvil vermiş və aralarında həmin müqaviləyə xitam verilməsi barədə ## ###### 2024-cü il tarixli müqavilə imzalanmışdır. Lakin aralarında bağlanmış icarə müqaviləsi notarial qaydada rəsmiləşdirildiyinə görə, onun ləğv edilməsi barədə müqavilə də notarial qaydada təsdiqlənməlidir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti icarə müqaviləsinə xitam verilən andan icarə obyektini onlara təhvil versə də, icarə haqqını tam ödəməmiş, ## ###### 2024-cü il tarixədək cavabdehin onlara ödənilməmiş 67888,26 manat icarə haqqı qalmışdır. Onlar cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə bildiriş göndərərək onlarla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ### 2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 67888,26 manat məbləğində icarə haqqının 5 gün müddətinə onlara ödənilməsini və bu müddət ərzində ## ### 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə notarial qaydada müqavilə imzalanmasını tələb etmiş, bu müddət ərzində borcun ödənilmədiyi və müqavilənin ləğv edilməsi barədə notarial qaydada müqavilə imzalanmadığı təqdirdə bununla əlaqədar məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Lakin cavabdeh borcunu ödəməmiş, müqavilənin notarial qaydada ləğv edilməsi üçün notariusa gəlməmişdir. Hətta aralarında ## ### 2024-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş, həmin aktla da cavabdeh icarə haqqı üzrə borcunun 67.888,26 manat olmasını etiraf etsə də, həmin pulu bizə ödəməkdən imtina etmişdir.

8. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı1, iddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanılmış ## ### 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, icarə müqaviləsi üzrə ödənilməmiş, ümumilikdə 67.888,26 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 294 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq iddiaçı1 və iddiaçı2 ödənilməsi qət edilmişdir (hakim Rauf Əhmədov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənlərə, hər birinə 2326 manat olmaqla, ümumilikdə 4652 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, öhdəliklərini icra etməmiş, bununla bağlı olaraq ##.##.2024-cü il tarixdə icarə müqaviləsinə müqavilənin hər iki tərəfinin iştirakı ilə xitam verilməsi razılaşdırılmış, habelə ##.##.2024-cü il tarixdə cavabdeh Cavabdeh MMC-nin direktorunun iştirakı ilə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş və icarə müqaviləsi üzrə borcun ##.##.2024-cü il tarixə 67.888,26 manat olması müəyyən edilmiş, tərəflər bu faktı öz imzaları ilə təsdiq etmişlər.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324, 385, 386, 421, 423, 424, 442, 448, 700-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Kirayə müqaviləsinə əsasən kirayəverən əşyanı kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Lakin sözügedən icarə müqaviləsi sənəd üzərində mövcud olsa da faktiki olaraq “xxxx MMC” icarə predmeti olan qeyri-yaşayış sahəsindən istifadə etməmişdir. Yəni qeyd olunan müqavilə formal xarakter daşıyır. Burada məqsəd Cavabdeh MMC-nin maliyyə vəsaitlərini əsassız (qanuni görüntü yaradaraq) əldə etməkdən ibarət olmuşdur. Müqavilə tərəfi olan iddiaçı2 müqavilə bağlanan vaxtı və ondan sonra SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl Ismayılovun müavini olmuşdur və bu icarə müqaviləsi sırf MMC-dən pul silmək məqsədi daşıyırdı. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara obyektiv qiymət verməmiş, işin mühüm əhəmiyyət kəsb edən hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, sözügedən icarə müqaviləsi sənəd üzərində mövcud olmuşdur.

14. Iddiaçıların vəkili nümayəndə1 tərəfindən məhkəmə apellyasiya şikayətinə qarşı etiraz təqdim edilərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

15. Etirazın dəlillərində işin faktiki halları təkrar qeyd edilərək əlavə olaraq göstərilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh ümumiyyətlə iddia ərizəsinə etiraz belə etməmiş, sadəcə işi uzatmaq üçün işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə vəsatət vermiş və məhkəmə vəsatəti təmin etmədikdə isə qərardaddan şikayət verməklə birinci instansiya məhkəməsində işin baxılmasının 9 ay müddətinə uzadılmasına nail olmuşdur. Cavabdehin yeganə arzusu iddia üzrə yekun qərar qəbul edilməsinin qarşısının alınması üçün işin mümkün olan qədər süründürülməsidir. Belə ki, cavabdeh apellyasiya şikayətində əsaslandırdığı hal barədə heç bir sübut təqdim etməmiş, lakin cavabdehin özü tərəfindən təsdiq edilən ## ### 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” haqqında aktdan isə görünür ki, Cavabdeh MMC-in ## ###### 2024-cü il tarixə icarəyə verənlərə ümumi borcu 67888.26 manat təşkil etmişdir. Yəni bu zaman bir sual əmələ gəlir. Əgər bu icarə müqaviləsi formal xarakter daşıyırdısa bu zaman cavabdeh icarə borcunun 67888.26 manat olması barədə “qarşılıqlı borcların üzləşdirilməsi” haqqında aktı niyə təsdiq etmişdi? Cavabdehin apellyasiya şikayətində göstərdiyi halların heç bir əsası yoxdur, cavabdeh icarə müqaviləsində göstərildiyi tarixdən təhvil verilən anadək qeyri-yaşayış sahəsindən icarə hüququ ilə istifadə etmiş və onun bu istifadə üçün icarə borcu yaranmış, hətta həmin qeyri-yaşayış sahəsinə dair notarial qaydada bağlanmış icarə müqaviləsinə xitam verilmədiyinə görə sonradan icarəyə verə bilməmişlər. Birinci instansiya məhkəməsi məhz cavabdehin iştirakının təmin edilməsi üçün dəfələrlə məhkəmə iclasını təxirə salmış, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Yəni birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən istər prosessual hüquq normasını və istərsə də maddi hüquq normasını pozmamış, iş üzrə ətraflı araşdırma aparmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin iddiaçı1, iddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanılmış ## ### 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Günay Axundova və Leyla Əliyeva).

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin müqavilənin formal olaraq bağlanmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, xronoloji ardıcıllığa diqqət yetirilərkən görünür ki, ## ### 2021-ci il tarixli 3M-**** reyestr nömrəli icarə müqaviləsi bağlandıqdan sonra icarə obyektinin təhvil verilməsi rəsmiləşdirilmiş, icarə haqları ödənilmiş, Icarə müqaviləsinə xitam verilməsi rəmiləşdirilmiş, qeyri - yaşayış sahəsi iddiaçılara təhvil verilmiş, hətta ## ### 2024-cü il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt da tərtib olunmuşdur. Hazırkı situasiyada yalnız iradə ifadəsi deyil, həm də müqaviləyə qədərki hərəkətlər, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınarsa, müqavilənin formal olaraq bağlanması, yəni, əqdin etibarsız olması qənaətinə gəlinməsi mümkün deyildir. Icarə haqqının ödənilməməsi isə tərəflərin ## ### 2024-cü il tarixdə imzaladığı “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktla təsdiqini tapır, həmin borc məbləğinin hər hansı bir hissəsinin və ya tamamilə ödənilməsi barədə dəlil irəli sürülməmiş və bu barədə heç bir sübut təqdim olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.1, 421.2, 424.3, 424.5, 433.3, 675, 684.1, 685.1, 685.2, 686, 692.2, 699.1, 700.1, 700.3-cü, MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq Mülki Məcəllənin 675, 700.1-ci həmçinin Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə hansı səbəbdən razılaşdığını və işin mühüm əhəmiyyət kəsb edən hallarını tam və hərtərəfli araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

27. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

28. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya məhkəməsi tərəfindən hər bir iddia tələbi ayrıca müzakirə edilmiş, mübahisəli hallarla bağlı işdəki sübutlar ətraflı tədqiq edilmiş və işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlinmişdir ki, cavabdeh iddiaçı qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etməmiş, ona zərər vurmuşdur. Eyni zamanda cavabdehin etirazında göstərdiyi halların sübuta yetirilmədiyi, bu səbəbdən iddianın rədd edilməsi üçün əsasların aşkar edilmədiyi qənaətinə gəlinmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar