Məhkəmə qərarları › İş №2(1-8)-1383/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1383/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1383/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## #### 2026-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ## #### 2024-cü il tarixli, ***A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədilə illik 18 faiz dərəcəsi (aylıq 1.5 % dərəcəsi) tətbiq edilməklə, 48 ay müddətinə 19950 (on doqquz min doqquz yüz əlli) manat məbləğində kredit vermişdir.

2. ## #### 2025-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə Cavabdeh ## #### 2025-ci il tarixə Banka 18549.78 manat əsas, 1680.75 manat faiz, 418.12 manat cərimə borcu olmaqla, ümumilikdə 20648.65 manat məbləğində borcu vardır.

3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə yaranıb.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı QSC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) 18549.78 manat əsas, 1680.75 manat faiz, 418.12 manat cərimə borcu olmaqla, ümumilikdə 20648.65 manat məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 151.95 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərtləri ilə tanış olmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən Bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirsə də, kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən Bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hazırda Bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehin ## #### 2025-ci il tarixinə Banka 18549.78 manat əsas, 1680.75 manat faiz, 418.12 manat cərimə borcu olmaqla, ümumilikdə 20648.65 manat məbləğində kredit borcu mövcuddur.

6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

7. Cəbrayıl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18549.78 manat əsas, 1680.75 manat faiz, 418.12 manat cərimə borcu olmaqla, ümumilikdə 20648.65 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 151.95 manat dövlət rüsumunun tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Tərlan Nüsrətov)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bankın “20 Yanvar” filialı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni Borclu tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 743.1, 746.1ci, Mülki Prosessual Məcəllənin 119.1, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanması üçün ekspertiza təyin edilməsi və müəyyən olunmuş əsas borc, mütənasib faiz məbləği və cərimə borcuna uyğun yekun qətnamənin çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, kredit müqaviləsi üzrə müəyyən məbləğdə ödəniş edilmişdir. Belə olduğu halda əsas, faiz və cərimə borcunun məbləği ilə razı deyil. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və məhkəmə əsas borc, mütənasib faiz məbləğinin və cərimə borcunun hesablanmasına nail olmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən işə tərəflərin iştirakı olmadan baxılmışdır. Məhkəmə tərəfindən iş materialları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), İlham Əsədov, Aytən Novruzova)

13. Apellyasiya instansiyası məhkəməsi ekspertizanın məhkəmə tərəfindən təyin edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə cavab olaraq, qeyd etmişdir ki, əvvəla, borcun məbləği işdəki maliyyə arayışı və hesabdan çıxarışla təsdiq edilir. Bundan başqa, MPM-in 97.1ci maddəsinə görə ekspertizanın məhkəmə tərəfindən təyin edilməsi imperativ xarakterli norma olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza keçirilməsinə zərurət görmədiyindən iddiaçı tərəfindən verilmiş sənədləri mötəbər sübut kimi qəbul edərək, qətnamə çıxarmışdır.

14. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, cavabdeh ekspertiza keçirilməsinin zəruruliyini əsaslandıra bilməmiş, bu barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya mərhələsində ekspertiza keçirilibkeçirilməməsinin

15. mümkünlüyü məsələsinə münasibət bildirərək onu da diqqətə çatdırmışdır ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

16. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin.

17. Göründüyü kimi qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki cavabdeh həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclaslarından xəbərsiz olması barədə dəlillərini də əsassız sayaraq vurğulamışdır ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasına dair bildirişi (işin 42-ci səhifəsi) ##.##.2025-ci il tarixdə cavabdehin yaşayış ünvanında təqdim edilmiş və onun yoldaşı Mayisə Vəliyeva tərəfindən qəbul olunmuşdur. Həmçinin, ##.##.2025-ci il tarixli məhkəmə iclası bildirişi (işin 55ci səhifəsi) ##.##.2025-ci il tarixdə cavabdehin yaşayış ünvanında təqdim edilmiş və onun qızı Məmmədli Nilufər tərəfindən təhvil alınmışdır. Bundan əlavə, iş materiallarında mövcud olan SMS bildirişlərdən müəyyən edilir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar cavabdehin şəxsi istifadəsində olan və apellyasiya şikayətində də göstərdiyi mobil telefon nömrəsinə göndərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə göstərilən bu hal cavabdehin məhkəmə icraatının gedişi barədə lazımi qaydada məlumatlandırıldığını, onun prosesdə iştirak etmək, etiraz və vəsatətlərini təqdim etmək imkanının mövcud olduğunu göstərir. Belə olan təqdirdə, cavabdehin məhkəmə araşdırmasında iştirak etməməsi və ya müvafiq vəsatətləri vaxtında irəli sürməməsi öz prosessual davranışının nəticəsi kimi qiymətləndirilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən apellyasiya mərhələsində yeni prosessual tələblərin irəli sürülməsi üçün hüquqi zəminin mövcud olmadığı qənaətinə gəlmişdir.

21. Bundan əlavə, ekspertizanın təyin edilməsi və keçirilməsi mahiyyət etibarilə yeni sübutun əldə edilməsinə yönəlmiş prosessual hərəkət kimi çıxış edir. Belə ki, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsində irəli sürməsinin onun iradəsindən asılı olmayan səbəblərlə mümkün olmadığını əsaslandıra bilməmiş, bu xüsusda hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə şəraitdə apellyasiya instansiyasında ekspertiza təyin olunması faktiki olaraq yeni sübutun toplanmasına xidmət edir ki, bu da mülki prosessual qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərlə uzlaşmır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 385.1, 425.1, 442, 448.1, 739.1 və 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

31. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 13-22-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.

32. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatətinə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət vermiş, sübutları MPM-in 88ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

33. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir ki, bu dəlillər də yuxarıda qeyd edildiyi kimi apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi də onlara tam qiymət verib. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlillərlə bağlı əlavə şərhə zərurət görmür.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar